Acı duyğularımızı bölüşək, dünyadan Xocalıya ədalət istəyək

Azərbaycan dövlət rəsmilərinin, millət vəkillərinin və sıralarına mənim də qatıldığım media nümayəndələrinin fevralın 21-də Türkiyənin baş kəndi Ankaraya, sadəcə Xocalı faciəsinin 23-cü ildönümünü anmağa yox, sevincimizdə olduğumuz kimi, kədərimizdə də ortaq olduğumuz  qan qardaşlarımızla keçmişin yüz illik tarixi boyu bizə asi olan, babalarımızın, nənələrimizin qanını tökən, canını alan erməni  millətçilərinin qanlı cinayətlərinə nəzər salmaq, dünyanın yalan və iftira olan “erməni soyqırımına” ağlamaq yox, yaxın keçmişin belə şahid kəsildiyi türklərin və azərbaycanlıların məruz qaldıqları qanlı terrora və soyqırımına göz yummamaqlarını istəməyə gəlmişdik.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində  İNDEKS (İNDEX) - Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ankarada keçirilən toplantının məramı bununla da bitmirdi. Erməni lobbisinin, bütün dünya erməni icmalarının böyük səylə göz yaşı tökməyə hazırlaşdıqları və neçə illərdən bəri dünya ictimaiyyətinə və dövlətlərinə   rəsmən tanıtmaq istədikləri yalançı “erməniləri soyqırımının 100 illiyi” ərəfəsində İNDEX-in əsas hədəflərindən biri də bəşəri cinayət olan Xocalı faciəsinin qanlı prizmasından  bu ədalət dilənçilərinin özlərinin son 100 ildə türk soylu millətlərə qarşı törətdikləri qanlı cinayətlərə işiq salmaq, tarixi faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Bu mənada həmvətənlərimizin Türkiyədəki dostlarının dəstəyi ilə hazırladıqları və Ankaranın əzəmətli “Congressium” Beynəlxalq Mərasimlər Mərkəzində reallaşan layihə əslində “100 ilə qarşı 100 il” devizi ilə keçirilən çox uğurlu bir layihə idi.

Bəri başdan qeyd edim ki, layihədə sadəcə bir anım toplantısı keşirmək planlaşdırılmamışdı. Bu toplantıya qədər tədbirə dəvət alan yüzlərlə insan – Türkiyə dövlətinin rəsmiləri, Böyük Millət Məclisinin deputatları, tarixçi alimlər, siyasət adamları, ali təhsil ocaqlarının professor və müəllimləri, tələbələr və Xocalı faciəsinin acısını bölüşməyə gələn sadə vətəndaşlar əvvəlcə “Congressium” Mərkəzinin foyeləri boyu faciənin gerçək mənzərəsini nümayiş etdirən fotoşəkillərlə tanış olur, Xocalının dinc həyatının assosasiyasını yaradan,  kənd həyatının ecazkar melodiyasının səsləndirildiyi yarımqaranlıq salonda işıqlandırılan tablolarla tanış olurdular. Sonra mərkəzin digər böyük bir salonunda  Xocalı faciəsinin fotoxronikası ilə bərabər, bu faciə də daxil olmaqla tarixin yüz ilində Türkiyə türklərinə və azəri türklərinə qarşı erməni millətçilərinin dünyanın müxtəlif ölkələrində belə törətdikləri qanlı terror aktları, bəşəri cinayət faktı kimi qiymətləndiriləsi soyqırımı faktlarının yer aldığı sənədli film nümayiş etdirilirdi.  Hamı ilə bərabər ürək ağrısı ilə bütün bunları seyr edən Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan media nümayəndələrinə müsahibəsində yaşadığı acını heç cür gizlədə bilmədi:

– Mən Vyanadan, Xocalı faciəsinə dünyada ədalət  axtardığımız bir kofransdan yenicə qayıtmışam. Bu gün isə Ankarada mənim düşüncəmə görə çox böyük və önəmli bir proqram gerçəkləşdirilir. Bu, bir daha onu göstərir ki, hər keçən gün “Xocalıya ədalət!” çağırışımız daha güclü səslənir. Mən inanıram ki, azad dünya, insan haqlarına hörmət bəsləyən hər kəs bu çağırışa səs verəcəkdir. Çünki Xocalıda soyqırımına məruz qalan azərbaycanlıların, qanı tökülən, başlarının dərisi soyulan yaşlı insanların, qulaqları, burunları kəsilən kiçik uşaqların iniltisi, fəryadı hər gün bizim qulaqlarımızda səslənir.

Bir çox ölkələrin parlamentləri bu fəryadları duydu və Xocalı soyqırımına öz ədalətli mövqeyini ortaya qoydu. İnanıram ki, Türkiyə parlamenti də Xocalı fəryadını, acısını yaxından duyacaqdır. Bizim bu mövzuda təklifimiz var və bu il də bu təklifi parlamentə çıxaracağıq. Yüz il bundan əvvəl heç bir şəkildə var olmayan, “soyqırımı” hekayəsini uyduranlar bu gün gerçək soyqırımı görmür, amma gec- tez bunu görəcəklər.

Sinan Oğan İNDEX-in gerçəkləşdirdiyi “Yüz ilə qarşı yüz il” layihəsinə münasibətini də açıqladı və bildirdi ki, olmayan deyil, olan bir soyqırımı Azərbaycanla Türkiyə bu şəkildə ortaya qoyarsa, o zaman kimin soyqırımçı, kimin məzur olduğu ortaya çıxar. Burada soyqırımçı ermənilər, erməni millətçiləridir, məzur olan isə Azərbaycan türkləridir. Tarixdən də bəllidir ki, müxtəlif dövrlərdə Bakıda, Şamaxıda, Qubada, Qarsda, Ərdəhanda, Ərzurumda, İqdırda, Vanda, nəhayət, XX əsrin sonunda Xocalıda ermənilər türklərə, azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Burada nümayiş etdirilən sənədli filmdə də bunlar doğru-dürüst göstərildi. Tarix göstərir ki, biz məzuruq, soyqırımına uğramış xalqıq və gerçək soyqırımçı ermənilərdir.  O zaman qondarma “Daglıq Qarabağ Respublikası”nın müdafiə naziri olan Sarkisyan bəyan etmişdi ki, “biz Xocalıda ona görə soyqırımı etdik ki, bizim şaka yapmadığımızı, bizim ciddi olduğumuzu anlasınlar.” Bu etirafı dilə gətirən Sarkisyan gec-tez məhkəmə qarşısına çıxmalıdır.

23 il əvvəl baş versə də Xocalı acısını bu gün yaşayırmış kimi görünən Türkiyənin AK Partiyasından konyalı millət vəkili Mustafa Kabakcı isə hisslərini belə ifadə etdi: – Böyük millətlərin bir xüsusiyyəti var ki, böyük acı da dadsalar acılarını öz icində yaşayırlar. Erməni millətçiləri olmamışları olmuş kimi göstərərkən, yaşadığımız XX əsrdə texnolgiyanın təsbit etdyi bir qətliamı bütün dünyanın görməməsi mümkün deyil. Biz bütöv bir dünya türk diasporu olaraq, bizə qarşı törədilən qətliamı, verilən bu zülmü bütün dünya görənə qədər səylərimizi əsirgəməyəcəyik.

Bu gün bizim Ankarada ortaya qoyulan bu böyük layihədən qürur duyduq. İnşallah sevinclərimiz bizi birləşdirdiyi kimi, acılarımız da bizi birləşdirəcək. Bu gün Türkiyənin ən böyük acısı Qarabağ işğalının davam etməsidir. BMT-nin məlum qətnamələrinə baxmayaraq, bütün dünyanın buna göz yummasıdır. Amma mücadilə davam edəcək, dünyanın harasında bir türk varsa, Qarabağ məsələsini öz məsələsi biləcək, harada bir türk varsa Xocalıda şəhid düşmüş heç bir canı unutmayacaq.

Sonda millət vəkili Qarabağ qaçqınından eşitdiyi bir ifadəyə heç zaman sakit yanaşa bilmədiyini dilə gətirdi:

– Lökbatanda bir Qarabağ qaçqını olan  ağsaqqalın “mən artıq atamın qəbrini ziyarət etmək istəyirəm” deyib fəryad qoparması bizim qəlbimizi param-parça etdi. Biz çox şey istəmirik, dünyanın kor olan gözünün medianın müasir texnoloji vasitələrlə çəkdiyi Xocalı faciəsini bir an görməsini istəyirik.

Xocalı faciəsini anmağa, 23 il əvvəl Azərbaycana çəkilən bu dağın acısını  bölüşməyə gələn insanların sayı anbaan artırdı. Sərgi salonunda, foyelərdə insan axını dayanmaq bilmirdi. Gələnlərin sırasında Ankarada qonaq olan xarici ölkələrin vətəndaşları – diplomatlar, elm adamları, turistlər, tələbələr də var idi. İNDEX-n təmsilçiləri hamıya böyük diqqətlə yanaşır, iştirakçıların hər birinə faciənin nəticələrini göstərən xronikanın və fotoşəkillərin yer aldığı bukletlər paylanırdı. Tədbirin əsas hissəsinə, Türkiyə və Azərbaycan tərəfindən hazırlanan  “Empathy 2015” layihəsinin təqdimatına isə hələ bir qədər qalmışdı. Bu məqamda “Congressium” Mərkəzinin foyesində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti daxil oldu.

İlk dəqiqədən media nümayəndələri tərəfindən dövrəyə alınan  Əli Həsənov jurnalistlərə açıqlamasında Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində İNDEX-n Ankarada keçirdiyi tədbiri yüksək qiymətləndirərək bildirdi ki, builki tədbirlər qondarma erməni soyqırımının 100 illiyi ilə üst-üstə düşdüyündən istər Türkiyə, istərsə də Azərbaycan diaspor təşkilatlarının birgə keçirdikləri “Xocalıya ədalət!” aksiyalarının çox böyük önəmi var. Əsas məqsəd ondan ibarətdir ki, erməni icmalarından fərqli olaraq, biz dünyanı gerçək olaylara inandırmağa, həqiqətən baş verənləri onlara çatdırmağa çalışırıq. Biz Azərbavcana və Türkiyəyə ünvanlanan yalanları ifşa etmək və Xocalı qətliamının gerçəkliklərini dünyaya anlatmaq istəyirik. Yəni, guya, yüz il əvvəl olmuş yalanlar uydurmur, 23 il əvvəl ermənilər tərəfindən törədilmiş cinayətləri, azərbaycanlılara qarşı soyqırımı faktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik. Qoy, dünya bu bəşəri cinayəti törədənlərin kim olduğunu başa düşsün.

3 min nəfərin toplaşdığı “Congressium” Mərkəzinin tamaşa salonunda “Empathy-2015” layihəsinin rəsmi təqdimatının açılışından əvvəl Xocalıda şəhid düşmüş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Açılış üçün söz alan İNDEX - Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzinin sədri Rəşad Abdullayev layihənin məramından danışaraq qeyd etdi ki, “Bu gün bura 23 ildən bəri ürəklərimizi qanadan Xocalı qətliamının günahsız qurbanlarını və şəhidlərini xatırlamaq üçün toplaşdıq. Bu vəhşətdən kövrələn,  faciəyə üzülən on minlərlə insanın acısını paylaşarkən bu acının heç toxunmadığı insanları da bizimlə “empati qurmağa” – yəni hislərimizi, keçirdiyimiz acı duyğuları, kədəri paylaşmağa dəvət edirik.

Baş verənlərin qısaca məzmunundan bəhs edən R.Abdullayev həmfikirlərinin arzu və istəklərini ifadə edərək dedi:

– Dünyadan gözlədiyimiz tək bir şey insanların Azərbaycanın və Türkiyənin acıları üçün empati qurmasıdır. Hər ölkənin, hər millətin, insan olan hər kəsin bu acını anlamasını istəyirik.

Toplantıda nəinki həssas, hətta ən dözümlü və sərt insanların belə etinasız qala bilməyəcəyi  çıxışlarından birini isə Xocalının şəhid düşdüyü günlərdə dünyaya gələn, Xocalı sakini Rəşad Zeynallı etdi. Dünyaya gəldiyi 24 ildə bir dəfə də olsun doğum gününü qeyd etmədiyini söyləyən Rəşad dedi: “Mən fevralın 17-də şəhərimiz işğal olunan günlərin birində doğulmuşam. Atamın şağirdlərilə birlikdə şəhərimizi qorumaq üçün son nəfəsinə qədər döyüşüb şəhid olduğu gün. Tələbə yoldaşlarım tez-tez məndən soruşurlar ki, doğum gününü heç qeyd etməyəcəkmisən? Mənim də cavabım həmişə belə olur: İnşallah qeyd edəcəyəm,  Qarabağda qeyd edəcəyəm.

Rəşadın insanı rahat buraxmayan bu kövrək çıxışından sonra salonda gurultulu alqış sədaları içində inam və qətiyyət dolu səslərlə “inşallah” sədaları ucaldı. Yalnız bundan sonra əsas məqam gəlib çatdı. “Congressium” Mərkəzinin nəhəng salonunda 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində birinci yeri tutan Azərbaycan təmsilçisi Nigar Camal ingilis dilində ölkəmizin tənhalığını izhar edən “Talehsiz arzular”  mahnısını ifa etdi. Tamaşaçıları duyğulandıran mahnı ən son texnologiyalar - “3D Mapping” və “Projection Mapping”lə çəkilmiş və Xocalıda baş verənləri canlandıran filmlə müşaiyət edilirdi. 4 ölkənin 300 nəfərlik bir qrupu tərəfindən çəkilmiş səhnə əsəri sürəkli alqışlar qazandı. Onu da qeyd edim ki, sonradan aldığımız məlumata görə dünyada Grammy, Billboard kimi bir neçə mükafatların təqdimatında istifadə edilmiş bu texnika Türkiyədə ilk dəfə “Empathy-2015” tədbirində istifadə edilirdi. 

Ard-arda iki duyğulu səhnə çıxışından sonra tribunaya qalxan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizin 90-cı illərin əvvəlində yaşandığı bir-çox faciələrin şahidi olmasına baxmayaraq, bugünki çıxışların onu yenidən kövrəltdiyini bildirdi. Çıxışında Xocalı soyqırımının sadəcə tək Azərbaycanın məsələsi olmadığına diqqət çəkən Əli Həsənov daha sonra dedi:

– Hər şey bəllidir. Avantürist, xəyalpərəst erməni siyasətçiləri son yüz ildən artıq bir dövrdə daim bütün Avrasiyanı təhdid etmişlər. Bu gün yaşananlar, əslində, erməni xalqının da xoşuna gəlmir. Lakin onlar terrorla hakimiyyətə gələn siyasətçilərin əsiridirlər. Onlar olmayan bir soyqırımı 100 ildir dünyaya sırımağa, dövlətləri üz-üzə qoymağa çalışırlar. Əslində, dünya dövlətlərinin əksəriyyəti – Rusiya da, Almaniya da, İngiltərə də, ABŞ-da bunun yalan olduğunu yaxşı bilir. Onlar onu da yaxşı bilirlər ki, erməni millətçiləri Birinci dünya müharibəsi illəriində və ondan sonrakı dövrlərdə də yaşadıqları regionda yerli xalqların başına nə müsibətlər açıblar. Amma bilə-bilə buna göz yumur, haqqı təsdiq etmək istəmirlər. Bu gün ağrısını, acısını, kədərini bölüşdüyümüz Xocalı ki, əski tarix deyil? Xocalı qətliamı ki, dünyanın gözü önündə baş verib və ermənilər bunu heç nədən çəkinmədən bütün dünyaya bəyan edirlər. Bəs niyə dünya dövlətləri buna göz yumur, susur? Hanı bəs dünyanın haqq arayan təşkilatları? Ədalət, demokratiya şüarları altında İraqa, Əfqanıstana, Liviyaya, Misirə, Suriyaya bomba yağdıranlar, Azərbaycanın torpaqlarının işğal altında qalmasına, Xocalıda azəri türklərinin soyqırımına niyə laqeyddirlər?

Əli Həsənov çıxışının sonunda bütün bunlara baxmayaraq,  haqqın gücünə və ədalətin bir gün qalib gələcəyinə inandığını söylədi.

Toplantıda yalançı erməni soyqırımına dəstək verənlərə səslənən AK Partiyasından adanalı millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarsı dostluq qrupunun rəhbəri Nücdət Ünüvar isə dedi:

– Xocalıda qanı tökülən, öldürülən insanlar türk soyundandırlar, türkdürlər. Amma Xocalı təkcə Türk dünyasının problemi deyil. Sadəcə müsəlmandırlar, amma islam dünyasının da problemi deyildir. Çünki orada qətlə yetirilənlər insandırlar. Demək, Xocalı insanlığın, bəşəriyyətin problemidir. Üzücü məqam ondadır ki, 100 il öncə yaşanmamış olayların arxasına düşənlər, sadəcə 23 il öncə dünyanın gözü qarşısında olanları görmürlər, duymurlar.

 Xocalı deyəndə biz fəryadları, göz yaşlarını, sarsıntıları, acıları, orda tökülən qanları düşünür və paylaşırıq. Bu paylaşmanın nəticəsi bəllidir – mutsuzluq. Mutsuzuq, fəqət ümüdsiz deyilik. Çünki dünyada savaşlar sadəcə topla-tüfənglə yox, kütləvi informasiya, mədəniyyət və incəsənət vasitələrilə aparılır. O baxımdan bu gün gerçəkləşdirilən layihə cox önəmlidir.

“Xocalıya ədalət!” cağırışının Ankardakı “Empathy-2015” tədbirinə rəsmən yekun vurmaq üçün səhnəyə dəvət alan Türkiyə Cümhuriyyəti Prezidentinin sözçüsü İbrahim Kalının çıxışı daha çox diqqət çəkdi. Xocalı faciəsinin türk dünyasında heç zaman unudulmayacaq bir olay olduğunu söyləyən İ.Kalın daha sonra dedi:

– Biz Türkiyə olaraq Türkiyə, Azərbaycan, Ermənistan, eyni şəkildə Türkiyə, Gürcüstan, Azərbaycan arasında tam bir barış, hüzur və rifah istəyirik. Bunun üçün lazım olan tədbirlər, 1992-ci ildən bəri atılan addımlar bəllidir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsiz Şurasının çıxardığı qətnamələr ortadadır. Bu kürsüdən hər addımda sülhdən qaçan Ermənistana bir çağırış etmək istəyirəm: Biz Türkiyə olaraq Qafqazda hamı üçün barış, sülh, əmin-amanlıq və rifah istəyirik. Türkiyə hazır, Azərbaycan hazır. Ermənistanı idarə edənlər buna hazırdırlarmı? Qarabağ probleminin həllini sürətləndirə biləcək iradəni və cəsarəti göstərə biləcəklərmi?

Bizim hər kəsin acısına hömətimiz var, amma hər kəsin də bizim acımıza hörmət göstərməsini gözləmək bizim haqqımızdır. Xocalı qətliamında həyatını itirmiş insanların xatirəsini yaşadacağıq ki, bu acılar təkrar yaşanmasın.

Toplantı başa çatandan sonra ixtiyarsız “Empathy-2015” layihəsinin müəllifı R.Abdullayevin bir açıqlamasını xatırladım: “Bu gün tarixə, acı da olsa, gerçəklər, görüntülər və musiqi ilə yaddaş yazırıq. Bu yaddaşın tarixin gözü önündən heç zaman getməməsini istəyirik. İstəyirik Tanrının haqqına qovuşan Xocalı Onun yaratdığı dünyanın, xəlq etdiyi insanların da haqqına qovuşub ədalətli qiymətini alsın.”

Tarixin qanlı olayını, xalqının soyqırımı faktını dünyanın yaddaşına yazmaq, həm də bəşəriyyəti Xocalı faciəsinə ədalətli qiymət  verməyə haqlı bir çağırışdır, deyilmi? Bunu tək Rəşad Abdullayev, İNTEX Mərkəzi, Leyla Əliyeva, Heydər Əliyev Fondu, xaricdə yaşayan milyonlarla azərbaycanlı və türk yox, Azərbaycan və Türkiyə, bütün türk dünyası istəyir. Amma dünyanınsa yüz illərdir elə bil bir gözü kor, bir gözü isə tor görür. Nə deyim: Allah özü insanlara rəhm eləsin. Amin...

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

Bakı - Ankara -Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında