Ötən əsrin dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının 22 ili tamam olur. Xatırladaq ki, Xocalı faciəsi ölkədə hakimiyyətsizliyin, anarxiya və özbaşınalığın hökm sürdüyü bir şəraitdə baş vermişdir. Belə ki, həmin dövrdə respublikamızda müxalif qüvvələrlə o zamankı iqtidar arasında ziddiyyətlər özünün son həddinə çatmışdı. Ölkəmizdə müstəqillik elan edilməsinə baxmayaraq, Azərbaycana rəhbərlik edənlər hələ də Rusiyanın təsir dairəsindən çıxmağa tələsmir və bunun nəticəsi kimi müstəqil ordu yaratmaq barədə düşünmürdülər. Məhz son dərəcə ciddi məsələlərə belə qeyri-ciddi yanaşmanın nəticəsi Xocalı faciəsinə gətirib çıxardı.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Ermənilərin Xocalıya əsas maraqları bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə yerləşirdi. Yeganə aeroport da Xocalıda idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son tunc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada qədim abidələr, dairəvi qəbr vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, tunc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birinin üzərində Assuriya şahı Adadnerarinin adı həkk olunmuşdur.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən qaçqın düşmüş 54 Axıska türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalını darmadağın etmək, bu ərazidən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, Xocalı aeroportunun ələ keçirilməsi idi.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı faciəsi tarixdən bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmı faciələri ilə eyni səviyyədədir.
1991-ci ilin oktyabrından Xocalı blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gedən bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması nəticəsində Azərbaycanın say-seçmə 40 nəfər vətəndaşının həlak olmasından sonra şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi – Xocalı qırğını baş verdi. Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Tanklardan, “Alazan” tipli zenit toplarından 2 saatlıq atəşdən sonra şəhərə hücum başlandı. Düşmən kini-küdurəti içinə yığıb kimsəyə aman vermədi. Şəhər əvvəlcə erməni qoşunları tərəfindən mühasirəyə alınmış, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində yanğın baş vermiş, Xocalı tamamilə alova bürünmüşdür.
Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Dinc əhali erməni vəhşiliyindən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan həlak oldular...
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişdilər... Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.
Xocalıda baş vermiş dəhşətli soyqırımı Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən xalqdan gizlədilir, bu qanlı faciə bütün vasitələrlə ört -basdır edilirdi. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Xocalı faciəsinin törədilməsinin əsl səbəbləri barədə xalqa ətraflı məlumat verildi. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə xüsusi fərman imzaladı. Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı və Milli Matəm Günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır. Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin fəaliyyətləri nəticəsində Xocalı qətliamı barədə dünyanın bütün ölkələrinə ətraflı məlumat verilmişdir.
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ziyalılar, ictimayyət nümayəndələri, bir sözlə, bütün ölkə vətəndaşları soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anmış və ümumxalq yürüşündə iştirak etmişlər. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. İyirminci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı faciəsini törədənlər bütün dünya azərbaycanlıları, bu soyqırımına biganə qala bilməyən beynəlxalq ictimaiyyət tərəfindən lənətləndi. Hər bir azərbaycanlının qəlbi soyqırımına məruz qalmış soydaşlarımızın yaxınları, doğmaları ilə birgə döyünür.
Bu izdihamlı yürüşün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu dəhşətli soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”,"Xocalını unutmayın", “Rədd olsun erməni faşizmi!”... yazılmış plakatlar tutmuşdular.
Bütövlükdə, bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli və başa düşməlidir ki, XX əsrin sonunda bütün bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.
Kənan RƏHMANOV, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, 50 saylı notariat kontorunun xüsusi notariusu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.