Bu qan yerdə qalmayacaq

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır.  Yüz minlərlə soydaşımız tarixi torpaqlarından, ata-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla, amansız qətllərlə müşayiət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, tarixi-mədəni abidələrin məhv edilməsi ilə  nəticələnmişdir.

Beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək istəyi  işğalçı ölkənin bütün cinayət və vəhşiliyə hazır oldugunu  nümayiş etdirmişdir. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə—əhalinin yatdığı bir vaxtda şəhərə hücum edərək, azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər. Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılmış, şəhərdə güclü yanğınlar başlamış, evlər tamamilə alova bürünmüş, yerlə-yeksan edilmişdir. Hücumda ermənilər tərəfindən mayor Seyran Ohanyanın komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Valeri İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni millətindən olan zabit və praporşik, tanklar, piyadaların döyüş maşınları, toplar və digər dağıdıcı hərbi texnika iştirak etmişdir. Bu zaman qadın, uşaq, qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq, tank, PDM və digər texnikanın altına salaraq əzmiş, məhv etmişlər.  Şəhərin müdafiəçiləri və yerli əhali şəhəri tərk etməyə məcbur olmuşdur. Fevralın 26-sı səhər saat 5-ə qədər Xocalı zəbt edilmişdir. Azğınlaşmış erməni quldurları azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürmüşdülər. Onlar mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş əhalini də yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutmuş və görünməmiş vəhşiliklə qətlə yetirmişdilər.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri nə idi? Xocalı Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu şəhər əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. VII-VI əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri–daş qutular, kurqanlar və nekropollar tapılmışdı. Həmçinin, burada arxitektura abidələri–dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdı. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Bütün bunlar xalqımızın qədim tarixə, bu ərazilərin isə Azərbaycana aid olduğunu təsdiqləyən təkzibolunmaz faktlar idi.

Xocalı əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Həmin dövrdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 ahıska türk ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bir hissəsi də burada məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu ərazidən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

Erməni işğalından sonra bütün bu tarixi abidələrin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının  darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların himayədarlarının hərəkətləri insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin həyasızcasına pozulmasına və ədalət prinsiplərinə məhəl qoyulmamasıdır.

Bu faciədə, həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də məsuliyyət daşıyırdı. Çünki ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininin və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi, Qarabağda, o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görülməmişdir. Respublikaya rəhbərlik edənlər ali vəzifəli şəxs kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilməmişdilər. Hətta qətliam baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq, əsl həqiqəti söyləməkdən çəkindilər və erməni cinayətkarların törətdiyi azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.

Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Ulu öndər  Heydər Əliyev

1 mart 1994-cü ildə bu barədə xüsusi fərman imzalamışdır. Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Ulu öndər Heydər Əliyevin  25 fevral 1997-ci il tarixli “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” sərəncamı ilə hər il fevraın 26-da saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan  Prezidenti İlham Əliyevin rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gərgin fəaliyyəti ilə erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində məqsədyönlü və sistemli iş aparılır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə fəaliyyət göstərərək, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatını alt-üst edirlər. Artıq Ermənistan dövləti beynəlxalq aləmdə işğalçı kimi tanınır. Dünya ictimaiyyətinin Xocalı həqiqətlərini qəbul etməyə başlaması da bundan xəbər verir. Dünyanın super güc dövləti olan ABŞ-ın 20 ştatının Xocalı faciəsini tanıması barədə qərar qəbul etməsi Ermənistan dövlətinin ifşası istiqamətində atılan qətiyyətli addımdır.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqlı cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Vüqar QƏDİROV,
Azərbaycan Respublikasının Prezidenti
yanında  Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və
Məcburi Köçkün Gənclər Təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında