məhv edilmiş şəhərin gizlinləri

 

 

 

 

Biz üstündən cəmi 21 il ötmüş, böyük faciəni yaşamış bir millətin nümayəndələriyik. Bircə gecənin içərisində sorağı minilliklərdən gələn Xocalımızı itirmişik...Bəşər tarixində soyqırımına və buna bənzər kütləvi qətliamlara aid nümunələr az da olsa, vardır. Lakin bütöv şəhəri mühasirəyə alıb, bir gecənin içərisində yer üzündən silmək, silahsız, dinc əhalini kütləvi surətdə qətlə yetirmək, şikəst etmək, körpədən tutmuş, qocaya qədər heç kəsə aman verməmək, meyitləri təhqir etmək, eybəcər hala salmaq... Budur erməni vandalizminin iç üzü.

... Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə xüsusi qəddarlıqla və planlı şəkildə törədilmiş bəşəri cinayət, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin ən vəhşi forması idi. Gecə yarısı şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Mühasirəyə alınan dinc əhali Ağdama çatmaq ümidi ilə şəhəri tərk etdi. Şəhərin çıxış yollarında pusqu qoymuş düşmən amansız şəkildə 613 nəfəri qətlə yetirdi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi,25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynindən birini itirdi. 487 nəfər yaralandı ki, onların da 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150-si itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı.

Həmin müdhiş gecədən iki gün sonra tərkibində yerli jurnalistlərin də olduğu qrup vertolyotla azərbaycanlıların həlak olduqları yerə çatdı. Gördükləri mənzərə hamını dəhşətə gətirdi. Yamac, dağ-dərə cəsədlərlə dolu idi. Martın 1-də xarici jurnalistlər də bu dəhşətli canlı görüntülərin şahidi oldu. Meyitlərin üz dərilərinin soyulması, qulaqlarının, burunlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırma halları aşkar edildi.

Bu, eynilə Mir Mövsüm Nəvvabın və Məmməd Səid Ordubadinin öz əsərlərində işıqlandırdıqları 1905-1906-cı illərdə baş vermiş erməni-azərbaycanlı münaqişəsi, 1918-ci ildə baş vermiş dəhşətli mart qırğınları zamanı da baş vermişdir. Göründüyü kimi, bir əsrlik tarix belə bu vəhşi xalqın “dəsti-xəttini” dəyişməmişdir. O zaman da qadın, qoca, uşaq, bilinmədən heç kəsə rəhm olunmamışdı, xüsusi qəddarlıqla öldürülmüşdü. Xocalıda da rəhm edilmədi. O zaman da meyitlər təhqir olunurdu, müasir dövrümüzdə Xocalıda da təhqir olundu.

Fransanın paytaxtı Parisdə nəşr olunan “Krua Eveneman” jurnalı 1992-ci ilin 25 fevral buraxılışında yazırdı: “Ermənilər Xocalıya hücum etmişlər.Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.” Londonda çıxan “Tayms” qəzeti də 4 mart 1992-ci il tarixli nömrəsində yazırdı ki, “Çoxları (meyitlər – A.T.) eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”

“İzvestiya” qəzeti də hadisələrin təfsilatını bu şəkildə verərək yazır: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”

Bu gün ermənilər Xocalıda törətdikləri vəhşilikləri cidd-cəhdlə inkar etməyə çalışırlar. Lakin təkcə “Le Monde” qəzetinin yazdıqları erməni vəhşiliyini göstərmək üçün daha bir nümunədir. Parisdə nəşr olunan bu məşhur qəzetin 14 mart 1992-ci il tarixli sayında yazımışdı: “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır.” Maraqlıdır ki, erməni lobbisinin çox güclü dayaqlara sahib olduğu Fransada “Le Monde” qəzetində gedən bu faktın qarşısı necə alınmayıb maraqlıdır. Çox güman ki, alınmağa cəhd edilib. Lakin həqiqət bu qədər böyük olanda onu saxtalaşdırmaq qeyri-mümkündür.

Amerikalı yazarı dəhşətə gətirən görüntülər

“...Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun“İndependent“indən Xyu Poupla Ağdama yola düşdük. Axırıncı dəfə Əliflə getmişdik ora. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb. Yüzlərlə, bəlkə də min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi. Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araşdırma aparandan sonra ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük...

“Röyter” agentliyinin müxbiri Elif Kaban sarsılaraq sanki ağlını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin huşsuz hala düşmüşdü. İnsanlar dəhşətli şeylər danışırdı. Bir qrup insan ənənəyə uyğun olaraq ölüləri yuyub, kəfənləyib iri yük maşınlarına dolduraraq dəfn olunmaq üçün qəbiristanlığa daşıyırdı. Bəzi meyitlərin başlarının dərisi soyulmuşdu, bədənlərinin müxtəlif hissələri kəsilmişdi."

Bu fikirlər sözsüz ki, hansısa bir azərbaycanlının müşahidələri və gəldiyi nəticə deyildir. Bu, dəhşətli soyqırımı qurbanlarının canlı şahidi və Qərb mətbuatına Xocalı haqqında gerçək bilgiləri ilk dəfə ötürən ABŞ-dan olan yazıçı-jurnalist Tomas Qoltsun xatirə qeydləridir. Məsələ bundadır ki, Tomas Qolts kimi obyektiv jurnalistlərin qeydləri kifayət qədərdir. Lakin ermənilər utanmadan Xocalıda etdiklərini nəinki etiraf etmək, üzr istəmək istəmir, hətta gələcək nəsilləri də yeni Xocalı faciələri törətməyə ruhlandırır, xalqımızı terrorla hədələyirlər.

Xocalıdakı amansızlıq Xatından da dəhşətlidir

Erməni-daşnak ultra-millətçiləri və onların havadarları, az qala, bir əsrə yaxındır ki, hər il uydurma “erməni genosidi” gününün bütün dünyada qeyd olunması üçün dəridən-qabıqdan çıxır, öz yalanlarını bəşəriyyətə sırımağa çalışırlar. Məzlumluq və zəiflik pərdəsinə bürünmüş erməni lobbisi XX əsrin sonunda öz etdikləri soyqıımı dünyanın diqqət mərkəzindən kənarlaşdırmaq üçün hər vasitəyə əl atırlar. Hərçənd anlamırlar ki, 1992-ci ilin 1915-ci ildən ən böyük fərqi budur ki, sonuncuda kamera, videotexnika, fotoaparatlar, hadisə yerinə gələn jurnalistlər mövcud idi. Bu böyüklükdə hadisəni təhrif etməyə çalışmaq, boynundan atmaq kimi cəhdlərin heç bir faydası yoxdur. Kifayət qədər ciddi faktlar və videomateriallar ermənilərin bu soyqırımına şahidlik etməkdədir. Biz ölənləri də, itkin düşənləri də olduğundan fərqli səpkidə təqdim etmirik. Bizim statistikamız faktlardır ki, bunu da danmaq qeyri-mümkündür. Elementar olaraq jurnalist Yuri Poleneyevin “Qarabağ qan girdabında ” kitabındakı qeydləri buna bir daha sübutdur: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı”. Poleneyevin bu qeydləri həqiqəti əks etdirirdi. Çünki qatı irqçilikdə ittiham olunan alman faşistləri belə Xatında, ermənilərin Xocalıda törətdikləri qədər dəhşətli,iyrənc qəddarlıq etməmişdilər. Bu hadisə ilə bəşəriyyət növbəti Xatın faciəsini yaşadı. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor və lobbilərinin birgə hazırladıqları “Böyük Ermənistan” planının ilkin fazası, hərəkatın ilk bəndi “Haydad” və “ASALA” terror təşkilatları ilə birgə icra olundu. Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün, saat 23.00 radələrində Xocalıya müxtəlif istiqamətlərdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən – çayın sol və sağ tərəfindən, Daşbulaq-Xocalı yolu səmtindən, Norgux-Xocalı istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və nəhayət, Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklə üz-üzə qaldı.

Bu hərbi-siyasi cinayət zamanı Azərbaycan xalqı həm fiziki, həm mənəvi-psixoloji, həm maddi-iqtisadi sarıdan güclü zərbə aldı. Azərbaycan türklərinin antik mədəniyyət arealından biri sayılan Xocalı-Gədəbəy ərazisində mövcud olan abidələrin bir çoxu erməni vandalizminin qurbanı olmuşdur. Hələ m.ə. VIII-VII əsrlərə aid olan Xocalı-Gədəbəy mədəniyyəti abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazilərdə tədqiqatçılar tərəfindən misəritmə kürələri (Mingəçevir), mis tunc məmulatları hazırlayan emalatxana (Topal həsənli) qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Amma, təəssüf ki, indi bu mədəniyyət abidələrinin Xocalıdakı hissəsi yerlə-yeksan olunmuşdur. Çünki erməni vandalizmi üçün qədim mədəniyyətin mövcudluğunun əhəmiyyəti yoxdur. Onlar əvvəldən yaxşı başa düşürdülər ki, Xocalı-Gədəbəy mədəniyyət arealı azərbaycanlıların bu torpaqlarda aborigenliyini sübut edir. Bu abidələri saxlamaq heç bir halda ermənilərə sərf etmədiyindən dağıdılmışdır.

Ümumiyyətlə, işğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının ortaya atdığı saxta ərazi iddiaları zaman-zaman xalqımıza böyük bəlalar gətirdi. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilmədi, bu dəhşətli cinayət cəzasız qaldı. Beynəlxalq Cenevrə Konvensiyasına əsasən, Ermənistan Respublikasına qarşı sanksiyalar tətbiq edilməli olduğu halda, bu cinayətin iştirakçılarının heç biri cəzalandırılmadı. Bu gün də davam edən bu cəzasızlıq Ermənistanın daha da yeni iddialara qapılmasına və xülyalarını gerçəkləşdirmək üçün kütləvi qırğınlara meyillərini artırır.  Onlar Xocalıda nə etmişdilərsə, digər işğal olunmuş rayonlarımızda da bunları etmişdilər. O dəhşətli gecədən xilas olanların əksəriyyəti şəhid milli qəhrəman Əlif Hacıyevin başçılıq etdiyi kiçik özünümüdafiə batalyonunun şücaəti sayəsində sağ qalmışdır. Bu gün bəlkə də digər rayonlarımızdan olan məcburi köçkünlərimizin arasında xocalılıların niyə belə cüzi sayda olduqlarını görəndə bunu anlamaq çətin deyil. Çünki onların əksəriyyəti həmin gecə öldürülmüş və itgin düşmüşdür.

(ardı var)

Anar TURAN,
“ Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında