Ən yaxın tariximizin qanlı səhifəsi heç zaman yaddaşlardan silinməyəcəkdir

 

 

Fevralın 25-də Konstitusiya Məhkəməsində Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimini açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ermənilərin xalqımıza qarşı əsrlər boyu törətdikləri dəhşətli qətliamlardan danışmışdır. Bildirilmişdir ki, bu soyqırımlarının ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin iştirakı ilə törədilmişdir. Mühasirəyə alınan Xocalı şəhərinin sakinləri Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşlar. Ancaq şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmuşlar. Qətliam nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insanlar idi. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qırğın zamanı 487 nəfər yaralanmışdır ki, onlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi hələ də məlum deyildir.

Xocalı soyqırımının dəhşətlərindən danışan Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, ermənilər qətliam zamanı meyitləri təhqir etmişlər. Onların başının dərisi soyulmuş, bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı yarılmışdır.

Qeyd olunmuşdur ki, Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi bir çox xarici jurnalistləri dəhşətə gətirmişdir.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev qeyd etmişdir ki, bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən ulu öndər Heydər Əliyevin səyi ilə 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş, 26 fevral “Xocalı soyqırımı günü” elan edilmişdir.

Bildirilmişdir ki, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin, yaxınlarının sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, o cümlədən Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə sistemli iş aparılır. Təsadüfi deyildir ki, Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində anma mərasimləri keçirilir. Bu işlərin nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınmışdır.

Xocalı soyqırımının yaddaşlardan heç zaman silinməyəcəyini deyən Fərhad Abdullayev bildirmişdir ki, faciənin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Heç bir cinayət cəzasız qalmamalıdır. İnsanlığa qarşı olan bu cinayəti törədən hər bir kəs gün gələcək tarix məhkəməsi qarşısında cavab verəcəkdir.

Sonda Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalıyıq.

Anım mərasimində AzərTAc-ın Xocalı soyqırımından bəhs edən sənədli filmi nümayiş olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında