Pakistanda Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edilmişdir

 

 

Nüfuzlu “Pakistan Observer” qəzetində “Pakistanın tanınmış şəxsləri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırırlar. ”Pakistan Observer"  məsələnin sülh yolu ilə həlli üçün ictimai birliyi səfərbər edir" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə bildirilir ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul etmişdir.

Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilmişdir. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilir. Bildirilir ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalmış, şəhər dağıdılmış, insanlar gülləbaran edilmiş, qocalara, qadınlara, uşaqlara aman verilməmişdir. O qanlı gecə 613 nəfər öldürülmüşdür. Onların 83-ü uşaq, 106-sı qadın olmuşdur. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmişdir.

Bəyannamədə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırmış, faciənin miqyası nəzərə alınaraq  bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanmışdır.

Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin digər müraciətlər xatırlanır, bu sənədlərə əməl olunmasının vacibliyi vurğulanır.

Bəyannamədə bildirilir ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də qəbul etdiyi qətnamədə Xocalı soyqırımını tanımış, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etmiş, həmçinin 2013-cü il oktyabrın 5-də qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımış və dəstəkləmişdir. Dünyanın bir sıra ölkələri,  nüfuzlu beynəlxalq təşkilatlar da  Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişlər.

Bəyannamədə deyilir: “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə  biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.

Bəyannamənin yekununda deyilir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaqdır.

Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında