Xocalı – xalqımızın qan yaddaşı

Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirirdi. 7 min nəfər əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.

Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.   Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 axıska türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.Qarabağdakı  yeganə aeroport da Xocalıda idi.

Əsir şəhər

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi.Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması və 40 nəfər azərbaycanlının həlak olmasından sonra şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi və yerli milis qüvvələrindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

“Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Faciənin xronikası

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, həmlələrə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı keçmiş sovet alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum tanklardan, toplardan,  xüsusən “Alazan” tipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Naxçıvanik yaxınlığında xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının Xarici İşlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurası nümayəndə heyətinin vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Onlar sonra Yerevana və Bakıya səfər etməli idilər. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmış, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, öldürür və işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi: ətraf cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu.

Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.   Hücumdan əvvəl, fevralın 25-də axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-da səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.  Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 nəfəri uşaqlar; 106 nəfəri qadınlar; 70 nəfəri qocalar idi. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həmin gecə 487 nəfər yaralanmışdır, onlardan 76 nəfəri uşaqlar idi. 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına həmin tarixinin məzənnəsi ilə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur. Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlanmış və Azərbaycan SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dəhşətlərindən xəbər verir.

Xarici mətbuat Xocalı qətliamı barədə

“Krual’Eveneman” jurnalı (Paris), 1992-ci il, fevral: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”.

“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.

“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Meyitlərin çoxu eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü”.

“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

“İzvestiya” qəzeti (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

“Valeraktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu ”muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

İngiltərənin “Fant mennyus” teleşirkətinin jurnalisti R.Patrik  (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas iştirakçılarıdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. Hadisədən dərhal sonra 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da iz itirmək məqsədi güdür.  Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri – əsasən ermənilərdən ibarət olan və qırğında iştirak edən hərbçilər, guya əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə, gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!  Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazişə, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi barədə Bəyannaməyə məhəl qoyulmamasıdır.

Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.

Hücumun gedişatı – Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-da saat 1-4 arası girmişdir. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləbaranı nəticəsində dinc əhalinin külli miqdarda əmlakı dağıdılmışdır.

Erməni tələsi

Ağdam və Bakıda “Memorial” Hüquq-Müdafiə Mərkəzinin müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfəri sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Həmin dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazisində gülləyə tutulmuş və nəticədə çoxlu sayda insan həlak olmuşdur.

Şəhərdən qaçan sakinlər hətta zəruri əşyalarını belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nəyi götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən talan olunurdu. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.

“Memorial” Hüquq-Müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Şahidlərin ifadələri

Qaradağlı sakini İlqar Əliyevin açıqlaması:

– Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar... Onlar kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular...

Mənimlə birlikdə yüzdən artıq Qaradağlı sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq... Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakini acından öldü.

Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı sakini Oruc Əliyev:

– Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər. Əsirlikdə olduğumuz müddətdə hər gün ermənilər tərəfindən döyülür və işgəncəyə məruz qalırdıq...

Martın 17-də Allahverdi Bağırovun köməyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər...

Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər də mənə demişdilər.

(ardı var)

Murtəza HƏSƏNOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında