Xocalı faciəsi iyirminci əsr Azərbaycan tarixinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövrünün ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan və SSRİ-dən qalma silahlı birləşmələrinin 366-cı motoatıcı alayının köməyi ilə həyata keçirdiyi bu amansız soyqırımı aktı, eyni zamanda, iyirminci əsrin son illərində bəşəriyyətin vicdanına yazılmış ən ağır ittihamlardan biridir.
Bəlkə də bəşəriyyət tarixində heç zaman bu qədər çirkin bir hücum taktikası həyata keçirilməyib. Hadisənin baş verdiyi vaxtı hər dəfə yada salanda adamın ayağının altından yer qaçır. Ermənilərin türk insanına qarşı nifrət hissi ilə tərbiyə olunub böyüdüyünü yaxşı bilirik və onların qarlı-şaxtalı bir qış gecəsində yatmış şəhərin üzərinə gözlənilmədən hücuma keçərək 613 nəfəri vəhşicəsinə qətlə yetirməsini yalnız ürək ağrısı ilə xatırlamaq mümkündür. Amma təsəvvür etmək belə çətindir ki, böyük dövlətçilik və zəngin müharibələr təcrübəsinə malik SSRİ kimi böyük bir dövlətin ordu hissəsi gecə evində şirin yuxuda olan kiçik bir ölkənin dinc əhalisinə qarşı törədilən belə amansız və qəddar bir hərəkətə nəinki mane olmayıb, hətta özünün ən müasir silah və hərbi texnikası ilə bu bəşəri cinayətə şərik olub. Xatırladaq ki, o müdhiş gecədə xüsusi qəddarlıqla qətlə yetirilənlərdən 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca olub. Bir gecənin içində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir və girov götürülüb. Onlardan 150-sinin taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Yaralıların sayı 1000 nəfərə qədər olub.
Bir detala da xüsusi diqqət yetirmək lazımdır ki, hücum hər hansı hərbi hissəyə, əsgəri birliyə deyil, məhz dinc əhaliyə qarşı yönəldilmişdi. Azərbaycanın Xalq şairi, mərhum Zəlimxan Yaqub buna görə deyirdi ki, “sizi qınamıram, ay xocalılar”. Bu qanlı qətliamın törədilməsində erməniləri və onlara dəstək vermiş rus əsgər və zabitlərini məhz buna, yatmış şəhərin dinc insanlarına qarşı qəddar hücuma görə nəinki qınamaq, hətta ən ağır cinayətdə ittiham etmək lazımdır. Bu, münaqişə, müharibə təcrübəsi deyil, bu, sadəcə tarixdə görünməmiş amansızlıq, qəddarlıq nümunəsidir ki, son nəticədə bir millətin soyqırımı anlamı ilə tamamlanır. Bu mənada ermənilər alman faşistlərini də geridə qoyurlar. Faşistlər zəbt etdikləri ərazilərdə, eləcə də keçmiş SSRİ ərazisində şəhər və kəndlərin dinc sakinlərinə qarşı bu cür amansızlıq və qəddarlıq törətmirdilər. Nə Birinci, nə də İkinci dünya müharibələrinin tarixində bu dəhşətli əmələ analoq tapmaq olmur. Bunu ancaq ermənilər törədə bilərdi.
Xocalının işğalı ilə bağlı Respublika Hərbi Prokurorluğunda aparılmış istintaq nəticəsində hazırlanmış materiallarda göstərilir ki, faciə zamanı erməni hərbçiləri tərəfindən günahsız insanlara qarşı ağlasığmaz vəhşiliklər tətbiq edilib. Bu hərəkətləri törədənlər arasında o zaman 366-cı Sovet alayının mayoru rütbəsində xidmət etmiş Ohanyan Seyran Muşeqoviç də olub. Bu erməni əsilli “rus” hərbçisi sonradan Dağlıq Qarabağda, daha sonra isə Ermənistan Respublikasında müdafiə naziri vəzifəsinə irəli çəkilib. Materiallarda oxuyuruq: “Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir.Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 Mesxeti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırımı olduğunu təsdiqləyir".
Amma dünya bu vəhşilikdən xəbər tutsa da, susdu. Təbiidir ki, Xocalı soyqırımı ilə bağlı bu susqunluq Azərbaycan xalqı və dövlətinin qarşılaşdığı ilk və son sınaq deyildi. Soyqırımı aktının baş verdiyi ilk günlərdə sanki bütün dünya yuxuya getmişdi, bütün gözlər kor, bütün qulaqlar kar, bütün dillər lal olmuşdu. Dünya üzünə insan haqları, demokratiya bayrağı ilə yürüşə keçmiş Qərb ölkələri başda ABŞ olmaqla bu faciə qarşısında lal-kar oldu. Heç kimin səsi çıxmadı. Cəmi 8 milyonluq Azərbaycan xalqı axıdılmış günahsız qanını özünün göz yaşları ilə yudu. Ölkə amansız qətliamla bağlı dünyaya var səsi ilə car çəksə də, eşidən olmadı.
Nəhayət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu istiqamətdə uzun illər ardıcıl və məqsədyönlü təbliğat apararaq dünyanı təzədən inandırmağa başladı. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralın Xocalı soyqırımı günü elan edilməsi haqqında qərar qəbul etdi. Bu qərarın qəbulundan sonra həm ölkə daxilində, həm də xaricdə dövlət və diaspor təşkilatları tərəfindən soyqırımın dünyaya çatdırılması üçün geniş tədbirlərə əl atıldı. Ulu öndər istər Azərbaycanın qədim torpağı, ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın işğala məruz qaldığını, istərsə də Xocalıda baş verənlərin beynəlxalq hüquqda əsil soyqırımı olduğunu sübut etmək üçün hakimiyyətinin bütün dövründə mübarizə apardı. Heydər Əliyev Xocalı hadisələrinin 10 illiyi ilə bağlı xalqa müracitəində deyirdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Sonra soyqırımın təbliği və tanıdılması istiqamətində Prezident İlham Əliyev ardıcıl siyasət apardı. Avropa ölkələrinə səfərləri, beynəlxalq təşkilatların tədbirlərində iştirakı zamanı Azərbaycan Prezidenti dönə-dönə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğalı altında qalması, Xocalıda insanlıq əleyhinə cinayət törədilməsi barədə danışıb, Xocalı faciəsini törədənlərin Ermənistanda yüksək dövlət postları tutduğunu bildirib. Lakin ikili standartlar Azərbaycan həqiqətlərinin Qərb dünyasının beyninə girməsinə imkan verməyib. ATƏT-in Minsk qrupuna vasitəçilik missiyasını həyata keçirdiyi 20 ildən artıq bir müddətdə ədalətli qərara gəlməkdə mane olan da məhz bu ikili standartlardır. Bunu Azərbaycan Prezidenti ən yüksək beynəlxalq kürsülərdən dəfələrlə elan edib. Amma vəziyyət dəyişməyib.
Elə bu günlərdə Münhen Təhlükəsizlik Konfransında erməni diplomatının sualına cavab olaraq Prezident İlham Əliyev çox kəsərli şəkildə bəyan edib ki, “biz Ermənistanı işğala görə qınayırıq”. Dövlət başçısı BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalla bağlı 4 qətnamə qəbul olunduğunu, Ermənistanın Xocalı soyqırımını törətdiyini və bunun dünyanın 10-dan çox dövləti tərəfindən tanındığını bildirib. Əlavə edək ki, Xocalı soqırımını tanıyan ABŞ ştatlarının sayı artıq 20-yə çatıb. Sonuncusu Montana ştatıdır.
Bütün bu illər ərzində Dağlıq Qarabağ, eləcə də Xocalı sakinləri üzlərini dünyaya tutub haqq-ədalət gözlədiklərini bəyan ediblər. Ancaq Qərbin başı hələ ki, saxta və qondarma “erməni soyqırımı” ilə oynamağa qarışdığından Azərbaycan faciəsinə diqqət ayıra bilmir. Xocalılar dəfələrlə BMT-yə, Avropa İttifaqına, ATƏT-ə, digər beynəlxalq təşkilatlara müracəiət edərək onların faciəsinə laqeyd qalmamağı, Ermənistanın təcavüzü və özbaşınalığına layiqli qiymət verməyi tələb ediblər. Soyqırımın ildönümləri ilə bağlı həmin təşkilatlara müraciətlərdən birində deyilir: “Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".
Xocalı faciəsinin həqiqi qiymətini alması, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya xalqlarına çatdırılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva da son 10-15 ildə böyük işlər görüb. Fond tərəfindən müxtəlif səpkili materiallar, kitablar, broşürlər hazırlanaraq bir çox ölkələrdə yayılıb. Fondun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası aparılır. Kampaniya çərçivəsində Avropa, Amerika, Asiya və Afrikanın 100-dən çox ölkəsində müxtəlif səpkili tədbirlər keçirilib. Bu günlərdə ABŞ və Litvanın birgə istehsalı olan “Sonsuz dəhliz” sənədli filminin nümayişinə başlanılıb. Flim artıq Niderlandda, Belçikada, Stokholmda minlərlə siyasətçi, tanınmış ictimai xadim və mətbuat nümayəndəsinə təqdim olunub.
Azərbaycan dövləti Dağlıq Qarabağın işğalına son qoyulması, Xocalı soyqırımının daha çox xarici ölkədə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir. Bu fəaliyyət ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. İnanırıq ki, Azərbaycan xalqının haqq işi son nəticədə ölkəmizin qələbəsi ilə nəticələnəcək, işğal altındakı torpaqlarımız azad ediləcək, xocalılar da, Qarabağın digər yaşayış məntəqələrinin sakinləri də öz tarixi torpaqlarına, dədə-baba yurdlarına qayıdacaqlar.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.