Xocalı soyqırımı zamanı ailəsini itirmiş azərbaycanlı yazıçının Almaniyada reallaşdırdığı layihə bu ölkədə faciənin miqyasının dərk olunmasına şərait yaratmışdır

 

Xəbər verdiyimiz kimi, bu ilin fevralında Almaniyanın bir sıra şəhərlərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

Berlində fəaliyyət göstərən Türk-Azərbaycan Birliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Atatürkçü Düşüncə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı Səriyyə Cəfərova öz fəal iştirakı ilə dəstək vermişdir.

İctimai Birliyin sədri fevralın 21-də Köln Universitetinin böyük zalında, fevralın 22-də Berlində yerləşən “Türk evi”ndə, fevralın 23-də isə Hamburq şəhərində Xocalı soyqırımına həsr edilmiş tədbirlərdə alman ictimaiyyəti, türk və Azərbaycan diaspor nümayəndələri qarşısında Qarabağ münaqişəsinin həllinə apara biləcək tezislərlə çıxış etmiş və münaqişə ilə bağlı mülahizələrini söyləmişdir.

Soyqırımı zamanı ailəsini itirmiş Səriyyə Cəfərova bu tədbirlərdə erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri qanlı qırğınlardan danışmışdır. Səriyyə Cəfərova çıxışlarında Xocalı soyqırımının beynəlxalq ədalət məhkəməsi səviyyəsinə qaldırılmasını təklif etmişdir. O, erməni təcavüzünə qarşı mübarizəsini davam etdirəcəyini və yaxın gələcəkdə doğulduğu Xocalı şəhərinə - tarixi Vətəninə qayıdacağına inandığını vurğulamışdır.

Səriyyə Cəfərova hər çıxışından sonra tədbir iştirakçılarının Xocalı həqiqətləri ilə bağlı suallarını da cavablandırmışdır.

Bu günlərdə Vətənə qayıtmış Səriyyə Cəfərova AzərTAc-a müsahibəsində demişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqəyə təqdim etdiyim layihə qalib gəldi. Layihənin əsas məqsədi alman ictimaiyyətini Xocalı həqiqətləri barədə məlumatlandırmaq idi. Layihə çərçivəsində fevralın 26-da Berlin şəhərinin Brandenburq Qapıları qarşısında Xocalı soyqırımına həsr edilmiş nümayiş və anım mərasimi keçirildi.

Tədbirdə Xocalı soyqırımından bəhs edən film göstərildi, kitab və plakatlar təqdim olundu. Demək olar ki, məqsədimizə nail olduq. Həmin tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Rövşən Rzayev, tarixçi-alim Qasım Hacıyev də öz iştirakları ilə mənə dəstək oldular. Eyni zamanda, bu tədbirin reallaşmasında Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Türk-Azərbaycan Birliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin köməyini yaxından hiss etdim.

Almaniyada yaşayan türklər bizimlə bir yerdə oldular. Xüsusilə bu ölkədə təhsil alan azərbaycanlı gənclərin fəallığı məni fərəhləndirdi. Bir sözlə, bu layihə alman ictimaiyyəti, türk diasporu tərəfindən Xocalı faciəsinin başa düşülməsi və həqiqətlərin düzgün şəkildə işıqlandırılması üçün yararlı və qiymətli bir hadisə oldu”.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında