Ankarada Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

Ankarada  İNDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasim keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın və digər rəsmi şəxslərin qatıldığı mərasimdə Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan tələbələr, ölkə  ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar tədbirin keçirildiyi “Congressium” Beynəlxalq Mərasimlər Mərkəzində Xocalı soyqırımını əks etdirən və Azərbaycanın dilbər guşəsi olan Qarabağa dair nadir fotolardan ibarət sərgilərə baxıblar. Xocalı soyqırımına dair sərginin keçirildiyi salonda Azərbaycana qarşı zaman-zaman törədilən işğalçılıq siyasətinin acı nəticələri ilə bağlı sənədli film nümayiş olunub.

Mərasimin rəsmi hissəsində İNDEX-in sədri Rəşad Abdullayev çıxış edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək, Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu deyib. Əli Həsənov bildirib ki, işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri  müasir dünyanın gözü qarşısında həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə, hətta bundan qürur duyduqlarını bildirməklə, əslində sülhsevər dünya ictimaiyyətinə qarşı meydan oxuyurlar. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü  təcavüzdür.

Əli Həsənov diqqətə çatdırıb ki, hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anım mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Bundan məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.

Türkiyə xalqının hər zaman Azərbaycan ilə həmrəy olduğunu bildirən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın qeyd edib ki, ölkəsi həm Türkiyə və Ermənistan, həm də Azərbaycan ilə Ermənistan arasında, o cümlədən bütün Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyir. Lakin bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialara son qoyulmalıdır. 

Xocalı soyqırımının ilk növbədə  insanlığa qarşı törədilmiş hərbi cinayət olduğunu diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa mənəvi haqqı yoxdur.

Mərasim iştirakçıları Qarabağ bölgəsindən olan həmyerlimiz  Rəşad Zeynallının çıxışını ürək sızıltısı ilə dinləyiblər.

Çıxış edənlər şəhidlərimizin ruhuna rəhmət diləyərək, əminliklə bildirdilər ki, dünya ictimaiyyəti tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması davam edəcək, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qərar və qətnamələri yerinə yetiriləcək.  

 Mərasimdən sonra Əli Həsənov media təmsilçilərinə geniş  müsahibə  verib.

Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri

Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında