Fevralın 12-də Romada İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi (İHİHK) və İnsan Hüquqları üzrə İtaliya Liqası (İHİL) tərəfindən Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransın moderatoru, İHİHK-nın baş katibi Antonio Stanqo Xocalı soyqırımı haqqında danışmış, hərbi münaqişələr zamanı dinc sakinlərin hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılmasının əhəmiyyətini vurğulamışdır. Bu vəziyyətdən çıxış yollarını tapmağın vacibliyi bildirilmişdir.
İHİL-in prezidenti, professor Alfredo Arpaia çıxış edərək demişdir ki, uzun illərdir davam edən və hələ də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionu üçün böyük təhlükədir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin bu ölkənin silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrinə və qərarlarına məhəl qoymur. Problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərilən səylər hələ də nəticə verməmişdir.
Alfredo Arpaia beynəlxalq birlik tərəfindən biganə yanaşılan bu münaqişənin həllinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi olduqca önəmlidir.
Senator Roberto Mura Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışmışdır. Vurğulamışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin vəhşicəsinə öldürülmüş, 1255 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin aqibəti hələ də məlum deyildir. Bu, bəşəriyyətə qarşı ağır cinayət və soyqırımıdır. Dünyanın bir çox aparıcı xəbər agentlikləri və qəzetləri Xocalı faciəsini qəddarlığa görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu yayımlamışlar.
R.Muro bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın tələblərinə məhəl qoymamaqdadır.
Rasizm və dözümsüzlük əleyhinə Avropa komissiyasının üzvü, İtaliyanın sabiq baş prokuroru, professor Vitaliano Esposito 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlərin bütün bəşəriyyət üçün böyük faciə olduğunu demişdir. Qeyd etmişdir ki, Xocalıda yüzlərlə insanın hüquqları vəhşicəsinə pozulmuşdur. Bu cür faciəli hadisələrə son qoymaq üçün beynəlxalq birlik əsaslı həll yolu tapmalıdır. Humanitar hüquq insanlara qarşı törədilən istənilən qəddarlığı rədd edir.
Qeyd edilmişdir ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Roma Apellyasiya Məhkəməsinin prokuroru Antonio Marini konfransın Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı İtaliya ictimaiyyətinin məlumatlandırılması baxımından önəmli bir tədbir olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı qətliamı bəşəriyyətə və insanlığa qarşı görünməmiş cinayətdir.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande, Tor Verqata Universitetinin beynəlxalq hüquq üzrə professoru Fiammetta Borgia, Udin Universitetinin müasir tarix üzrə professoru, “İRENE” sülh tədqiqat mərkəzinin direktoru, professor Fulvio Salimbeni, “İl Sole 24 Ore” qəzetinin əməkdaşı Roberto Bongiorni, senator Marko Perduka, La Sapienza Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Şərqi Avropa tarixi üzrə tədqiqatçı Antonello Biagini, həmin universitetin professoru Daniel Pommier çıxış edərək Xocalı soyqırımı ilə bağlı keçirilən bu cür tədbirlərin beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Natiqlər Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlərin vacibliyini vurğulamışlar.
Tədbir çərçivəsində Hamburqda fəaliyyət göstərən Bundesver Akademiyasının tədqiqatçısı, professor Yohannes Raunun müəllifi olduğu “Azərbaycan tarixində Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı da keçirilmişdir. Y.Rau diqqətə çatdırmışdır ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və nəticələri barədə faktlara əsaslanan dolğun məlumatlar yer almışdır. Nəşr Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü, etnik təmizləmə siyasətini və münaqişə ilə bağlı həqiqətləri əks etdirir.
Konfransda İtaliyanın akademik, təhsil və işgüzar dairələrinin təmsilçiləri, Romada akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, bu ölkənin müxtəlif tədqiqat mərkəzlərinin üzvləri, tarixçilər, araşdırmaçılar iştirak etmişlər.
Maqsud DADAŞOV
AzərTAc-ın xüsusi müxbiri
Roma
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.