“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın preambulasına və ilk maddəsinə nəzər salırıq (9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının Qətnaməsi ilə qəbul olunmuş və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu sənəd 2010-cu ildə Bakıda Azərbaycan dilində nəşr edilib). Orada yazılır: “Tərəflər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 19 dekabr 1946-cı il tarixli qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və ruhuna zidd olan cinayət olduğunu və sivil dünyanın onu pislədiyini, tarix boyu soyqırımın bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu çirkin fəlakətdən xilas etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyinə əmin olduğunu nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəlirlər:
Maddə 1.
Razılığa gələn Tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər”.
Yəni, dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ali məclisi Xocalı faciəsi qismində olan soyqırımı aktlarının qarşısının alınması və onu törədən cinayətkarların cəzalandırılması kimi mühüm, beynəlxalq öhdəlik götürür. Bəs nəticə hanı? Xocalı soyqırımını törətmiş və həmin alçaqlığı qəhrəmanlıq kimi qələmə verərək dəfələrlə etiraf etmiş qatil nəinki cəzalandırılmayıb, hətta, Azərbaycan və erməni xalqlarının qanını tökərək dövlət başçısı vəzifəsini mənimsəyərək, BMT Baş katibi ilə eyni tribunadan danışmaq hüququ qazanmışdır. Hanı bu dünyanın ədaləti, hanı mizan-tərəzi? Hanı Azərbaycanda dana oğurladığına görə həbs olunmuş kimisə siyasi məhbus elan edərək, insan hüquqlarından dəm vuran hüquq müdafiəçilərinin səsi? Məgər yandırılaraq xəritədən silinən bir şəhərin soyqırımına məruz qalmış əhalisinin hüquq və azadlıqları yox idimi? Əlbəttə, var idi. Amma həmin hüquqları erməni qatillərinin cinayətlərinə ortaq olan Qərb siyasətçiləri qulaqardına vurmaqla öz həqiqi simalarını ortaya qoyurlar.
...Sayı 50 milyondan artıq olan bütün soydaşlarımızın yekdil qərarı belədir ki, Xocalı yarası qəlbimizi həmişə sızladacaq. Doğrudur, beynəlxalq aləmdəki ikili standartdan əl çəkə bilməyən siyasətçilər və ermənipərəst dairələr 20 Yanvar və Xocalı faciələrinin indi olmasa da, nə zamansa unudulması məqsədilə çoxsaylı variantlar üzərində işləyirlər. Ancaq ulu öndər Heydər Əliyevin bu məzmunlu çıxışları, xalqa müraciətləri, müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, 2003-cü ilin payızından etibarən dövlətimizin və dövlət başçımızın bu istiqamətli fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər, xüsusən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılaraq, bütün dünyada layiqli əks-sədasını tapan “Xocalıya ədalət!” kampaniyası hansısa azərbaycanlının bu faciəni unutmasına imkan verməyəcəkdir.
Ümummilli liderimiz tarixi çıxışlarından birində demişdir: “1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir”.
Xocalı həqiqətləri Azərbaycan Prezidenti Administrasiyası ilə AZƏRTAC-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı, 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş “Xocalı. XX əsrin soyqırımı” kitabında daha müfəssəl şəkildə öz əksini tapmışdır. Orada bildirilir ki, Xocalı faciəsi Cənubi Qafqazda və Şərqi Anadoluda həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasətin 100 ildən artıq tarixi vardır. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir.
Təəssüf ki, müəyyən dövrə qədər erməni millətçiləri havadarlarının dəstəyindən istifadə edərək, öz niyyətlərinə nail ola bilmişlər. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etmişdir. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınmışdır.
Qeyd edilir ki, Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon -- Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları on illərdir ki, işğal altındadır. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırımı cinayəti törədilmişdir. Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra kəndlərdə əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Bu, insanlığa qarşı cinayətdir.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bununla yanaşı, XX əsrdə erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq Prezidentin fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Xocalı soyqırımının parlamentdəki müzakirəsində Milli Məclisin sədri əminliklə söyləmişdir ki, Azərbaycan rəhbərliyinin apardığı siyasət nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün iştirakçıları layiqli cəzalarını alacaqlar: “Dövlətimiz dinamik inkişaf edir və onun hərbi qüdrəti gündən-günə artır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən təzyiq də güclənməkdədir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir”.
Bu faciənin bütün ildönümlərində olduğu kimi, bu il də soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla yad ediləcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Sənəddə Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulur.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər göstəriləcək. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq.
Fevralın 26-da isə təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Bütün bunların isə bir adı var: Azğın düşmənin zülmündən zərərdidə olmuş hər bir soydaşımızın xatirəsi dövlətimizin də yanında əzizdir, xalqımızın da. Dövlət də onların ruhunu ehtiramla yad edir, hər bir soydaşımız da. Ən böyük ehtiramımız isə Xocalının düşmən tapdağından azad edilməsi olacaq.
Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.