8 aprel 1992-ci il. Azərbaycan tarixinin qanlı, qara səhifəsi. Həmin gün başı buludlara dəyən möhtəşəm dağların ətəyində, zümrüd meşələrin ağışında uyuyan, Azərbaycan aşıq poeziyasına şair Qurban, Dədə Şəmşir kimi azmanlar, sənətkarlar bəxş eləyən, saz-söz pərvanələrinin ziyarət məbədi, Azərbaycanın qızıl üzüyünün brilyant qaşı Kəlbəcərin Ağdaban kəndi əzəli və əbədi düşmənlərimiz olan erməni daşnakları tərəfindən vəhşicəsinə yerlə-yeksan edildi.
Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk günlərdən Kəlbəcərin şimal-şərqində yerləşən, rayonun qala qapısı olan Ağdabanı qonşu Ağdərə rayonunda yerləşən erməni silahlılarından çox mərdliklə müdafiə edirdilər. Lakin 1992-ci ilin əvvəllərində Ağdabanın işğalından bir neçə gün öncə rayon mərkəzində yerləşən Müdafiə Qərargahının əmri ilə Ağdabanı Ağdərənin Çapar kəndi ilə birləşdirən yollar minalardan təmizləndi. Kənd camaatı nə qədər buna qarşı çıxsalar da “Kəlbəcərdən Dağlıq Qarabağa hücum əməliyyatı var” deyərək kənd əhalisinin təkidlərinə əhəmiyyət verən olmadı. Kənd əhalisi isə Ağdərə yolu ilə qonşu Çapar kəndinə döyüş texnikası və canlı qüvvə daşındığı barədə aidiyyatı orqanlara çox həyəcanlı xəbərlər verirdi. O zamankı respublika rəhbərliyi bu məlumatlara məhəl qoymurdu. Kəndin müdafiəsinə heç bir kömək göstərilmirdi. Kənddə bir neçə ov tüfəngi və bir neçə polis işçisi var idi. Demək olar ki, kənd tam təhlükədə idi.
Aprelin 8-də səhər tezdən camaat evlərindən çıxarkən kəndin üzük qaşı kimi mühasirəyə alındığını gördülər. Düşmən qüvvələri içərisində rus döyüşçüləri də az deyildi. Kənd bir neçə istiqamətdən mərmi yağışına tutulmuşdu. 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndləri amansızlıqla yandırıldı. 779 nəfər dinc əhaliyə divan tutuldu. 32 nəfər mülki və hərbi şəxs vəhşicəsinə qətlə yetirildi. Onlardan 8 nəfəri azyaşlı uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov aparılmış, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. 7 nəfər qoca və qadın diri-diri odda yandırılmışdı. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırmışdılar.
Faşistlər Hüseynov Saşa Saleh oğlunun üz və bədən dərisini soya-soya qətlə yetirmişdilər. Daşnaklar kənd sakinlərindən Mamedov Musa Qara oğlunu, Mamedov Həyat Həsən qızını, Hümbətova Fatma Həsən qızını, Hümbətova Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu, Qocayeva Zeynəb Məmməd qızını, Qurbanov Qulu Sabir oğlunu diri-diri basdırmışdılar. Erməni cəlladları Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış, Məmmədov Ziyəddin Əlqəmə oğlunu, Məmmədov İsbəndiyar Lətif oğlunu tikə-tikə doğramış, Qasımov Rayət Behbud oğlunun üzərindən isə BTR markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırmışdılar. Kərimova Qəmər İsa qızının sinəsinə güllələrlə xaç şəkli çəkmişdilər.
Bir sözlə kiçik bir yaşayış məntəqəsində böyük bir faciə törədildi.
Nə qədər acı da olsa, bu müsibətlər bizim tariximizin qanlı səhifələridir və biz heç vaxt bu amansız erməni vəhşiliyini unutmamalıyıq. Deyirlər, keçmişini unudanı gələcək topa tutar.
Bu qanlı olaydan 21 il keçməsinə baxmayaraq kəlbəcərlilər o cümlədən də Ağdaban kəndinin sakinləri bu sözlə ifadəsi mümkün olmayan müsibəti bir an da unutmur, qisasın tezliklə alınacağına, möhtərəm Prezidentimizin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, ordumuzun gücü sayəsində Dədə Şəmşir yurdunun tezliklə öz doğmalarına qovuşacağına əmindirlər.
Aprelin 8-də Kəlbəcər Rayon İcra Hakimiyyətinin keçirdiyi anım mərasimində də o müdhiş günün 21-ci ildönümü ilə bağlı tükürpədici xatirələrlə yanaşı bu ümiddolu ifadələr də səsləndirildi.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin keçirdiyi anım mərasimini rayon icra hakimiyətinin başçısı Aqil Məmmədov açdı.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad oundu.
Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlu, el şairi Əyyub Cabbarov, şəhid ailəsi Gülara Hüseynova, kənd sakinləri Yaşar Məmmədov, Tapdıq Qasımov, Elşad Qaraşov, Əlqəmə Məmmədov erməni separatçılarının törətdikləri Ağdaban faciəsi barədə gözləri ilə gördükləri, şahid olduqları o ağır məqamları, tükürpədici mənzərələri dilə gətirdilər.
Sonda isə faciənin 21-ci il dönümünü əks etdirən Aşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyi tərəfindən çəkilmiş “Sındırılmış sazın fəryadı” adlı film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Zahid MUXTAR
“Kəlbəcər harayı” qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.