Bəşəri cinayətin əks-sədası

XX əsrin ən dəhşətli faciələrindən biri ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımıdır. Emənistanın hərbi separatçı birləşmələri və Dağlıq Qarabağın silahlı quldur dəstələri Xankəndidəki 366-cı sovet motoatıcı alayının hərbiçiləri ilə birlikdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı bəşəri cinayət törətdilər. Xocalı şəhərini işğal edərək  bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla,işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, baş dəriləri soyulmuş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Bu vəhşilik misli görünməmiş bir qətliama çevrilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev  Xocalı soyqırımı haqqında söz açarkən demişdir ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ulu öndərimizin  20 Yanvar faciəsi kimi Xocalı soyqırımını da  xalqın müzakirəsinə çıxararaq ona siyasi-hüquqi qiymət verməsi bu qanlı hadisənin yaddaşımızda əbədi yaşamasını təmin etmişdir.

Ötən əsrin sonunda baş vermiş bu amansız faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə, erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı  törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi, dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırır, bu hadisələrin  soyqırımı siyasəti kimi tanınması istiqamətində fəal iş aparırlar.Bu istiqamətdə aparılan işlər artıq nəticələrini verir.Dünyanın əksər dövlətləri, həmçinin mötəbər beynəlxalq təşkilatlar bu qətliamın Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu təsdiqləyirlər. Dünya dövlətləri  artıq ermənilərin törətdiyi bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliam haqqında qətnamələr qəbul edirlər. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bu qətnamələr   həm də Ermənistanın işğalçı dövlət kimi tanınmasını göstərir.

Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi bu qanlı və amansız faciədən artıq 23 il ötür. Lakin hələ də bu faciənin dəhşətləri unudulmur, xalqımızın nifrəti, qəzəbi soyumur, yaddaşlardan silinmir, ürəklərdə  yaşayır. Bu işdə cənab İlham Əliyevin  gərgin fəaliyyəti ilə yanaşı Heydər Əlyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın  əməyi də  qeyd edilməlidir. Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri  çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında danılmaz rolu var. 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası — Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması  üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. Dünyanın əksər ölkələrində keçirilən bu kampaniyaya həmin ölkələrin gəncləri də qoşulmuşlar. Leyla Əliyevanın təşəbbüsü Xocalı soyqırımı faktının xaricdə tanınmasına böyük töhfə vermişdir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşkilində, bu təbliğat və təşviqat işində  bələdiyyələr də iştirak edirlər. Bu məqsədlə qardaş ölkələrin bələdiyyələri ilə əlaqələr yaradır, bu kampaniyanın təbliği üçün həmin ölkələrin bələdiyyələrinə reallıqları əks etdirən materiallar göndərilir. Qardaş ölkələrin bələdiyyələrinə  və dünya ictimaiyyətinə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin çatdırılması kampaniyasında fəal iştirak edirik. Bu işlərin təbliği üçün xarici ölkələrin bələdiyyələrinə bu mövzuda çap olunmuş əsərlər, bukletlər, sənədli filimlərin diskləri verilir. Sumqayıt bələdiyyəsi Ankara şəhərinin Keçiörən bələdiyyəsi ilə qardaşlıq protokolunu imzalayarkən ilk müzakirə olunan məsələ Xocalı soyqırımına abidə ucaldılması üçün bələdiyyə ərazisində yerin ayrılması oldu. Minnətdarlıq hissi ilə demək istəyirəm ki, bələdiyyə sədri Mustafa Ak və bələdiyyə üzvləri bu məsələyə çox həssaslıqla yanaşaraq, bələdiyyənin qərarı ilə yerin ayrılması məsələsini həll  etdi.

Leyla xanım Əliyevanın təşəbbüsü və birbaşa dəstəyi ilə Ankaranın ən izdihamlı və görüntülü yerində  “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı şəhidlərinin xatirəsini əks etdirən möhtəşəm bir abidə qoyuldu. Leyla xanımın “Xocalıya ədalət!” kampaniyasının təbliğat coğrafiyasının genişləndirilməsi məqsədi ilə bələdiyyələrə qərar və təkliflərimizi də göndərmişik.

Xocalı faciəsinin ildönümləri ilə əlaqədar hər il Bakıda Prezident İlham Əliyevin də ön sırasında olduğu izdihamlı  ümumxalq yürüşü keçirilir.Bu ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və ermənilərin törətdiyi bu bəşəri cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarının işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsəd güdmüşdür. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı.Xalqımız dövlətin suverenliyinin müdafiəsində yüksək qəhrəmanlıq nümunəsi göstərdi.Azərbaycan xalqı qəti əmindir ki,hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilmiş, dünyada mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini təmin etmiş dövlətimiz düşmən tapdağı altında olan torpaqlarını istənilən yolla azad edəcək, şəhidlərimizin qanı yerdə, günahkarlar isə cəzasız qalmayacaqdır.

Əbülfəz  BABAYEV,
Azərbaycan Şəhər Bələdiyyələri
Milli Assosiyasiasının və Sumqayıt bələdiyyəsinin sədri,
texnika elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında