Xocalı faciəsi: “məzlum” ermənilərin bəşəri cinayətlərinin qanlı səhifəsi

 

 

 

 

 

 

 

 

 

 


Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır...

Heydər ƏLİYEV
Ümummilli lider

 


Ölkəmizə qarşı ərazi iddiaları ilə yaşayan, azərbaycanlılara qarşı terror, təxribat, soyqırımı aktlarından bir an belə əl çəkmək istəməyən ermənilər və onların havadarları elə bir il olmayıb ki, hansısa xəyanətə imza atmasınlar. Çar Rusiyası dövründə də belə olub, SSRİ dövründə də.

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov özündən əvvəlki bütün rəhbərlərdən fərqli olaraq, erməni sevgisindən qaynaqlanan xəyanətkar əməllərini zərrə qədər də olsun, gizlətmək istəmir, açıq-açığına ermənipərəstlik nümayiş etdirirdi. Məhz elə ona görə də ötən əsrin sonunda xalqımıza və dövlətimizə qarşı törədilən bütün cinayətlərin təməlində məhz Mixail Qorbaçovun “xeyir-duası” dayanırdı. Elə Xocalı soyqırımına aparan yolda da Mixail Qorbaçovun mənfur izləri görünür.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində fəaliyyət göstərən Prezident Kitabxanasında xalqımızın başına gətirilmiş bütün müsibət və faciələr kimi Xocalı soyqırımı haqqında da kifayət qədər elektron resurslar toplanmışdır. Üstəlik, həmin materialların təkcə ana dilimizdə deyil, rus və ingilis dillərində olması da ( bəzi materiallar daha çox dilə tərcümə edilib) bu faktların dünya miqyasına çıxarılmasını asanlaşdırır.

Prezident Kitabxanasının tərtib etdiyi “XX əsrin faciəsi – Xocalı soyqırımı” elektron layihəsi XX yüzilliyin sonlarında törədilmiş, bəşər tarixinin ən böyük faciələrindən biri – Xocalı soyqırımı haqqında tammətnli elektron nəşrdir. “XOCALI SOYQIRIMI”, “RƏSMİ MATERİALLAR”, “XOCALI FACİƏSİNİN ƏKS-SƏDASI”, “XOCALIYA ƏDALƏT!”, “XOCALI SOYQIRIMININ TANINMASI” və “ELEKTRON RESURSLAR” adlı altı bölmədən və 430 səhifədən ibarət olan həmin elektron nəşrdə Xocalı faciəsi ilə bağlı istənilən faktı, rəqəmi, tarixi sənədi tapmaq mümkündür.

Orada qeyd edilir ki, 1988-ci ilin fevral ayından Stepanakertdə (Xankəndi-red.) ermənilərin mitinqləri başlandı. Sanki sehrli dirijor çubuğu ( mənfur iz – red.) ilə idarə olunan mitinqlər sakit məcrada davam edir, ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı rəhbərliyi həmin mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti ört-basdır edirdi. Keçmiş sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll edilməsi ilə bağlı qərar qəbul etməklə kifayətlənirdi. Qərarın mürəkkəbi qurumamış Azərbaycanın var-dövləti Stepanakertə daşınmağa başlandı. Ermənilərə də elə bu lazım idi...

1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından -- Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər erməni daşnaklar 230-a yaxın azərbaycanlı evini yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər.

Unutqanlıq isə həmişə yeni faciələrə yol açır. O vaxt Yerevanda nəşr olunan “Kommunist” qəzeti belə bir informasiya dərc etmişdi ki, erməni özünümüdafiə şurasının sədri Arturyan və həmin şuranın üzvü Mkrtıçyan Şuşa rayonunun Verdadzor kəndinə səfərdən sonra Yerevana qayıdaraq, bütün erməniləri Dağlıq Qarabağa səfərbərliyə səsləyiblər. Və təbii ki, bu çağırış cavabsız qalmadı. Erməni daşnak-könüllülərin Qarabağa axını başladı və Azərbaycanın bu regionu qaynar qazana çevrildi.

1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov daha “uzaqgörən” bir göstəriş vermişdi: “Azərbaycan və erməni kəndləri arasında barışıq müqaviləsi bağlansın”. Bu mənasız göstərişi dəstəkləyən bir çox ziyalılar, əmək qabaqcılları, pedaqoqlar televizorda, qəzet səhifələrində çıxış edərək deyirdilər: “Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoşun düzəltsələr, onda nə baş verə bilər? İki millət bir qarış torpaqdan ötrü bir-birini qırıb məhv etsinmi?”

Stepanakertdə nəşr olunan “Sovetski Karabax” qəzeti isə 1990-cı il 10 iyul tarixli sayında yazırdı: “Artsax iqtisadi suverenlik qazandı” və bu münasibətlə ermənilər Moskvanın Dağlıq Qarabağdakı Rusiya “canişini” Volskinin xidmətlərini xüsusi qeyd edirdilər. Elə həmin il Ermənistan Ali Sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qərara qədər isə Ermənistanda 140 min nəfərə yaxın üzvü olan silahlı dəstələr yaradılmış və Dağlıq Qarabağa göndərilmişdi. Azərbaycan tərəfi isə Moskvadan kömək umur, nicat gözləyirdi. Nəhayət, erməni-daşnak silahlı qüvvələri Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladılar.

1991-ci ilin oktyabr ayında Mardakert rayonunun İmarət-Qərvənd (Kərəmli) kəndi erməni silahlı dəstələri tərəfindən yandırıldı, onlarla dinc sakin qətlə yetirildi. Bunun ardınca Tuğ, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı kəndləri erməni daşnak ordusu tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına qədər, yəni beş ay müddətində ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, “təmizləmişdilər”. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırımı törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı. Halbuki, xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar.

Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-göy qan ağlayırdı. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı sakini Kamil Hüseynov o dəhşətli günləri belə xatırlayır:

“Ermənilər Xocalıya girəndən sonra hər tərəfi oda qalayır, qarşılarına çıxan azərbaycanlıları sorğu-sualsız güllələyirdilər. Fevralın 26-da gecə saat 10-11 radələrində meşə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda, qadınlarda, uşaqlarda taqət qalmamışdı. Vahimə, soyuq və aclıq bizi heydən salmışdı. Şərqiyyə adlı qadın və bir yaralı əsgər gözlərimin qarşısında keçindi. Ermənilər yaşayan Dəhraz kəndi yaxınlığında mühasirəyə düşdük və bu zaman 5-6 nəfər həlak oldu. İki gün bizi Dəhrazda saxladılar. Girov götürülən 12 nəfər cavanı bir qədər aralıda güllələdilər. 35 gün erməni əsirliyində ən dəhşətli, işgəncəli anlar yaşadıqdan sonra Qırmızı Xaç Komitəsi tərəfindən əsirlikdən azad oldum”.

Həmin vaxt 15 yaşı olan Salman Qasımov anası, qardaşı və qohumları ilə birlikdə 12 gün ac-susuz meşələrdə qalmış, dəhşətli anlar yaşamışdır. Xocalı soyqırımı zamanı 10 yaşı olan Ədalət isə başlarına gətirilənləri belə nəql edir: “Fevralın 25-i idi. Gecə ermənilər Xocalıya hücum etdilər. Hərə bir tərəfə qaçırdı. Atam, anam və qardaşımla birlikdə meşəyə tərəf qaçdıq. Üç gün meşədə ac-susuz qaldıq. Yanımızda bir neçə nəfər soyuqdan donaraq öldü. Qəflətən ermənilər bizi atəşə tutdular. Atam və anam həlak oldu. Hər ikisinin meyiti qarın üstündə qalmışdı. Gücümüz çatmırdı ki, onların cəsədini kənara aparaq. Sonra bizi xilas etdilər. Atamı və anamı Bərdə rayonunda dəfn etdik”.

Elektron resursda qeyd edilir: “Erməni vəhşiliyinin iç üzü budur! Türk qanına susayan erməni-daşnaklarının törətdikləri soyqırımı, bu dəhşətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarşısında baş verib”.

 Ən dəhşətli faktlardan biri isə o idi ki, həmin gün gecədən xeyli keçmiş Xocalıdakı vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxunmuş və bildirilmişdi ki, qarşıdurmalar nəticəsində iki nəfər Xocalı sakini həlak olub.

Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında