Ermənistan terrorizmi və etnik separatizmi dəstəkləyən dövlətdir

 

 

 

 

Tarixən, qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan”  yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini “milli mübarizə” yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmiş, bu zaman müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmişlər.

Bəzi aparıcı dövlətlər isə Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün tarixən “erməni məsələsi”ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

Bəşəriyyət üçün

qlobal təhdid

XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” dövləti qurmaq xülyasına düşmüş ermənilər “Qnçaq” (1887-ci ildə Cenevrədə qurulub), “Daşnaksütyun” (1890, Tiflis), “Erməni Vətənpərvərləri İttifaqı”, (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu.

Rus tarixçisi Nikolay Şavrov “Zaqafqaziyada Rusiya işlərinə yeni təhlükə” adlı kitabında qeyd edirdi ki, 1864-cü ildə Qafqaz idarələrində çoxluq təşkil edən erməni və gürcülərdə millətçilik fəaliyyəti oyandı. Erməni və gürcü çarlıqlarını yenidən dirçəltmək ideyası Londonda ustalıqla onların rəhbər şəxslərinin beyninə yeridildi. Bu, əslində, tarixi torpaqlara malik olmayan ermənilərin Zaqafqaziyada mümkün qədər çox ərazi ilhaqına həvəsləndirilməsi idi. Sonralar isə “Dənizdən dənizə Ermənistan” yaratmaq ideyası “Daşnaksütyun” partiyasının başlıca siyasətinə çevrildi. Erməni burjua-millətçi partiyası kimi, 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin “vahid, ümumi vətəni” — “Böyük Ermənistan” yaradılması kimi avantürist ideya irəli sürərək, təbliğatını da bu istiqamətdə qurmuşdur.

Görkəmli tarixçilər İ.Dyakonov, B.Piotrovski və başqaları zorla qədim tarix yaratmaq istəyən saxtakar erməni alimlərini dəfələrlə ifşa etmişlər. Lakin Z.Balayan, S.Xanzadyan, S.Ayvazyan və başqaları  Azərbaycanı, İranın bir hissəsini, Türkiyənin xeyli hissəsini, Gürcüstanın bir hissəsini (Tiflislə birlikdə), Quzey Qafqazı, Rostovu və Voronejə qədər əraziləri “öz tarixi torpaqları” kimi qələmə verirlər. Z.Balayanın 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahında çıxışı da bunu bir daha sübut edir. Ermənistanın rəsmi dairələri 1988-ci ildə törədilən cinayətlərin, azərbaycanlıların zorla evlərindən çıxarılmasının, öldürülməsinin, döyülməsinin və təhqir olunmalarının “Daşnaksütyun” və başqa təcavüzkar partiya və millətçi qrupların əməli olduğunu ört-basdır etməyə çalışırdılar. Ermənistan KP MK katibləri O.Lobov və B.Qaloyan kimiləri də çıxışlarında millətçi-ekstremist hərəkətləri pərdələməyə, milli-azadlıq hərəkatı kimi qələmə verməyə çalışırdılar.

Tarixin sonrakı dövrlərində də daşnaklar müxtəlif qüvvələrə, dövlətlərə, siyasətlərə qulluq göstərərək öz xalqlarını yaxın qonşularla yeni düşmənçiliyə sürükləmiş, nahaq qanların axıdılmasına səbəb olmuşlar. Vaxtilə S.Şaumyan siyasi bicliklə yazırdı: “Erməni xalqı taleyin hökmü ilə qeyri-adi zülmkarların - qanlı çar və sultanın hakimiyyəti altında yaşamışdır. O eyni zamanda Türkiyədə özündən xeyli geridə qalmış kürdlərlə, Rusiyada isə tatar və gürcülərlə əhatə olunmuşdur. Siyasət gəmisini elə idarə etmək lazımdır ki, bu aralıqda o əzilməsin”.

“Arqumentı i faktı” qəzetində (1986-cı il) jurnalist Q.Kotoyanın “Qonaqsevərlik qanunlarını pozaraq” adlı məqaləsində 1957-ci ildən başlayaraq, Yerevanda oxumağa gələn xarici vətəndaşlar arasında daşnak təbliğatı aparanların çoxalmasından söhbət gedirdi. Müəllif o zaman Ermənistanda 20 ölkədən 700 tələbə oxuduğunu qeyd edir və göstərirdi ki, daşnak təbliğatçıları qara yaxır, siyasi səbat və yetkinliyi olmayanların milli duyğuları ilə oynayır, xalqların  dostluq və qardaşlığına böhtan atırlar. Bu təbliğatçılar ilk növbədə, “özlərini erməni məsələsinin həllinə imkan yaradan qüvvə” hesab edir, “tarixi saxtalaşdırır”, “ərazi iddiaları irəli sürürlər”.

Ümumiyyətlə, bir çox erməni müəllifləri son dövrlərədək “Daşnaksütyun” partiyasının xalqa zidd siyasətini düzgün mövqedən açıqlayan məqalələrlə çıxış etmişlər.

XX əsrdə Azərbaycan ərazilərinin ilhaqı məqsədi ilə terrorizmi və separatizmi özünə başlıca vasitə seçən və dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı törətmişlər. Nəticədə, 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir. 1988-ci ildən etibarən bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın - müsəlmanın, türkün məhvi ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada “ikili standartlar”ın mövcudluğu ciddi narahatlıq doğurur.

Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi” və digər “məşhur” terror təşkilatlarının fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, lazımi maliyyə dəstəyi göstərmişlər. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

“Məşhur” terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilmişdir.

Digər “tanınmış” terrorçu, “Daşnaksütyun” partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. O, azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə Ermənistan prezidenti Robert Köçəryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adına layiq görülmüşdür.

Ərazi ilhaqı cəhdlərinin yeni dalğası

Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır.

Ermənistanın 1987-1988-ci illərdə Azərbaycanın tarixi Dağlıq Qarabağ torpağına başlanan əsassız ərazi iddiası - separatçı hərəkətləri beynəlxalq hüquq və normalara, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə tamamilə ziddir. Beynəlxalq hüququn əsas normalarından biri də təcavüzkarlığa yol verməmək, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipidir. BMT-nin 1993-cü il tarixli London konfransında verilən izaha əsasən, “Münaqişədə səbəbindən asılı olmayaraq, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş tərəf təcavüzkar hesab edilir”.

Müasir beynəlxalq hüquqda dövlət sərhədlərinin toxunulmazlığı prinsipi dünya dövlətlərinin təhlükəsizliyini təmin etməyin ən mühüm əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və ikitərəfli sənədlərdə əksini tapmış, onun əsas məzmunu üç mühüm elementdə cəmlənmişdir: mövcud sərhədlərin beynəlxalq hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı ərazi iddialarından imtina etmək; sərhədlərin pozulması və ya zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək.

ATƏT-in 1975-ci il avqustun 1-də imzalanmış yekun sənədini Avropanın 33 dövləti, o cümlədən ABŞ və Kanada da təsdiqləmişdir. Bu prinsip eyni zamanda, hər hansı suveren dövlətin öz sərhədlərinə nəzarət etməsini və onun pozulmasına qarşı tədbirlər görməsini nəzərdə tutur. Sərhədlərin pozulmazlığı və toxunulmazlığı prinsipi bütün qitələrə və dövlətlərə aid olmaqla, BMT Nizamnaməsinin qəbul edilməsi ilə təsbit olunmuş və inkişaf etdirilmişdir. Hansısa dövlətin ərazisi zor tətbiq etməklə hərbi təcavüz obyekti ola bilməz. BMT Nizamnaməsinə və ATƏT prinsiplərinə görə, iştirakçı dövlətlər bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. Azərbaycan dövləti bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edir ə özünə qarşı da məhz bu cür sivil münasibəti tələb edir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal yolu ilə Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz zona formalaşdırması regionda və Avropada sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, separatçılıq fəaliyyətinin “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək” arzusu kimi qələmə verilməsi tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. SSRİ-nin dağılmasından sonra bir sıra postsovet respublikalarında baş qaldıran münaqişələrin kökündə məhz eyni amil - terrorçuluğun başlıca səbəblərindən biri olan təcavüzkar separatizm dayanır. “...Gürcüstan, Moldova və Azərbaycan ərazilərində separatizmlə bağlı baş vermiş proseslərin mənşəyi, dinamikası və nəticəsi eynidir. Etnik təmizləmə siyasəti ilə müşayiət olunmuş təcavüzkar separatizm ölkələrimizin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmışdır”, - deyə cənab İlham Əliyev qətiyyətlə vurğulamışdır.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi isə acı təəssüf hiss doğurur. Görünür, xristian təəssübkeşliyindən tutmuş supergüclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər bu qətnamələrin icra edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir.

Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəmə gətirmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını vacib məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınmışdır. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var.

Xocalı soyqırımı -

bəşəriyyətə qarşı

qanlı cinayət

1992-ci ilin 26 fevralında ermənilər Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsı ilə nəticələnmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı 200 ilə yaxın müddətdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.

Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin soyqırımı kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilir. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə “sülhsevər” ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətmişlər. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə etmişlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, müharibə cinayəti sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlərə deyilir.

Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. Konkret olaraq 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan tələblər kobud surətdə pozulmuşdur.

Belə bir deyim var - keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Bu mənada, Azərbaycan xalqı da XX əsrin sonlarına təsadüf edən bu vəhşəti unutmur, onun dünyada tanıdılması istiqamətində fəal iqş aparır. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ulu öndərin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Bu siyasəti davam etdirən möhtərəm Prezident İlham Əliyev ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq”–deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısının Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı sərəncamında vurğuladığı kimi, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

“Xocalıya ədalət”

Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması təqdirəlayiqdir. Milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu istiqamətdə ilk layihə “Qarabağ həqiqətləri” toplusunun hazırlanmasından ibarət olmuşdur. Qısa, lakin bütün mahiyyəti əks etdirən bu toplu bir neçə dilə tərcümə olunmuşdur.

Xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu, “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Qarabağın daha qədim tarixini əks etdirən ikinci topluda isə Qafqaz Albaniyasından başlayaraq Azərbaycan SSR-dək dövrdə Qarabağın tarixi öz əksini tapmışdır.

Azərbaycan həqiqətlərini və Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində – Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin bütün dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. “Xocalıya ədalət” beynəlxalq kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır.

“Xocalıya ədalət” kampaniyası indi təkcə İKT ölkələrində yox, dünyanın əksər məkanlarında, Avropada, ABŞ-da da keçirilir. Xocalı həqiqətlərinə dair fotoşəkillər, filmlər əks etdirilir, qətliam qurbanlarının anım mərasimləri təşkil edilərək soyqırımı kəskin şəkildə pisləyən şüarlar səsləndirilir.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə “Pirlər və müharibə” kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində – Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir.

Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələmişlər. Təəssüflə vurğulamaq lazımdır ki, uydurduqları yalanlara, sanki, özləri də inanmış kimi görünən ermənilər bu gün də yığcam yaşadıqları bütün dövlətlərdə “soyqırımına məruz qalmış millət” olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, ötən əsrin əvvəllərində havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər özləri qonşu xalqların tarixi əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırım və terror aktları törətmişlər.

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin türk dünyasına qarşı apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücumun təşkili prosesində bütün türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.

Aytən MUSTAFAYEVA,
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında