Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir Nərimanov rayonu

 

 

 

 

 

 

XX əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımından 22 il ötür. Erməni qaniçənləri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktının ildönümü Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir.

Dünən paytaxtın Nərimanov rayonunda bəşəriyyətə qarşı törədilmiş həmin tarixi cinayətin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Rayon icra hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, eləcə də rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin iştirak etdikləri anım mərasimi Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək Azərbaycanın tarixində ən qanlı hadisələrdən biri olan bu bəşəri cinayətin ağır nəticələrindən danışdı, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı.

Qeyd olundu ki, Xocalının yer üzündən silinməsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak etmiş, şəhərin dinc əhalisinə divan tutulmasında xüsusi canfəşanlıq göstərmiş, nəticədə görünməmiş vəhşiliklər törədilmişdir. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilmiş, süngüdən keçirilmişlər.

Natiq Xocalı faciəsi haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd etdi. Bu sahədə məqsədyönlü fəaliyyətin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığını diqqətə çatdıran A.Fərzəliyev bildirdi ki, məhz ulu öndərin təşəbbüsü ilə həmin bəşəri cinayətə siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı  “Xocalı soyqırımı günü” elan edilmişdir. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr vermiş, artıq qaniçən ermənilərin əsl siması dünyaya bəlli olmuşdur.

Faciənin ildönümünə həsr olunmuş mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar artıq öz bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və bütövlükdə insanlıq əleyhinə törədilmiş bu bəşəri və son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.  Xocalı dəhşətlərinin canlı şahidi Brilliyant Hacıyeva o müdhiş gecədə erməni vandallarının törətdikləri vəhşiliklərdən və qanlı cinayətlərindən ürək ağrısı ilə söhbət açdı. Bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayan natiq dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi və hərbi gücünün getdikcə artdığını bildirdi. B. Hacıyeva  Azərbaycanın haqq səsinin dünya miqyasında eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və işğal altında olan torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə əminliyini ifadə etdi.  

Anım mərasimində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Rayonun bir qrup gənc tələbənin hazırladığı kompozisiya  yaddaşları bir daha silkələdi, cinayətkar ermənilərə olan nifrət  hissini gücləndirdi.

Sonda Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və o müdhiş faciə zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə birdəfəlik maddi yardımlar göstərildi.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında