Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın bölgələrində də anılıb

 

 

 

 

 

 

 

Sumqayıt

 

Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirildi. İdarə və müəssisələrdə, məktəblərdə, mədəniyyət ocaqlarında qətliamın ildönümünə həsr olunmuş mərasimlər keçirildi, sərgilər təşkil edildi.

Dünən səhər isə şəhər ictimaiyyətinin nümayəndələri faciə qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanında cəmləşmişdi. Mərasimin əvvəlində bir gecədə erməni qəsbkarları və Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri tərəfindən yer üzündən silinmiş Xocalının acı taleyi barədə məlumat verildi. Bildirildi ki, misli olmayan amansız qətliamın dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidməti olmuşdur. Faciə qurbanlarının əziz xatirəsi  bir dəqiqəlik sükutla anıldı. Sonra qanlı gecənin dəhşət saçan səhnələri Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının ifasında hazırlanmış bədii kompozisiya ilə canlandırıldı. Bu qanın yerdə qalmayacağına, işğal altında inləyən bütün torpaqlarımızın düşməndən təmizlənəcəyinə inam hissləri ifadə edildi. 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı kollektivlərin təmsilçiləri burada ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələri düzdülər. Şəhər rəhbərliyi mərasimə gəlmiş Xocalı sakinləri ilə görüşdü. Zakir Fərəcov həmin hadisələrdən salamat çıxsalar da, ürəkləri nisgillə dolu olan, 26 ildən bəri didərginlik taleyi yaşayan insanların  güzəran qayğıları ilə maraqlandı, hamısına səbr dilədi. Xocalı qaçqınları diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

 

Lənkəran

 

Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur.

Faciənin 26-cı ildönümü ilə əlaqədar fevralın 26-da şəhərin mərkəzində, “Azərbaycanlıların soyqırımı qurbanları” xatirə parkındakı Ana heykəli qarşısında  anım mərasimi keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etdilər. Mərasimdə gənclərin ifasında musiqili bədii kompozisiya səsləndirildi.

Sonra xatirə tədbiri Lənkəran Dövlət Dram Teatrında  yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” tamaşası ilə davam etdirildi. 

 Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar şəhərin Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilərək soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

Masallı

 

Əsrin faciəsi adlanan Xocalı qətliamının 26 illiyi münasibətilə Masallı rayonunda silsilə tədbirlər həyata keçirilib.

Şəhərin “Qəhrəmanlar parkı”nda soyqırımı qurbanlarının anım mərasimi yaddaqalan olmuşdur. Öncə Masallı Regional Mədəniyyət və Turizm idarəsi Xalq Teatrı aktyorlarının və Masallı Dövlət Regional Kolleci tələbələrinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər və Xocalıdan olan məcburi köçkünlər soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər gül dəstələri düzərək onların xatirisənə ehtiramlarını ifadə edib və həlak olanların ruhuna dualar oxuyublar. 

Həmin gün şəhər Mədəniyyət Mərkəzində Masallı Dövlət Regional Kollecinin faciə qurbanlarının xatirəsinə həsr olunmuş növbəti tədbiri  təşkil olunub. Soyqırımı qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin müəllimi Kəmalə İmanovanın məruzəsi dinlənilib. Azərbaycan Prezidenti yanında Bilik  fondunun mühazirəçisi Şəhla İbişova hadisəni xalqın tarixi faciəsi kimi qiymətləndirib, “Xocalı şəhidləri danışır” kitabını kollecin kitabxanasına təqdim edib. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun ideya müəllifi olduğu həmin kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr edilib.  

Sonra faciə qurbanları tələbələrin ifasında “Şəhid şəhər Xocalı” tamaşası ilə anılıblar.

 

Şamaxı

 

Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri tərəfindən Soyqırımı abidəsi ziyarət edilmiş, abidənin önünə tər qərənfillər düzülmüşdür.

Tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Xocalı facəsinə siyasi hüquqi qiymət verildi. Daha sonra 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Hazırda ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində yorulmaq bilmədən çalışır. Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.

Daha sonra tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı tələbələrinin və şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəb şagirdlərinin hazırladığı “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompazisiya ilə davam etmişdir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı faciəsini əks etdirən “Xocalı qətliamı” adlı sənədli filmə baxılmışdır.

 

İsmayıllı

 

İsmayıllıda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar 26 fevral 2018-ci il tarixdə “Ana harayı” abidəsi kütləvi ziyarət edilib.  Bu günə qədər idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil orta məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib.

Faciə günü saat 10-da mərkəzi meydanda toplanmış 6 mindən çox İsmayıllı sakini  rayon icra hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə doğru hərəkət edib. Ziyarətçilərin önündə Xocalılıların ruhunu əks etdirən libasda və “Xocalı-26” yazısını əllərində tutan gənclər gediblər.

İştirakçılar əllərində  faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq mərkəzi meydandan soyqırımı  abidəsinədək yürüş ediblər. Abidənin qarşısında dövlət qulluğu veteranı Valeh Salehov həmin faciənin erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparılmasından danışaraq qisas gününün yaxın olduğunu bildirib.  Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri qoyulub.

Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Zaqatala

 

Zaqatala rayonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda məskunlaşmış Xocalı məcburi köçkünləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

öncə tədbir iştirakçıları Soyqırımı abidə kompleksini ziyarət etmiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.  Sonra rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın “Xocalının səsi” adlı məruzəsi dinlənilmişdir. Natiq vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 26 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmiş, həmin gün Xocalıda 10 ailənin tamamilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini xüsusi vurğulamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.

Sonra tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  layiqincə davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsil səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyir. Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar.

Daha sonra tədbirdə iştirak edən xocalılılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış 29 Xocalı məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir.

 

Balakən

 

Xocalı faciəsinin 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da geniş şəkildə qeyd olunub.

Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına
uyğun olaraq idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilib, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər  təşkil edilib, fevralın 26-da  rayonun ümumtəhsil məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunub.

Faciənin ildönümü ilə bağlı rayon icra hakimiyyətində  Xocalı şəhərindən köçkün düşərək Balakən rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Mərasimdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki,  bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb.

Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə, ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə çıxış edən xocalılılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını  qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra ”Şəhidlər xiyabanı”nda vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.

Tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş sərgiyə baxıblar.  Daha sonra rayon mədəniyyət işçilərinin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Qubadlı

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı sərəncama uyğun olaraq Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir.

 Bu tədbirlərin yekunu olaraq Qubadlı Bəhmən Mehdiyev adına  şəhər 2 nömrəli tam orta məktəbdə “Xocalı – qan yaddaşımız” adlı ümumrayon tədbiri keçirildi.  RİH –nin  və YAP Qubadlı  rayon təşkilatının  birgə  keçirdiyi tədbirdə rayonun  məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, eyni zamanda, Xocalı faciəsinə həsr edilmiş “Qırğın” kitabının müəllifi Əliağa Cəfərov iştirak edirdi.

Tədbirdə qeyd olundu ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni cəlladları öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir.

Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda Xocalı hadisələrinin  dünyada tanıdılması  Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların  qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun  gördüyü işlər olduqca təqdirəlayiqdir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri, 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2008-ci il mayın 8-də başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı faciəsini  artıq dunyada tanıtmışdır. bir sıra ölkələr – Meksika, Pakistan, Kolumbiya və daha 12 ölkə, o cümlədən ABŞ-ın 22 ştatı Xocalı hadisələrini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyan qətnamələr qəbul etmişlər.

Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 Əli NƏCƏFXANLI,
 İlqar HƏSƏNOV,
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında