Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Xocalı soyqırımı tarixə erməni ekstremistlərinin və şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olub. Azərbaycan xalqı iki yüz il ərzində ermənilər tərəfindən daim etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz əzəli torpaqlarından kütləvi şəkildə qovularaq, qaçqına və məcburi köçkünə çevrilib. Bütün bunlar şəhər və kəndlərin yerlə-yeksan edilməsi, on minlərlə günahsız insanın ölümü ilə müşayiət olunub.
Xocalı faciəsinin çoxsaylı şahidləri bildirirlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əsasən azərbaycanlıların yaşadıqları şəhərə hücuma keçmiş sovet ordusundan qalma 366-cı motoatıcı alayı iştirak edib. Soyqırımında bu alayın xüsusi rolunu qeyd etmək lazımdır. Alay Azərbaycan kəndlərinin, habelə Şuşa şəhərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Xocalı faciəsindən sonra alayın silahlarının bir hissəsinin, o cümlədən zirehli texnikanın ermənilərə təhvil verilməsi bunun ən bariz sübutudur.
Bu dəhşətli faciə nəticəsində 613 dinc sakin öldürülüb. Onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i isə qoca olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 dinc sakin girov götürülüb, 150 əsirin taleyi isə indiyə qədər məlum deyil.
Xocalıya hücum gecə saatlarında tank və toplardan açılan artilleriya atəşi ilə başlayıb. Şəhər hər tərəfdən mühasirəyə alınıb. Dağ aşırımları ilə qaçıb canını qurtarmaq istəyən insanlar ermənilərin vəhşiliyinin qurbanı olublar. Erməni birləşmələri Naxçıvanik kəndi yaxınlığında silahsız insanlara atəş açıblar. Azərbaycan silahlı qüvvələri xocalılıların yardımına çata, meyitləri çıxara bilməyiblər. Yalnız fevralın 28-də bir qrup yerli jurnalist azərbaycanlıların həlak olduğu yerə gəlməyə müvəffəq olub. Hər yerə meyitlər səpələnib. Bu mənzərə hamını dəhşətə gətirib. Onlar erməni silahlıları tərəfindən güclü atəşə tutulduqları üçün meyitləri çıxara bilməyiblər. Ertəsi gün bir qrup xarici jurnalist yerli jurnalistlərlə birlikdə faciə yerinə uçub. Gördükləri damarlarındakı qanı dondurub: meyitlər təhqir edilib, eybəcər vəziyyətə salınıb, ayrı-ayrı əzaları kəsilərək götürülüb. Çoxunun gözləri çıxarılıb, qulaqları, ətrafları kəsilib, qarınları yarılıb. Bəzilərinin başının dərisi soyulmuş, yanıb külə dönmüş, yaxud üzərindən ağır texnika keçmiş vəziyyətdə tapılıb.
Xocalı şəhərində soyqırımı aktının əsas cinayətkarlarının və müqəssirlərinin erməni silahlı birləşmələrinin və 366-cı motoatıcı alayının şəxsi heyəti olması faktı bu gün artıq heç bir şübhə doğurmur. Onların hərəkətləri insan hüquqlarının kobud şəkildə pozulması, Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Fövqəladə hallarda, silahlı münaqişələr zamanı qadın və uşaqların müdafiəsi haqqında Bəyannamə kimi beynəlxalq hüquqi aktlara və digər sənədlərə həyasızcasına məhəl qoyulmaması kimi dəyərləndirilir.
Xocalıda törədilən vəhşiliklərə bağlı cinayət işi həmin il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başlanılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bütün cinayət işləri bir icraatda birləşdirilib.
2005-ci ilin mayında cinayət işinin istintaqına nəzarət respublika Hərbi Prokurorluğuna həvalə olunduqdan sonra həmin ilin iyulunda cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilib. Hazırda respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində iş üzrə istintaq aparılır.
Xocalı soyqırımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib və həmin şəxslər axtarışa verilib. Cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının müəyyənləşdirilməsi və onların gizləndiyi yerlərin üzə çıxarılması məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu amansız soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi diqqət çəkir. Başqa sözlə, Xocalı soyqırımına obyektiv və dövlətçilik mövqeyindən münasibət yalnız ulu öndər tərəfindən göstərilib. Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq qurumlara ilk dəfə olaraq Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edilib, Azərbaycan hökuməti və Milli Məclis tərəfindən erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mühüm işlər görülüb.
1994-cü ildə bu faciə soyqırımı adlandırılıb. Qəbul edilən müvafiq sənədlərdən sonra sözügedən məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığı təsdiqlənib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı Xocalı faciəsinə verilmiş ilk hüquqi-siyasi qiymət olub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətləri də xüsusi vurğulanmalıdır. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər mühüm önəm daşıyır.
Bəşəriyyət və insanlıq əleyhinə dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının törədilməsindən 24 il keçir. Azərbaycan dövləti ötən müddətdə həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Xocalı cinayəti, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində hərtərəfli fəaliyyət göstərib. Hər il Xocalı soyqırımı ərəfəsində istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlər daha da intensivləşir. Belə tədbirlər keçirilməklə bu soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında dayanması tələb edilir. Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də bütün lazımi addımlar atılır.
Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin. Hazırda heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də, buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil.
Fikrimizcə, Xocalı cinayətini törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmək olar. Əvvəla deyim ki, bu zaman bir məqama xüsusi diqqət yetirilməlidir. Bu da ölkə daxilində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işinin başlanılması və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilib axtarışa verilməsilə bağlı məsələdir. Düzdür, bu cinayətlə əlaqəsi müəyyənləşdirilən şəxslərin Azərbaycanda mühakimə olunması üçün obyektiv əngəllər olsa da, istintaq zamanı üzə çıxarılan məlumatlar, işin faktiki halları beynəlxalq müstəvidə çıxış etmək üçün əlverişli zəmin yaradır.
Onu da xatırladım ki, müasir dünyada insan hüquqlarının pozulmasına yol verən şəxslərin və dövlətlərin məsuliyyətə cəlb edilməsinin iki mümkün yolu var. Bunlardan biri universal yurisdiksiyanı tanıyan dövlətlərin məhkəmələrinə, ikincisi isə beynəlxalq məhkəmələrə müraciət etməkdir. Qeyd edim ki, Xocalı soyqırımı ilə əlaqədar hər iki imkan araşdırılıb və müvafiq tədbirlər artıq həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunan İnsan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı, İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşən şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması, habelə onlara dəyən zərərin Ermənistan tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib. Hüquqşünaslar minlərlə qaçqın və məcburi köçkün ailələri ilə görüşlər keçirib, söhbətlər aparıblar. Nəticədə Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki erməni təcavüzü nəticəsində insanların mülki hüququnun pozulması, həmçinin şəxsi və ailə həyatının toxunulmazlığı, ayrı-seçkiliyin qadağan edilməsi məsələsi qaldırılıb. Bundan əlavə, Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq, erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma, təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa qitəsinin sakinlərinin hüquq və azadlıqlarını qorumaq vəzifəsi olan Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi gündəliyi olan quruma çevrilir. Təşkilatın iştirakçı dövlətlərdə müstəqil məhkəmə sisteminin fəaliyyətini tələb edən qurum hazırda müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir.
Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu faktı öz çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb. Əgər beynəlxalq birlik II Dünya müharibəsinin dəhşətlərindən düzgün nəticə çıxarsaydı, müxtəlif coğrafi məkanlarda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər baş verməzdi. Hər bir halda şübhə yoxdur ki, insanlığın əsaslarını sarsıdan bu cür əməllər törədən şəxslər layiq olduqları cəzanı alacaqlar.
Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu isə beynəlxalq ikili standartların nəticəsidir.
Xocalı faciəsi zamanı Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmamışdı. Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyaları ratifikasiya edilərək Cinayət Məcəlləsinə köçürüldü. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla bilər.
Sübut ƏSƏDOV, hüquqşünas, politoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.