“Alman Parlament Cəmiyyəti”ndə Xocalı soyqırımının ildönümü münasibətilə simpozium keçirilmişdir

 Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki səfirliyi və “Alman-Azərbaycan Forumu”nun birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində, “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı simpozium keçirilmişdir.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışmışdır. Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və AFR-lə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulayan P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələrindən bəhs etmiş, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Çünki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verərdi.

 “Alman-Azərbaycan Forumu”nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırmışdır.

Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit  Almaniyanın münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulamışdır.

Tədbirin ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin “Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra” başlıqlı kitabının təqdimatı keçirilmişdir. Alman publisisti Rixard Kislerin aparıcılığı ilə keçən təqdimat mərasimində müəllif A.Vidmer Ermənistanın təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı əhalinin qaçqın və məcburi köçkün həyatı haqqında təəssüratlarını bölüşmüş və münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında