Xocalı – xalqımızın qan yaddaşı

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq.Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım.Mənim ayaqlarım və şalvarım qan içində idi.Və mən beləcə 1200 meyitin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm.Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır.Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi.Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam.SonraTiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı.Daha sonra onları yandırdılar.Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu tərəfindən 2010-cu il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 91 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 21 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 30 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 34 nəfərin isə siyahılardan təkrar keçdiyi, 6 nəfərin isə  münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilmişdir.

Beləliklə, 1 yanvar 2011-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər olmuşdur. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. Beş nəfərin hərbçi və ya mülki şəxs olduğu məlum deyil.

Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir.

Əsir, itkin düşmüş 4049 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

Əsir və girovluqdan 1399 nəfər azad edilmişdir. Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Eyni zamanda, 170 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı  şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlumdur.

İnsanlığa qarşı cinayət

Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xarakterli cinayət” kateqoriyaları fərqləndirilir. Soyqırımı cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri İkinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində ifadə olunmuşdur. Sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Nürnberq Tribunalı Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmışdır: sülh əleyhinə cinayətlər; müharibə cinayətləri; insanlıq əleyhinə cinayətlər.

 İkinci dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hüquqi sənədlərdə “soyqırımı” termini işlədilməmişdir. Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə, soyqırımı insanlıq əleyhinə cinayətlərə daha yaxındır. Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarşı repressiyanın miqyasına və dəqiq ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxşardır. Belə ki, həmin cinayətin törədilməsi hərbi əməliyyatların aparılması vaxtı ilə üst-üstə düşə bilər. Lakin soyqırımı müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, Kombocada Pol Pot öz xalqına qarşı soyqırımı həyata keçirmişdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya və Ruanda tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsi Statutunda soyqırımı cinayəti müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılmışdır. Soyqırımın hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər təşkil edir: bu cür qrup üzvlərinin öldürülməsi;  belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;  hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur. Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də göz qabağındadır.

Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaşır: tanınan milli, etnik, irqi və ya dini qrupun olması; bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);  tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus). Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz. Soyqırımı anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb edir.

Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir: niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır.

Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi  səciyyələnir. Deməli, astus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun  mövcudluğu əleyhinə yönəlməlidir: niyyət, qrupun “tamamilə və ya qismən” məhv edilməsindən ibarət olmalıdır; niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir. Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə “mədəni genosid” aid deyildir. “Barcelona Traction Case” işi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının qadağan olunması və bağlı öhdəlikləri “erga omnes öhdəliklər” adlandırmışdır. Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanımışdır. Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar aşağıdakılar hesab olunmalıdır: BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir); Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə soyqırımı cinayəti birbaşa göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur); Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4);  Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad.l);  Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (mad. 6); Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:

1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. 2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur. 3. Soyqırımı cinayəti törətmiş şəxslərə  universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

Tarix heç nəyi unutmur

Azərbaycan Milli Məclisi hər il 26 fevralı Xocalı Soyqırımı Günü elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırımı və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərindəndir. Hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tarix heç nəyi unutmur.

Murtəza HƏSƏNOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,
siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında