Xocalı faciəsi sənət əsərlərində yaşayacaq

 

 

 

 

1985-ci il  Böyük Vətən müharibəsinin  40 illiyi münasibəti ilə  “Belarusfim” və “Mosfilm” kinostudiyalarının birgə istehsalı olan  “Get və bax” (rejissor Elem Klimov) müharibə dramı ekranlara   buraxılanda  tamaşaçılar kinoteatrları  göz yaşları  içərisində tərk edirdilər. Film  Xatun  faciəsinin  çox hüznlü mənzərəsini yaratmışdı. O vaxt kimin ağlına gələrdi ki, Belarusun Xatın faciəsi bir vaxtlar  Azərbaycanda  təkrar olunacaq. Azərbaycan  bundan daha dəhşətli  soyqırımı faciəsini təkrar yaşadı. Xatun  faciəsini  alman  faşistləri törətmişdisə, Xocalı  faciəsini  70 il  bir ölkədə yaşadığımız  sovetlər birliyinin  ordusu, erməni  cəlladları ilə birgə  həyata keçirmişlər.

Xocalı misli bərabəri olmayan faciə idi. Burada insanlar   amansızcasına, insanlığa sığmayan vəhşiliklə qətlə yetirilmişlər. Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət  bu amansız  qətliamı  heç  zaman unutmamalıdır. Bu  faciə bədii əsərlərdə, kinofilmlərdə, rəsm, musiqi əsərlərində  gələcək nəsillərə   çatdırılmalıdır.

Azərbaycanın sənət adamları  Xocalı  hadisələrinin ilkin  bədii  nümunələrini artıq yaratmışlar. Elə  hadisədən  bir neçə  gün sonra  Milli  Qəhrəman  Çingiz Mustafayev   həyatını təhlükə qarşısında  qoyaraq  amansızlıqla  qətlə yetirilmış şəhidlərin  cəsədlərini   videokameraya  köçürə  bilmişdi.  Azərbaycan xalqının  yaddaşının  qanlı  şəhifəsinə çevrilən  bu  kadrlar sonradan  neçə-neçə  kino əsərlərinin   çəkilməsinə imkan yaratdı.

 “Fəryad”  Xocalı  soyqırımı  haqda  ilk bədii  kino əsəri oldu. Kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkarımız Ceyhun Mirzəyevin quruluş verdiyi və baş rolu ifa etdiyi film öz zamanı üçün tarix yazıb desək, heç də yanılmarıq. Texniki meyarları və ümumilikdə, kinodramaturji üstünlükləri bir yana, filmdə müharibənin ağrı-acısı məharətlə göstərilib.  Xocalı həqiqətlərinin  dünyaya çatdırılmasında  böyük xidmətləri olan   Nüşabə Məmmədovanın ssenarisi əsasında  lentə alınan “Haray” filmi Xocalı həqiqətlərinin bəddi kinoda  dolğun ifadəsi idi.   Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda insanlığa qarşı törədilmiş  tükürpədici qətliam öz əksini tapıb. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə  şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox  təsirli edir.

Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar” filmidir. Bu filmi də sakit seyr etmək mümkün deyil. Bu kadrlar yığınında da tükürpədici qışqırıqlar, sərxoş ermənilərin ikrah doğuran hərəkətləri, “ara”larla bitən və başlayan qırıq dialoqlar insanı, sadəcə, dəli edir. Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyin “Biz qayıdacağıq” bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Filmdə bir neçə xronikal kadrdan və quraşdırma səhnələrdən istifadə olunub. Ekran əsəri Xocalı soyqırımından daha çox, məcburi köçkün düşən insanların ağrılarından danışır.  “Xoca” filmi isə  mövzuya daha da  yaxınlaşaraq, Xocalının  işğal ərəfəsində və  həmin  gecə  qarşılaşdığı ağrılı məqamların  real faktlara  söykənən   bədii ifadəsidir.   Filmin müəllifi Vahid Naxış  bədii kinonun  imkanları çərçivəsində  Xocalı hadisələrinin  reallıqlarını   tamaşaçıya  çatdırmağa çalışıb.

Amma  sənədli kinomuzda  Xocalı  soyqırımı ekrana  miqyaslı şəkildə  gətirmək üçün kifayət qədər dolğun film yaradılmayıb. Bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmini göstərə bilərik. Rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filmini də qeyd etmək olar. “Azərbaycantelefilm”də lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də maraqlı ekran işləridir. Beləliklə, Xocalı soyqırımından bəhs edən sanballı, dünya kinosu standartlarına  cavab  verən  bədii filmimiz hələ ki, yoxdur. Ümid edək ki, yaxın gələcəkdə bu mövzuda dəyərli ssenari yazılacaq və “Pianoçu”, “Şindlerin siyahısı” kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq.

Amma  bu mövzuda  rəssamlarımız daha məhsuldar işləmişlər. İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın  həmin mövzuda  silsilə  işlərini, xüsusilə  “Xocalı” plakatını qeyd etməliyik. Onun sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərinin bədii  təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.      Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuş “Bax, gör, unutma!” qrafik silsiləsində şahidlərin xatirələri əsasında yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.

Rəssamlardan Mayis Əliyevin “Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, “Abdulla Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədovun  “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun “Torpağın harayı” və “O qan yerdə qalmaz”, Vüqar Quliyevin “Sönmüş ocaq” və s. əsərlərində faciənin ayrı - ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli bədii - psixoloji qaynağa çevrilmişlər.

1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Bakıdakı Xocalı faciəsi abidəsi xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən sənət əsərindəndir. Özündə ana kədərini əks etdirən bu tunc heykəlin müəllifi tanınmış tişə ustası Aslan Rüstəmovdur.

     Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına   həsr etdikləridikləri digər yaddaqalan  sənət nümunələri  sırasında xalq rəssamı Fuad Salayevin “Döyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib. Fuad Cəfərovun “Ağrı”, Zakir Əhmədovun “Xocalısız qocalar” və Natiq Əliyevin “Yaralı” kompozisiyalarında isə daha çox obrazların psixoloji yaşantıları qabardılıb.

Mərhum fırça ustası Nazim Məmmədov (1934-2004) ağır xəstə olmasına baxmayaraq, Xocalı faciəsinə dərhal və davamlı münasibət bildirən sənətkarlarımızdan olub. Sənətşünas Ziyadxan Əliyev onun əsərlərinə münasibət bildirərək yazır: “Onun 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində  fərdi sərgisi oldu. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada rəssamın  50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi. “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər! Bizi xilas edin!” və s. lövhələri insanları duyğulandıran həmin sərginin məna-məzmununu özündə hifz edən və erməni vəhşiliyini ifşa edən nümunələr idi. Rəssam sərgi sonrası faciənin ən önəmli məqamlarını özündə əks etdirən bütün lövhələri muzeyə hədiyyə etdi."

Öz yaradıcılığında Qarabağ müharibəsinin bədiiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq əsərlərində də hadisəyə real-rəmzi münasibət duyulmaqdadır. Onun “Xocalı qaçqınları”, “Didərginlər” və “Şəhidlər” bu bədii-psixoloji məziyyətləri görmək mümkündür.

Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə”, “Qaçan qadınlar” və Telman Abbasovun “Ana harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.

Rəhman Şıxəliyevin “Şəhər draması”, İsmayıl İsmayılovun “Mübariz”, Dadaş Məmmədovun “Xocalı soyqırımı”, Bayram Qasımxanlının “Təcavüz” və “Faciələrimiz”, Etibar Aslanovun “Şəhərin son günü” və Vüqar İsmayılovun “Xocalı faciəsi” lövhələrinin leytmotivində isə baş vermiş dəhşətli hadisənin ölçüyəgəlməz miqyasını göstərmək istəyi duyuldu. Rəngkar Nadir Bayrışovun “Şəhid” və “Məcburi qaçqınlar” tablosunda da insanların mübarizlik ruhunun ifadəsi rənglərin təzadı ilə göstərildiyindən çox təsirlidir.

Belə əsərləri yaratmaq isə hər rəssam üçün öz sənətkarlığını nümayiş etdirməkdən çox, özünün həm də “Vətən daşı” olduğunu sərgiləmək imkanıdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında