Xocalı soyqırımı - qan yaddaşımızın fəryadı

Xətai Rayon İcra Hakimiyyətinin iş planında, azərbaycanlıların soyqırımı kimi bəşər tarixinə yazılmış Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirlərinin keçirilməsi  geniş yer almışdır. Bu günlər rayonun orta ümumtəhsil məktəblərində, səhiyyə müəssisələrində, idarə və təşkilatlarda keçirilən tədbirlərdə faciə qurbanlarını anmaqla yanaşı, xalqımızın başına gətirilən bəlaların tarixi kökləri və bu faciənin dünyada soyqırımı aktı kimi tanınması istiqamətində dövlətimizin gördüyü işlər barədə geniş məlumat verilmişdir.

Rayon ictimaiyyəti nümayəndələrinin, təhsil işçilərinin, gənclər və idman idarəsinin dəvət edildiyi tədbirlər sırasında rayonun Heydər Əliyev adına liseyində keçirilmiş anım mərasimi xüsusi maraqla qarşılanmışdır. Toplantıda Xocalı faciəsi barədə geniş çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirmişdir ki, 26 il əvvəl Ermənistan silahlı birləşmələrinin Xocalıda azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Bu gün dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Xalqın bu dəhşətli faciəsi Azərbaycan dövləti tərəfindən öz əsil hüquqi-siyasi qiymətini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  almış və məhz onun 1994-cü il fevralın 24-də imzaladığı sərəncamla hər il fevralın 26-sı Xocalı soyqırımı günü elan olunmuşdur.

Natiq qeyd etdi ki, Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 25 fevral 2002-ci il tarixli müraciətində deyirdi: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsil soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur”.

J.Abdıyeva vurğuladı ki, ulu öndərin qarşımıza vəzifə kimi qoyduğu bu işlər Prezident  İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və  Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva tərəfindən qətiyyətlə və ardıcıllıqla həyata keçirilmişdir.  Azərbaycan dövlətinin yürütdüyü müdrik xarici siyasət və Leyla xanım Əliyevanın layihəsi olan “Xocalıya ədalət” kampaniyası sayəsində bu gün onlarca ölkədə Xocalı faciəsinə siyasi qiymət verilmiş və Ermənistan ordusunun törətdiyi bu qətliam azərbaycanlıların soyqırımı aktı kimi tanınmışdır. İndi əminliklə deyə bilərik ki, ulu öndərin səsləndirdiyi; “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir”  kimi gerçək tarixi fakta artıq dünya ictimaiyyəti də biganə qalmır və bunu Xocalı soyqırımı kimi tanıyır.

Tədbirdə çıxış edən digər natiqlər də  son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın hakim dairələrinin və ideoloqlarının əmri ilə erməni silahlı dəstələrinin həyata keçirdiyi bu bəşəri cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində görülən işlərdən,  Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması ilə bağlı geniş məlumat verdilər.

Çıxışlardan sonra “Xocalı soyqırımı - qan yaddaşımızın fəryadı” adlı ədəbi-bədii kompozisiya və “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirildi. 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında