Dünya Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayır

 

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılmışdır. Bədnam qonşumuzun işğalçı mövqeyini beynəlxalq səviyyədə müəyyən olunan birgəyaşayış qaydalarından  üstün tutması münaqişənin Azərbaycan üçün ağır nəticələrə gətirməsinə səbəb olmuşdur.

Tarixi faktlar göstərir ki, ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkirli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürütmüşlər. Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətindən əziyyət çəkmiş, böyük faciə və məşəqqətləri taleyində yaşamalı olmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə də davam etmiş, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

1988-ci ildə tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr - erməni ideloloqlarının “Dənizdən dənizə Böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Hələ respublikaya rəhbərliyinin birinci dövründə ermənilərin məkirli planlarının qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başlamışdır. Sonrakı mərhələdə 1988-ci il fevralın 13-də isə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə Xankəndidə ilk nümayiş keçirilmişdir. Fevralın 20-də çağırılan Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklif müzakirəyə çıxarılmış və antikonstitusion qərar qəbul edilmişdir. Belə bir qeyri-konstitusion qərarın verilməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışdığına görə Azərbaycan məcburən hərbi münaqişəyə cəlb edilmişdir.

1988-ci ilin yanvarından etibarən erməni millətçiləri tərəfindən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələrinin, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiya törətmişlər.

1988-ci ilin fevral-mart aylarında Əskəranda, Zəngibasarda, Vedibasarda, o cümlədən Mehmandar, Şirazlı, Xamisə, Sidli kəndlərində azərbaycanlıların azğınlaşmış erməni yaraqlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi və 100-dən artıq evin qarət edilərək yandırılması; 1990-ci ilin mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis-Ayrım kəndinin dağıdılması və bir ailənin diri-diri ocaqda yandırılması; 1988-1991-ci illərdə Kərkicahan qəsəbə sakini Georgi Sarkisyanın ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplar yaradaraq azərbaycanlıların evlərinə mütəmadi olaraq silahlı basqınlar etməsi; 28 avqust 1991-ci il tarixdə erməni silahlılarının Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini top, raket və pulemyotlardan, zirehli texnikalardan atəşə tutmaları və nəticədə hər iki kəndin sakinlərinin bir qisminin öldürülməsi; 22 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər dinc sakini qətlə yetirmələri; 8 mart 1991-ci il tarixdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərinin erməni silahlıları tərəfindən öldürülməsi və sair kimi dəhşətli cinayətlərə qəti siyasi münasibətin bildirilməməsi, o cümlədən, zəruri tədbirlərin görülməməsi son nəticədə Xocalı soyqırımının törədilməsinə şərait yaratmışdır.

1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi, bir tərəfdən, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə, Xocalı şəhərini yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki, Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən indiyə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu, tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim tarixi abidələri - siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhvi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Xocalının işğalına dair istintaq materiallarından görünür ki, hücumda mayor Seyran Muşeqoviç Ohanyanın ( hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Dörd gün ərzində  Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti Ağdama gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi hətta diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (nürnberq, Tokio) nizamnamələrində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha öz təsdiqini tapmışdır.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.  Qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin qabaqcadan xüsusi düzəldilmiş pusqulardan avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini bir daha sübuta yetirir.

Beynəlxalq hüquq normalarına görə soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. BMT-nin “Soyqırımı cinayətinin qaşısının alınması və cinayətkarların cəzalandırılması haqqında” Konvensiyasının 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak da cinayət məsuliyyəti doğurur.

Soyqırımı cinayəti törətmiş şəxslərə qarşı universal yuridiksiya prinsipi tətbiq edilir. Başqa sözlə, soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad şəxsi cinayət məsuliyyətindən əsla azad etmir. Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan təqsirə görə yalnız dövlətə qarşı sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları, rəhbərləri, icraçıları, konkret fiziki şəxslər də cəzalandırılmalıdır. Soyqırımı cinayətinin törədilməsinə görə, dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli şəxsləri də məsuliyyət daşıyırlar. Xocalı soyqırımına görə təkcə bu beynəlxalq cinayəti törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün heç bir tədbir görməmiş mülki hakimiyyət və rəis heyəti də məsuliyyət daşıyır.

BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 nömrəli qətnaməsi əsasında qəbul edilmiş “Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiyasının 1-ci maddəsinə əsasən, müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş şəxslər cinayətin törədilməsi vaxtından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməli və məhkum olunmalıdırlar. Bu müddəa belə bir əsasa söykənir ki, beynəlxalq birliyə və bəşəriyyətə vurulmuş ziyan öz ağırlığına görə istisna təşkil edir və əgər həmin cinayəti törətmiş şəxs ədalətli məhkəmə qərarına əsasən cəzalandırılmasa, ödənilə bilməz.

Beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər.  BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur), Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1), Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə 6), Azərbaycan Respublikası Cinayət Məcəlləsi (maddə 103) və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına tam əsas yaradır.

Xüsusi vurğulamaq istərdik ki, ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

“Biz müdafiədə deyil, hücumda olmalıyıq” - deyən Prezident İlham Əliyev də bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il bu münasibətlə Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.

Son illər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya

 və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya  ştatının qanunverici orqanının Nümayəndələr Palatasında  Xocalı faciəsi ilə bağlı bir müddət əvvəl qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə  Kaliforniya, Massaçusets,  Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas,  Corciya,  Oklahoma, Tennesi, Pensilvaniya,  Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da  müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın  törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir .

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun dünyanın 40-dan çox  ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məqsədi də beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır. 2014-cü ildə də bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Bütün bunların fonunda beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə  uyğun olaraq münaqişənin həllinə yönəlmiş səylərini artırmalı, hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdır.

İlham MƏMMƏDZADƏ, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında