“Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etmək bütün soydaşlarımızın mənəvi borcudur

 

 

 

 

 

 

 

 

 

 

 


Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır.

Heydər ƏLİYEV
Ümummilli lider

 


Erməni qəsbkarlarının yüz illər boyu xalqımıza qarşı törətdiyi terror və təxribatların öz layiqli cavabını alması üçün çoxsaylı müraciətlər, bəyanatlar, çıxışlar oxumuşuq. Həmin sənədlərin hamısı ədalətli, qətiyyətli, tarixi dəlil-sübutlarla əsaslandırılmış mənbə kimi yüksək qiymətləndirilir. Ancaq etiraf etməliyəm ki, həm azərbaycanlıların soyqırımı, həm 20 Yanvar faciəsi, həm də Xocalı faciəsi barədə ən dəyərli fikirləri ulu öndərimiz Heydər Əliyevin dilindən eşitmişik.

Ümummilli liderimiz Xocalı faciəsi barədə danışarkən demişdir: “Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacağıq, kömək edəcəyik, erməni qəsbkarlarının qarşısını da alacağıq. Torpaqlarımızı da azad edəcəyik və xalqımızı, respublikamızı bu böhran vəziyyətindən də çıxaracağıq”.

Ulu öndər Azərbaycan xalqına bu cümlələrlə müraciət edəndə hələ müstəqil Azərbaycanın Konstitusiyası da qəbul edilməmişdi, ölkə iqtisadiyyatının ağır günləri də davam edirdi, o ağır faciələrin yaraları da sayalanmamışdı. Amma cəbhədə atəşkəsə nail olunmuş və dünya tarixinə “Əsrin müqaviləsi” kimi düşən möhtəşəm sənəd imzalanmışdı. Həmin günlər bizim ən böyük sərvətimiz xalqın Heydər Əliyevə olan inamı və Heydər Əliyevin öz xalqına xidmət etmək istəyi idi. Nəticədə biz qüdrətli, müstəqil Azərbaycan dövləti yaratdıq və bu dövlət erməni qəsbkarlarının törətdiyi bütün cinayətlərin, o cümlədən Xocalı faciəsinin dünya ictimaiyyətinə məhz tarixi faktlar əsasında çatdırılmasını təmin etdi.

Mən Xocalı faciəsi barədə kitablarda, ölkənin aparıcı kütləvi informasiya vasitələrində, Prezident Kitabxanasının elektron resurslarında, Heydər Əliyev Fondunun rəsmi sənədlərində, müxtəlif dövlət qurumlarının və nazirliklərin saytlarında verilmiş materialların əksəriyyəti ilə tanışam. Daha doğrusu, bir vətəndaş borcu olaraq bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumatları izləyirəm. Etiraf edim ki, Xocalı faciəsi barədə nə isə öyrənmək məqsədilə əl atdığın istənilən mənbə sənə yetərincə məlumat verir. Ancaq onu da etiraf etməliyik ki, artıq bizi o məlumatlar deyil, faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər və həmin təbliğatın nəticələri maraqlandırır.

Qətiyyətlə deyə bilərik ki, bu istiqamətli ən yaxşı materialları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə yaradılmış “Xocalıya ədalət!” kampaniyasının sənədləri arasında tapırıq. Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) – Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Həm adıçəkilən kampaniyanın saytında, həm də Leyla Əliyevanın şəxsi veb-səhifəsində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası haqqında kifayət qədər material vardır. Mən onlardan biri barədə söz açmaq istəyirəm. Haqqında danışmaq istədiyim tədbir ötən il keçirilsə də, bu kampaniyanın əhəmiyyətinin göstəricisi kimi kifayət qədər maraqlıdır.

“Moskvada Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib” adlı materialda bildirilir ki, Rusiya paytaxtındakı “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib. Bildirilir ki, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən təşkil edilmiş xatirə gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Daha maraqlı məqam isə ondan ibarət idi ki, Konqres salonunun foyesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən ədəbiyyat, bukletlər təqdim olunmuş, “Xocalının 25 sakininin taleyi” adlı sərgi açılmışdı.

Ancaq təşkilatçılar faciənin miqyası barədə təsəvvür yaratmaq məqsədilə bilavasitə canlı şahidlərin sözündən istifadə etməyi üstün tutublar. Xocalı sakini Dürdanə Ağayevanın “8 gün erməni əsirliyində. Xocalılı qızın xatirələri” kitabının təqdimatı olub. Kitabda Xocalı soyqırımını yaşamış və ermənilərə əsir düşmüş 20 yaşlı azərbaycanlı qızın faciəli taleyindən söhbət açılır. Xatirə gecəsində iştirak edən D. Ağayeva erməni əsirliyində yaşadığı dəhşətlərdən, məruz qaldığı amansız işgəncələrdən, faciəli hadisələrdən sonrakı həyatından və bu hadisələrin onun taleyində və yaddaşında buraxdığı qorxunc izlərdən söhbət açıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın yuxuda olan Xocalı şəhərini işğal edərək 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilib, 1275 adam əsir götürülüb. Deyilənə görə, zaman yaraları sağaldır, acı anlar yaddaşdan silinir. Amma zaman bizim yaraları sağaltmaqda acizdir. Xocalı qurbanları yaddaşımıza əbədi həkk olunub”.

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınan sülhsevər ölkədir. Əsrlərdir ölkəmizdə müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri dinc şəraitdə yaşayır, qonşu ölkələrlə mehriban münasibətlərimiz var. Amma bu gün rəhmsiz olmağa hazırıq, çünki ərazi bütövlüyümüzü müdafiə edirik, öz torpağımız uğrunda mübarizə aparırıq.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, bu kampaniya dünya birliyinə Xocalı faciəsi haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Bu günlər dünyanın, demək olar, bütün ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir. Heydər Əliyev Fondu konfranslar, seminarlar, sərgilər təşkil edir, filmlər çəkir, kitablar nəşr edir. Fondun xətti ilə Vilnüs, Bern, Afina, London və Parisdə matəm konsertləri olub, Berlində sərgi təşkil edilib, Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən söhbət açan “Sonsuz dəhliz” filminin ABŞ-da da təqdimatı olub. Bu film münaqişə tərəflərinin heç birinə aidiyyəti olmayan, böyük bəşəri dəyərlərə malik insanlar tərəfindən çəkilib.

Əlavə edək ki, “Xocalıya ədalət!” kampaniyası dünyanın onlarla dövləti tərəfindən dəstəklənir. Meksika, Kolumbiya, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama, Honduras, İndoneziya parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ötən il Cibuti Milli Assambleyası və Şotlandiya parlamenti də Xocalı soyqırımını pisləyən qətnamələr qəbul ediblər.

Erməni vandalizminin ən qanlı aksiyalarından olan xocalı faciəsi barədə qələmə aldığımız sətirləri bilavasitə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fikirləri ilə tamamlayırıq: “Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının əzmi qırılmayıb və bu gün Azərbaycan güclü, müstəqil və inkişaf edən ölkədir. Xocalı qurbanlarının xatirəsi bizim düşüncələrimizdə, gördüyümüz işlərdə və qəlbimizdə yaşayır. Biz inanırıq ki, ədalət tezliklə zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün sakinlər, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar”.

Gözəl İSGƏNDƏROVA,
Zaqatala rayonu,
2 saylı Notariat Kontorunun xüsusi notariusu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında