XOCALI GENOSİDİ: hüquqi baxış

 

 

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər epizodlar üzrə hazırda Azərbaycan Respublikası Prokurorluğunda intensiv surətdə istintaq davam etdirilsə də, ölkə vətəndaşları Xocalı genosidini törədən canilərin, nəhayət ki, məhkəmə qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyirlər. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri Xocalıda soyqırımı kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində, yaxud yurisdiksiyası tanınmış Beynəlxalq Cinayət Məhkəməsində baxılmasına, təqsirli şəxslərin layiqincə cəzalandırılmasına qanuni əsaslar verir.

Son illər müxtəlif şəxslər Xocalı soyqırımına görə ittiham olunan cinayətkarların Haaqa Tribunalında - Beynəlxalq Cinayət Məhkəməsində cəzalandırılmaları barədə tez-tez bəyanatlar səsləndirir və təkliflər irəli sürürlər. Millətimizə qarşı belə qəddar cinayətləri törətmiş erməni faşistlərinin, onların himayədarlarının qanun qarşısında nəhayət ki, cavab verməli olmalarına dair belə iddialar tamamilə haqlı olsa da, lakin bu beynəlxalq və milli hüquqda ciddi prosedur qaydalara əməl edilməsini tələb edir. Buna görə də beynəlxalq hüquqda Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu məsələsinə müəyyən aydınlıq gətirilməsinə zərurət vardır.

BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə görə BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz Nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlər aiddir, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər. Bütün bunlara baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlər məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər prinsipi” birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət əməllərinə baxmaq statutuna malik deyildir. Lakin bütün bunlar o demək deyildir ki, soyqırım və digər ağır cinayətləri törədənlərin əməlləri cəzasız qalmalıdır.

Tarixə ekskurs edək. Bəşər tarixinin ən qəddar müharibələrindən olan II Dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərə görə Nürnberq Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir.

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üzrə BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransı İtaliyanın paytaxtı Roma şəhərində 15 iyun -17 iyul 1998-ci il tarixlərində  Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiq etmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə malikdir. Bütün bunlarla yanaşı, Roma statutunun “Ratione temporis yurisdiksiyası”na (11-ci maddə) görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyul 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statutunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər. Haaqa Tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun.

BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi, Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin yaranması, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir,... beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması məqsədi ilə Nizamnamənin 41-ci və 42-ci maddələrinə uyğun olaraq, müvafiq tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyətlərindən istifadə edir.

Soyqırımı cinayətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdə törədildiyi, BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII bölməsində göstərilən hallar mövcud olduqda, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi soyqırımı cinayətlərinə baxılması üçün hüquqi əsas ola bilər. Lakin bu hüquqi əsaslar və hüquqi şərtlər hazırda mövcud olmadığına görə Xocalı soyqırımını törədənlərin cinayət işinə Haaqa Tribunalında baxılması mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalanmamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statutunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya etməmişdir. Buna görə də Xocalı soyqırımını törədənlərin əməlləri Haaqa Tribunalının yurisdıkasiyasının təsiri altına düşsə belə, Azərbaycan bu statutu imzalanmadığından xalqımıza qarşı törədilən soyqırım cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü və Roma statutunu ratifikasiya etsə belə, yenə də bu barədə toplanmış materiallar icraata qəbul edilə bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixlərində baş verərkən, Azərbaycan bu məhkəmənin üzvü olmamışdır. Buna görə də məhkəmə həmin cinayət işini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyildir.

Beynəlxalq təcrübəyə əsasən, məsələnin başqa bir hüquqi həlli yolu da vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə Ermənistanın və onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribunalının yaradılması da tamamilə mümkündür. Bunun üçün Azərbaycanın səlahiyyətli orqanlarının Birləşmiş Millətlər Təşkilatı qarşısında məsələ qaldırması zəruridir. Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb təqsirləndirilən şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər. Bu barədə müvafiq təcrübə də vardır.

BMT Nizamnaməsinin VII fəslində göstərildiyi kimi, sülhə təhlükə, sülhün pozulması və təcavüz aktlarının baş verdiyi hallarda, məsələnin Təhlükəsizlik Şurasında baxılması prosedurunu nəzərdə tutsa da, Nizamnamədə BMT Təhlükəsizlik Şurasının, fərdi şəxslərin cinayət əməlləri üzrə məhkəmə yaratmaq səlahiyyətləri nəzərdə tutulmamışdır. Buna baxmayaraq keçmiş Yuqoslaviya ərazısində sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə ekspertlərin topladığı materialları nəzərdən keçırən BMT-nin sabiq baş katibi Butros Qalinin təşəbbüsü ilə BMT Nizamnaməsində Təhlükəsizlik Şurasının səlahiyyətlərinə dair normalar yenidən nəzərdən keçirilmiş, ona müvafiq şərhlər və əsaslandırmalar verilməklə, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Tribunalın yaradılması haqqında Təhlükəsizlik Şurası 23 fevral 1993-cü il tarixdə 808 və 25 may 1993-cü il tarixdə 827 saylı qətnamə qəbul etmişdir. Bununla da, Təhlükəsizlik Şurasının fəaliyyətində yeni bir prezidentin əsası qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, sonradan Təhlükəsizlik Şurasının 8 noyabr 1994-cü il tarixli qətnaməsi ilə Ruanda işi üzrə fəaliyyət göstərən Beynəlxalq Hərbi Tribunal təsis edilmişdir. Ötən dövr ərzində Yuqoslaviya və Ruanda Beynəlxalq Hərbi Tribunalları öz əsasnamələrinə müvafiq olaraq sülh və insanlıq əleyhinə və müharıbə cinayətləri törətmiş canilərin layiqincə cəzalandırılmasını təmin etmək sahəsində böyük işlər həyata keçirmişdir. Bütün bunlar  BMT-nin, onun Təhlükəsizlik Şurasının   nüfuzuna əhəmiyyətli təsir göstərmişdir.

Belə bir təcrübədən bəhrələnərək BMT Xocalı soyqırımı, eləcə də Ermənistanın təcavüzkar hərbi qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi, sülh və insanlıq əleyhinə olan əməllərə görə xüsusi Beynəlxalq Hərbi Tribunalın yaradılması məsələni həll edə bilər. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı “ad hoc” xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilə bilər.

Hazırkı vəziyyətdə beynəlxalq hüquqda məsələnin daha optimal bir həlli yolu da vardır. Bu da onunla əlaqədardır ki, Konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq Xocalı soyqırımı barədə cinayət işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq Azərbaycan Respublıkasının səlahiyyətli məhkəmələri tərəfindən icraata qəbul edilə və həmin cinayəti törədənlər öz layiqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq, nəinki milli məhkəmələrə belə bir imkanı verir, hətta onların üzərinə belə bir öhdəlik qoyur. Müxtəlif ölkələrin milli məhkəmələrinin təcrübəsində belə çoxsaylı işlərə baxılmışdır. “Polyuxoviçin Avstraliya İttifaqına qarşı” işi üzrə Avstriya Məhkəməsınin, Adolf Ayxmanın işi üzrə Yerusəlim Məhkəməsinin (1961-ci il), Rafik Sariçə qarşı Danımarka Milli Məhkəməsinin (1994), Duşko Tadiçə qarşı Almaniya Ali Məhkəməsinin (1994), Darko Kneceviçə qarşı Niderland Ali Məhkəməsinin (1997) və onlarca digər faktlar üzrə milli məhkəmələrin hökmləri buna misal ola bilər. Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını törədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə Ağır Cinayət Məhkəməsində-Gəncə Ağır Cinayət Məhkəməsində baxıla bilər. Çünki Xocalı soyqırımı Azərbaycan ərazısində, bəziləri Azərbaycan Respublikasının vətəndaşları olan ernmənilər tərəfindən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və Axıska türklərinə qarşı törədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünki universal yurisdiksiya prinsipinə görə, genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının borcudur. Burada həm də nəzərə almaq lazımdır ki, belə cinayətləri törətmiş şəxslərin Ermənistanın, Rusiyanın və hər hansı başqa bir ölkənin ərazisində olmasından asılı olmayaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gəlir. Belə ki, Soyqırımı Konvensiyasının 7-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxslərin verilməsi məsələsində soyqırımı, eləcə də Konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi cinayətlər hesab edilmir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi və Azərbaycana verilməkdən, ekstradisiya olunmaqdan  imtina edilməsi mümkünsüzdür.

Bütün bu şərhlərimiz bir daha nəzərdən keçirilərkən aydın olur ki, hazırki vəziyyətdə Xocalı genosidini törədənlərin müəyyən bir hissəsi haqqında respublikamızın Baş Prokurorluğu kifayət qədər möhtəbər sübutlar toplamış, canilərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və haqlarında həbs qətiimkan tədbiri seçilməsi haqqında məhkəmələr qərarlar çıxarmışlar. Həmin şəxslərin tutulması haqqında İnterpol xətti ilə beynəlxalq axtarış verilmişdir. Axtarışın nəticəsindən asılı olaraq ərazi aidiyyatı üzrə Xocalı soyqırımı törədənlərin cinayət işinə Gəncə Ağır Cinayət Məhkəməsində baxılması mükün olacaqdır. Hesab edirəm ki, o gün uzaqda deyil və müstəqil Azərbaycanın hüquq - mühafizə orqanları bu şərəfli vəzifəni şərəflə yerinə yetirməyə nail ola biləcəklər.

Dağlıq Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi və Xocalı genosidinin hüquqi təhlili problemlərinin öyrənilməsi göstərir ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həlli vaxtı çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəlmişdir, ayrı-ayrı normalar mükəmməl hesab edilə bilməz. Eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən konvensiyalar işlək deyildir, dövlətdaxili qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə “Genosid cinayətınin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyasında da müəyyən qüsurlar vardır. Bu konvensiya müasir tələblərə cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin kompensasiya mexanizmləri yoxdur. Azərbaycan-Ermənistan və Dağnlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi icrasız qalmışdır. BMT-nin üzvü olan və bir sıra konvensiyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq hüququn və beynəlxalq birliyin əksəriyyətinin iradəsini ifadə edən qətnamələrə məhəl qoymur, onları icra etməkdən boyun qaçırır. Sivılizasiyaların ən yüksək təkamül mərhələsi hesab olunan hazırkı dövrdə, dünyada qlobal problemlərin hüquq müstəvisində, dinc və danışıqlar yolu ilə, qanunla və ədalətlə deyil, çox təəssüf ki, zorla və silah gücünə həll edilməsinə üstünlük verilir. Kiçik dövlətlərə münasibətdə ikili standartlar kifayət qədər geniş yayılmışdır. Bu gün hələ dünyada yüzlərlə münaqişələr və mübahısələr qalır. Dünyanın müxtəlif ölkələrində və müxtəlif regionlarında ərazi, dini, irqi, milli, etnik və digər zəminlərdə münaqişələr və müharibələr davam edir, minlərlə insanın ölümü ilə nəticələnir. Bir müstəqil ölkə başqa bir müstəqil ölkənin hakimiyyətini devirir, ərazisini işğal edir, əhalisini qırır, təbii sərvətlərini ələ keçirir. Yaşadığımız balaca planet sanki “qan çanağı”na çevrilmişdir, tərəqqipərvər bəşəriyyət isə aciz vəziyyətdə gözləyir. Bütün bunlar, təəssüf ki, bu günümüzün reallıqlarıdır.

Demokratiya və insan hüquqlarının müdafiəsi problemi beynəlxalq təşkilatların və böyük dövlətlərin əsas prioritetləri kimi təqdim edilsə də, əslində məsələn, Ermənistan kimi işğalçı bir dövlətə onların münasibəti yalnız təəccüb doğurur. Ərəb ölkələrində, Afrika ölkələrində, Əfqanıstanda, Pakistanda baş verən hadisələr beynəlxalq hüququn elementar standartlarına cavab vermir. Beynəlxalq təşkilatlar isə bütün bunları yalan vədlərlə, sükutla qarşılayır.

Suveren Azərbaycanın ərazi bütövlüyü 26 ildən çoxdur ki, qonşu dövlət tərəfindən silah gücünə işğala məruz qalmışdır. Dağlıq Qarabağın nəzarətsiz ərazilərində terrorçu qrupların yetişdirilməsi, narkoplantasiyaların salınması, narkolaboratoriyaların məhsulları dünyanın müxtəlif ölkələrinə eksport edilməsi və əldə edilən vəsait hesabına separatçı qurumun maliyyə problemlərinin həll edilməsi BMT-ə də, NATO-ya da, ATƏT-də başqa böyük dövlətlərə də  tam aydındır. Əgər dünya həqiqətən də terrorçuluğa və narkobiznesə qarşı mübarizə aparırsa, onda nə üçün təcavüzkar dövlət olan Ermənistana, separatçı və qondarma qurum olan “DQR”ə qarşı biganə münasibət göstərir? Bu sualın cavabını hamı kimi biz də yaxşı bilirik. Çünki dünyada ikili standartlar mövcuddur, “doğma” və “yad”, “müsəlman” və “qeyri-müsəlman” ölkələr vardır. Ayrı-seçkiliyin də kökündə digər amillərlə yanaşı, məhz bu amil dayanır. Bu gün nəhayət ki, dünyanın qüdrətli dövlətləri beynəlxalq təşkilatlarla birlikdə bir araya gəlib bütün bu məsələlərin həllini təmin etməyə, XXI əsrin qlobal çağırışlarına müsbət cavab verməyə borcludur. Birləşmiş Millətlər Təşkılatının, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və dıgər bu kimi beynəlxalq və regional təşkilatların ayrı-ayrı aktual məsələlər üzrə vahid, yekun konvensiyalarının hazırlanması və qəbul edilməsi vaxtı çatmışdır. Beynəlxalq və regional münaqişələrin, mübahisələrin və problemlərin həlli istıqamətində qəbul edilmiş qətnamələrin icrasını təmin edən işlək mexanizmlərin yaradılması bu gün son dərəcə aktualdır. Bu zəmində Beynəlxalq Cinayət Məhkəməsinin, Cinayət Məcəlləsinin və Mülki Məcəllənin mükəmməl və işlək formada, beynəlxalq standartlara cavab verən bir səviyyədə hazırlanması, normativ-hüquqi bazasının təkmilləşdirilməsi və icra mexanizmləri üzrə vahid orqanın yaradılması vaxtı çatmışdır.

Bəhram ZAHİDOV,

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında