Xocalı soyqırımı – vəhşiliyin görünməmiş təzahürü

 

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri ermənilərin azərbaycanlılara qarşı, Xocalıda törətdiyi soyqırımı olmuşdur. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmı faciələri ilə eyni səviyyədə durur.

Xocalının əhalisi 7000 (yeddi min) nəfər olmuşdur. Xocalı soyqırımı nəticəsində dövlətə və fiziki şəxslərə hal-hazırkı bazar qiymətləri ilə təxminən 1 milyard dollar maddi zərər dəymişdir. Ermənilər tərəfindən 1920 fərdi yaşayış evi, 2 məktəb, 2 natamam orta məktəb, 1 toxuculuq fabriki, 4 uşaq bağçası, 1 xəstəxana, 1 poliklinika, 2 kitabxana, Xocalı qəsəbə statusu aldıqdan sonra yeni tikilmiş bütün beşmərtəbəli binalar, 10-dan çox iaşə və məişət xidməti obyektləri, habelə mağazalar, dövlət müəssisələrinin binaları, həmçinin Xocalı aeroportu dağıdılmışdır.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq sakin müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində insanlığa yaraşmayan təhqiramiz hərəkətlər edilmişdir. Həyatdan məhrum edilmiş azərbaycanlıların yeganə günahı onların azərbaycanlı olmaları idi. Xocalıda Ümumdünya İnsan Hüquqları Ümumi Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2-ci maddəsində öz əksini tapmış insan hüquqları kobud şəkildə pozulmuşdur. Anaların yanında uşaqlarına işgəncə verilmiş və qəddarlıqda öldürülmüşdür. Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən ibarət təpə yaranmışdır. Hətta alman faşistləri belə qadın və uşaqlara qarşı belə qəddarlıq etməmişlər.

Ötən əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş tarixdə analoqu olmayan Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamların müəllifləri isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləridir. Amansız qətillərlə dünya tarixində silinməz izlər buraxan bu faciə, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı  qəddarlığı idi.

Xocalı soyqırımı beynəlxalq cinayətdir. Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar aşağıdakılar hesab olunmalıdır:

1) BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);

2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur);

3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 4);

4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə l);

5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6);

6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103);

7) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsinə uyğun olaraq “soyqırımı” dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür:

a) Bu cür qrupun üzvlərinin öldürülməsi; b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli qanunla qeyd olunan konvensiyaya qoşulmuşdur. Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə, o cümlədən, qadın və uşaqlara qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Hüquqları Ümumi Bəyannaməsinin  aşağıdakı maddələrinə kobud qaydada ziddir:

– Hər bir şəxs dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

– Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.

– İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

– Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

– Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq  bütün bu tarixin içində Xocalı  faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən, bu, hər bir  Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir. İkinci tərəfdən də, Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş  bir təzahürüdür”.

Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində ulu öndərin müəyyənləşdirdiyi siyasətin tədqiq edilməsinə, təşviqatına, tarixi şəxsiyyətin ümummmilli ideyalarının reallaşdırılmasına dəstək verən Heydər Əliyev Fondu Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verir. Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çox böyük xidmətləri vardır. Fond Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədilə xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirmişdir. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil etmişdir. Fondun həyata keçirdiyi  Qarabağ həqiqətləri silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır. Fondun Xocalı soyqırımı haqqında ingilis dilində hazırladığı film də disk şəklində xarici ölkələrdə nümayiş etdirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur. Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verimişdir.

Qeyd etmək istərdik ki, 2011-ci ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb. Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş haqda qərarını verməlidir. Ermənistanı Avropa Məhkəməsinə verən Laçından olan məcburi köçkünlərin iddiasına 2010-cu ilin sentyabrın 15-də Strasburqda keçirilmiş məhkəmə prosesində baxılıb. Laçın rayonundan olan iddiaçılar 6 məcburi köçkün  Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar, həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.

İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 6-cı (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onlar evlərini tərk etməyə məcbur edilməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olmuşdur.

Avropa Məhkəməsinin həssas məsələlərə dair qərar vermək təcrübəsi var. Bu fikirləri Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Nikolas Bratza “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarına münasibət bildirərkən deyib. Avropa Məhkəməsinin sədri Yuxarı Palatanın bununla bağlı yanvarın əvvəlində qərar çıxardığını və bunun çox həssas bir məsələ olduğunu qeyd etmişdir.

Xocalı hadisələrini bir sıra ölkələr soyqırımı kimi tanımışdır.

Həmçinin göstərmək istərdik ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməmişdir.

Daxil KƏRİMOV,

Şirvan şəhər 1 saylı notariat kontorunun notariusu, hüquq üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında