Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır. Xocalıya ədalət!” mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Xocalı faciəsi - XX əsrin ən dəhşətli faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarətlər yetirilmiş, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır.
A.Paşazadə vurğulamışdır ki, Xocalı faciəsinə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmiş, bu kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixinə qara ləkə kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən A.Paşazadə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə dünyanın 100-dən çox ölkəsində tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirildiyini diqqətə çatdırmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov çıxış edərək 22 əvvəl o müdhiş gecədə baş vermiş qanlı hadisələri bir daha xatırlatmış, faciənin acı nəticələri barədə danışmışdır. Xocalı faciəsinin bəşər tarixinin ən qanlı cinayətlərindən biri olduğunu bildirən E.İskəndərov dünya ictimaiyyətinin bu qətliama siyasi-hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışdır.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Flora Qasımova, Bakı Dövlət Universitetinin professoru Rüstəm Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycanın Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və başqaları çıxış edərək erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğının XX əsrin ən qanlı faciələrindən biri olduğunu bildirmişlər. Vurğulanmışdır ki, xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaqdır.
Tədbirdə Allahşükür Paşazadənin Xocalı faciəsi ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti oxunmuşdur.
Müraciətdə deyilir ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Bundan başqa, 150 nəfər itkin düşmüş, 1275 insan əsir götürülərək ağır işgəncələrə məruz qalmış, cəsədlər üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.
Bildirilir ki, zaman-zaman xalqımıza qarşı etnik təmizləmə, fiziki və maddi-mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri Azərbaycan ərazisinin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarımızda vandalizm aktları həyata keçirmiş, tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüf olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamışlar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı ermənilərin törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir.
Müraciətdə diqqətə çatdırılır ki, Azərbaycan illərdir Xocalı soyqırımının lazımi səviyyədə siyasi-hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır.
Müraciətdə deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir.
Müraciətdə deyilir: “Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə tutaraq onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi-hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.