XOCALI SOYQIRIMI: bəşəriyyətə qarşı tarixi cinayət

 

 

Bəşər tarixində törədilmiş dəhşətli cinayətlər, soyqırımları  heç  vaxt yaddaşdardan silinmir. Belə qanlı hadisələrdən  biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlıq simasını itirmiş ermənilərin və onların havadarlarının–xüsusən SSRİ-dən qalma 366-cı alayın hərbçilərinin Xocalıda törətdiyi amansız qətliamdır. İllər bizi həmin tarixdən uzaqlaşdırsa da, bu dəhşətli hadisə xalqımızın yaddaşında daha möhkəm həkk olunur və onun unudulması qətiyyən mümkün deyildir. Qan yaddaşımıza həmişəlik həkk olan və  hər an bizi mübarizəyə səsləyən bu tarixi gün hamımızı daim ayıq-sayıq olmağa, Vətənimizin ərazi bütövlüyünü bərpa etmək üçün daha qətiyyətlə mübarizə aparmağa, bununla da Xocalıda həlak olmuş şəhidlərimizin ruhuna təskinlik verməyə çağırır.

Bəli, Xocalı şəhidlərinin ruhları o zaman rahatlıq tapacaq ki, Qarabağ erməni tapdağından xilas ediləcəkdir. Bu ruhlar o zaman sevinəcək ki, Azərbaycanın əzəli torpaqlarında dövlətimizin üçrəngli bayrağı dalğalanacaqdır və ən nəhayət, Xocalı faciəsinin təşkilatçıları və günahkarları prezident kürsülərində deyil, müttəhim kürsülərində əyləşəcək və öz layiqli cəzalarını alacaqlar.

Təəssüf ki, Xocalının qatilləri indiyədək cinayət məsuliyyətinə cəlb olunmamış, insanlığın, bəşəriyyətin qarşısında cinayətlər törətmiş digər canilər kimi Beynəlxalq Tribunal qarşısında cavab verməmiş, onların barəsində  layiq olduqları hökm çıxarılmamışdır. Ancaq heç bir şübhə yoxdur ki, bu, gec-tez baş verəcəkdir. Təkcə Xocalı soyqırımına görə deyil, tarix boyu azərbaycanlılara qarşı törətdikləri bütün cinayətlərə, o cümlədən Qarabağda  tökülən qanlara, qətlə yetirilən, şikəst edilən, öz yurd-yuvasından didərgin salınan günahsız insanlara görə cavab verəcəklər.

Bu gün bir daha Xocalı soyqırımını, Xocalı qurbanlarının xatirəsini yad edərkən hər bir azərbaycanlı istər-istəməz belə faciələrin necə və nə üçün baş verməsi barədə düşünür. O dövrün hadisələrinin canlı şahidləri və həmin hadisələri tədqiq edənlər şübhə etmirlər ki, bu qanlı cinayətlər, ilk növbədə, torpaqlarımızı işğal etmək, xalqımızın müstəqillik arzularını gözündə qoymaq, zəngin təbii sərvətlərimizə yiyələnmək, onu daim əsarətdə saxlamaq üçün həyata keçirilirdi. Həmin çətin anlarda güclü siyasi liderin olmaması, respublikanın o zamankı rəhbərlərinin fərasətsizliyi, müxalifətin hakimiyyət uğrunda çəkişmələri düşmənlərimizin öz mənhus məqsədlərini həyata keçirməsinə şərait yaradırdı.

Xocalı soyqırımı dünyada törədilmiş ən böyük müharibə cinayətləri ilə müqayisə olunan bir cinayətdir. Bir çoxları bunu faşistlərin törətdiyi Xatun faciəsi ilə eyniləşdirir. Ulu öndər Heydər Əliyev deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bunun həqiqətən tarixi cinayət olduğunu Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi  kadrlar bir daha sübut etmiş və dünyanın hər yerinə yayılan həmin kadrlar ermənilərin cinayətlərinə qarşı ən inkaredilməz faktlar və dəlillərdir.

Cəmi 7 min əhalisi olan Xocalının yerlə–yeksan edilməsində, bu amansız qırğının törədilməsində adı keçmiş SSRİ-nin hərbi hissəsi olan, faktiki isə ermənilərin cəza batalyonuna çevrilmiş 366-cı alay xüsusi rol oynamışdı. Ermənilər Xocalıda misli görünməmiş qəddarlıq nümayiş etdirmişdilər. Həmin hadisələrin şahidi olmuş insanların söylədikləri faktları bu gün də həyəcansız dinləmək  mümkün deyildir. Xocalı sakini Səriyyə Talıbovanın gözü qarşısında erməni qəbrinin üstündə 4 mesxeti türkünün və 3 azərbaycanlının başı kəsilmiş, daha 2 azərbaycanlının gözləri çıxarılmışdı...

Ümumilikdə həmin gün Xocalıda 613 nəfər vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülmüş və ağlasığmaz işgəncələrə məruz qalmışdılar. Bu qırğın zamanı 150 nəfər itkin düşmüş, 8 ailə tamamilə məhv edilmiş, 24 ailədə hər 2 valideyn, 130 ailədə isə valideynlərdən biri öldürülmüşdür. Öldürülənlərin 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Burada istifadəsi qəti qadağan edilmiş, ağırlıq mərkəzi dəyişkən 5,45 kalibrli güllələrdən, hətta kimyəvi silahlardan istifadə edilmişdi. Bu rəqəmləri sadalamaq belə insanı dəhşətə gətirir və bir daha bu cinayəti törədənlərə qarşı insan qəlbində sonsuz nifrət hissi baş qaldırır.

Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar ümummilli lider Heydər Əliyev dünya xalqlarının diqqətini məsələnin bu cəhətinə yönəldərək demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Ulu öndər Heydər Əliyev özünün 1994-cü il 1 mart və 1997-ci il 25 fevral tarixli fərmanları ilə Xocalı soyqırımı ilə əlaqədar zəruri işlərin görülməsi üçün hüquqi əsaslar yaratmış, Milli Məclis tərəfindən qəbul edilmiş müvafiq qərarlar bu işdə öz təsirini göstərmişdir. İndi hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi təkcə respublikamızda deyil, dünyanın bir çox ölkələrində qeyd edilir.

Xocalı soyqırımının vəhşətini dünya ictimaiyyətinə çatdırmaq üçün ulu öndər Heydər Əliyevin beynəlxalq tribunalardan cəsarətlə dediyi sözlər bu gün də öz aktuallığını saxlayır və bu sahədə gördüyü əvəzsiz işlər onun böyük davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın haqq səsini istər AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu zaman, istərsə də ölkə Prezidenti seçildikdən sonra keçirdiyi beynəlxalq görüşlərdə, rəsmi səfərlər etdiyi bütün ölkələrdə cəsarətlə bəyan etmiş, dünya ictimaiyyətini Azərbaycana qarşı törədilən cinayətlərdən xəbərdar etmişdir. Xüsusilə Xocalı soyqırımının mahiyyətini, onun nə dərəcədə böyük cinayət olduğunu öz çıxışlarında dönə-dönə qeyd etmişdir.

Ölkə Prezidenti Xocalı faciəsinin erməni millətçilərinin yüz illər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi adlandıraraq bu soyqırımını törətməkdə düşmənin məqsədinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və müstəqillik uğrunda mübarizəsindən çəkindirmək, torpaqlarımızı zorla ələ keçirməkdən ibarət olduğunu ifşa etmişdir. Azərbaycan Prezidenti çox düzgün olaraq qeyd edir ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Gələcəkdə belə qəddar cinayətlərin təkrar olunmaması üçün bu faciəyə beynəlxalq hüquqi qiymət verilməsini mühüm şərt hesab edən dövlət başçısı bunu “Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuz” olduğunu diqqətə çatdırır. 

Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu faciənin 20-ci ildönümündə başlanan və ardıcıl olaraq həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etmək lazımdır. Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə keçirilən anım gününü Azərbaycanda müstəqillik illərində keçirilən ən böyük, ən möhtəşəm etiraz yürüşü adlandırmaq olar. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla minlərlə insan bir yumruq kimi birləşərək qeyri-adi həmrəylik, xalqımızın qələbəsinə sarsılmaz inam nümayiş etdirdi.

Artıq Azərbaycan ictimaiyyətinin, xaricdə yaşayan soydaşlarımızın, o cümlədən ölkədəki qeyri-hökumət təşkilatlarının xətti ilə dünyada aparılan böyük təşviqat işi Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanınmasına gətirib çıxarmışdır. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Çex, Bosniya və Herseqovina, Peru kimi ölkələrin parlamentlərini qeyd etmək olar. Həmçinin ABŞ-ın 15 ştatının qanunvericilik orqanları Xocalıda törədilmiş cinayəti soyqırımı kimi qəbul etmişdir.

2014-cü il fevralın 18-19-da Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında Xocalı faciəsi növbəti dəfə “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir. 

Xocalının hər bir sakini ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olunaraq bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayır, çalışır və doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözləyir. Bütün Azərbaycan xalqı kimi, Xocalı sakinləri də inanırlar ki, Xocalı şəhidlərinin qanı yerdə qalmayacaqdır.

Xalqımız Xocalı dərdini, Xocalı ağrı-acısını bəs deyincə ürəyində çəkmiş, analarımız Xocalı şəhidlərinin xatirəsini ürək sızıldadan bayatılar və ağılarla yad etmişlər. Ancaq xalqımız tam əmindir ki, şəhidlərimizin, xüsusilə amansızcasına qətlə yetirilən körpələrin, anaların, qocaların itkisi nə qədər ağır olsa da, düşmən qarşısında heç vaxt əyilmək, sınmaq olmaz. Ölməz şairimiz Məmməd Arazın o çətin illərdə yazdığı misralar sanki göz yaşlarımızı silməyə,  mübarizəyə köklənməyə bir çağırışdır.  Məmməd Araz deyirdi:

Yox, ağlama, Ana millət, ağlama,

Qorxuram ki, sına millət, ağlama...

Böyük şairimiz millətimizin, xalqımızın gücünə, səbrinə və əzminə inanır, çox gözəl bilirdi ki, bu xalqın qüruru, qüdrəti heç vaxt sarsılmayacaq, bu dərdi çəkməklə  yanaşı, onu çəkib üzməyi də bacaracaq və torpaqlarını insanlıq simasını itirmiş erməni qəsbkarlarından azad edəcəkdir.

Yaxın qonşuluğu barışmaz düşmənçiliyə çevirən, gözü həmişə özgə torpaqlarında olan və vaxtilə ona sığınmağa yer vermiş Azərbaycana qarşı xəyanətkar mövqe tutmuş ermənilər unutmamalıdırlar ki, xalqımız bu cinayəti onlara heç vaxt bağışlamayacaq, kimin qoltuğuna sığınmaqlarından asılı olmayaraq, onlardan törətdikləri hər bir cinayətin haqq-hesabını soruşacaqdır.

Səadət İSMAYILOVA, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, hüquq  elmləri üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında