Xocalı soyqırımı — bəşəriyyətə qarşı müdhiş cinayət

Dünyanın ən dəhşətli faciəsi

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub.  İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarına davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Bu günədək 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Keçmiş döyüşçü, Ağdam rayonu Əhmədavar kənd sakini Oruc Cabbarov 24 il əvvəl şahidi olduğu dəhşətli hadisələri belə xatırlayır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya üç istiqamətdən hücum etdi. Xocalıda olan təqribən 2500 sakin şəhəri tərk edərək, Ağdam rayonu istiqamətində qaçmağa məcbur oldu. Onu da bildirim ki, hələ faciədən 10 gün əvvəl Xocalıya yol açılacağı ilə bağlı məlumat verilmişdi. Biz də postlarda hazır vəziyyətdə gözləyirdik. Lakin yol açılmadı. Fevralın 25-dən 26-na keçən gecə atəş səsləri eşitdik. Bildik ki, ermənilər Xocalıya hücuma keçiblər. Cəbhəni yarıb xocalılılara kömək etmək qərarına gəldik. Fevralın 26-sı səhər tezdən silahdaşlarımla Qaraqaya yüksəkliyini ələ keçirdik. Xocalıdan Ağdam istiqamətinə qaçan insanların necə vəhşiliklə qətlə yetirildiyinin şahidi olduq. Qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla öldürülmüşdülər. Bu vəhşiliyi sözlə ifadə etmək çox çətindir”.

O.Cabbarov və silahdaşları daha sonra Əskəran qalasının yaxınlığında ermənilərin pusqusuna düşmüş insanları xilas ediblər. “Onlar vahimə, qorxu və həyəcan içində idilər. Yüzə yaxın Xocalı sakinini oradan çıxarıb Ağdama gətirdik. Aralarında yaralananlar, don vuranlar da vardı. Bu əməliyyatda bizim də yoldaşlarımızdan bir neçəsi şəhid düşdü, yaralandı”, - deyə O.Cabbarov vurğulayır.

Göründüyü kimi, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biridir. Bu faciə Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşən qanlı bir hadisədir. Xalqımız davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb,  tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar kütləvi qırğınlarla müşayiət olunub.

Xocalının  işğal edilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə,  bu şəhəri yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış yeri idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalçılarının silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Belə ki, 7 min  əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da məhz bu şəhərdədir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər də  qalmaqdadır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuub. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşən 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulan azərbaycanlıların bəziləri də  Xocalıda məskunlaşmışdılar. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

“Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.

Xatırladaq ki, “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya hazırda dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. “Xocalıya ədalət!”  kampaniyasının nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Eyni zamanda, beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də sabiq prezident Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Bu məqamda məşhur britaniyalı jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan aldığı müsahibədən kiçik bir hissəsini xatırlatmaq yerinə düşər: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.

Sarkisyanın bu etirafı Xocalı qətliamının əvvəlcədən planlaşdırılmış və qorxutmaq məqsədilə törədilmiş akt olduğunu bir daha sübut edir. 

Xalqımız Dağlıq Qarabağ münaqişəsinin ədalətlə tənzimlənəcəyinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına ümid edirlər. Hamımız inanırıq ki, dünya ictimaiyyəti Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə laqeyd qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımına gec-tez hüquqi qiymət verəcək, bu qanlı cinayətin törədilməsində təqsirkar olanların hamısı barəsində layiqli hökm çıxaracaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında