XX əsrin dəhşətli faciəsi

Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür.

Heydər ƏLİYEV
Ümummilli lider

Azərbaycan xalqı son 200 il ərzində zaman-zaman erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından didərgin salınmış, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət, olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı doğma ata-baba yurdlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən tükürpədici hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindəndir.

Etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olan Xocalı qətliamından 23 il keçir. Lakin bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub. Öz miqyasına və dəhşətlərinə görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər.

Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər.

Bu faciənin tarixçəsinə nəzər salaq. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Getdikcə Azərbaycanın əsas ərazisi ilə əlaqələr kəsilmiş, 50-60 avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış erməni hərbi birləşmələri ilə üz-üzə qalmışdı. Fevralın 25-də gecə saat 23 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayın komanda heyəti və hərbi texnikası ilə birgə hücum olmuşdur. Hücumda ermənilər tərəfindən mayor Seyran Ohanyanın komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Valeriy Çitçyanın və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir.

Cinayətkar və amansız erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə, təhqirlərə və işgəncələrə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başlarının dərisi soyulmuş və kəsilmişdir. Erməni vəhşiliyi körpə uşaqların gözlərinin çıxarılmasında, süngü ilə hamilə qadınların qarınlarının yarılmasında da özünü göstərmişdi. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilmişdir.

Bu dəhşətli hadisələrdən 23 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini hamı bilməli, daim yadda saxlamalı və gələçək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

Beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir. Bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirən Ermənistan dövləti öz işğalçılıq missiyasından hələ də əl çəkmir. XX əsrin ağlasığmaz faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. . Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Ermənilərin məhz Xocalı şəhərini hədəfə almaqda məqsədləri var idi. Bu çirkin niyyət bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi daşıyırdı. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu, tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim və tarixi abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu tarixi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikan və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Bütün dünyanı lərzəyə salan Xocalı soyqırımı barədə bundan sonra da geniş məlumatlar yayılmalı, dünya ictimaiyyəti erməni vəhşiliyi ilə yaxından tanış olmalı, əsil həqiqətlər ermənilərin iç üzünü bir daha açmalıdır. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət vermək barədə düşünmədi. Qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyən dövlət rəsmiləri öz vəzifələrini qoruyub saxlamaq üçün min-bir oyundan çıxdılar.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.

O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ili böyük izdihamla qeyd olunmuşdur. Soyqırımı qurbanlarının xatirəsi paytaxtımızda 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri ümumxalq yürüşünə qatılmışdılar. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən yad edilir, Xocalı qətliamı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın 25 ölkəsində keçirilmiş aksiyalara dəstək məqsədi ilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır.

Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

 

Bu fəaliyyətlərin səmərəsi olaraq artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanımışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Khojaly Witness of a war crime - Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitab erməni vəhşiliyinin ifşa olunması baxımından çox dəyərlidir. Bu kitab rus və türk dillərində Sankt-Peterburq və İstanbulda nəşr edilib. İlk dəfə ingilis dilində nəşr olunan bu toplu ötən il Londonun “İTHACA Press” nəşriyyatında çap edilib.

“Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva kitaba ön söz yazıb. Ön sözdə deyilir: “...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndi də dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayəndələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış, qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər etmişdir”.

Bu, Xocalı soyqırımı haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.

Azərbaycan xalqı erməni vəhşiliyini, erməni terrorlarını heç vaxt unutmayacaq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz azad olunacaq və şəhidlərimizin qisası alınacaq. Dövlətimizin başçısı da qəti şəkildə bəyan edib: “Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında