Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində aparılan işlər artıq öz nəticələrini verir

 

Bu qətliam Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir

 

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri ermənilərin Xocalıda törətdikləri soyqırımı oldu. Söz yox ki, buna qədər Ermənistan silahlı qüvvələri və terror təşkilatları tərəfindən soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törədilmişdi. Ancaq Xocalı qətliamı XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Bu faciə tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi faciələri ilə eyni səviyyədə durur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu qətliamın törədilməsi ilə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Qəddar və qaniçən xalq kimi tanınan ermənilərin bu dəhşətli faciəni törətməkdə əsas məqsədləri Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz çirkin niyyətinə çata bilmədi. Çünki xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, azərbaycanlılara xas olan mərdlik və dözümlülük nümayiş etdirərək erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuşlar.

Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan donmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdırlar. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdır. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

Ermənilərin törətdikləri bu qanlı hadisədən 21 il ötsə də, hələ də bu faciənin dəhşətləri unudulmur. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Artıq ABŞ-ın bir neçə ştatında ermənilərin törətdikləri faciə müzakirə olunmuş və Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul olunmuşdur. Bununla əlaqədar bir sıra faktları diqqətə çatdırmaq istərdik.

2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci ildə isə Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulma cinayəti kimi tanıyıb. Həmin ilin martında Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatından (əyalətindən) olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır. ABŞ-ın Kaliforniya ştatında da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etməsi Ermənistanın işğalçı dövlət kimi tanınmasndan xəbər verir.

Xocalı soyqırımının 20-ci ilində ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Kris Kristi və və vitse-qubernator, leytenant Kim Qadaqno Nyu-Cersi ştatının Xocalı qətliamı qurbanlarına ehtiramlarını ifadə edərək birgə bəyanat yaymışlar. Bəyanatda qeyd olunur: “Nyu-Cersi ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsindən qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk”

2012-ci ilin martında Amerika Birləşmiş Ştatlarının Mein ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Sənədin qəbul edilməsinin təşəbbüskarları ştatın Nümayəndələr Palatasının üzvü Enn Haskell və Mein ştatından senator Castin Alfond olub. Qətnamədə qeyd olunmuşdur ki, “26 fevral 1992-ci ildə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın köməkliyi ilə soyqırımı həyata keçirərək yüzlərlə günahsız insanı məhv etmiş və Azərbaycanın Xocalı şəhəri işğal olunmuşdur. Soyqırım nəticəsində 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Onlardan çoxunun taleyi hələ də məlum deyil. 366-cı motoatıcı alay Xankəndindən çıxarıldıqdan sonra alaya məxsus hərbi texnikanın böyük hissəsi erməni separatçılarının ixtiyarına verilmişdir”.

Bu il yanvarın 31- də ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı tanındı. Nyu-Meksiko ştatının Senatı Xocalı faciəsini tanıması barədə bəyanat yayıb. Azərbaycan əhalisinin kütləvi qətlini təsdiq edən qətnamə Demokrat Partiyasından olan senator Herald Ortis-i-Pino tərəfindən baxılmaq üçün ştatın parlamentinin yuxarı palatasına, təqdim edilib. Sənəddə Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-26-da Xocalı şəhərinin işğalı zamanı erməni silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qırğından, söhbət açılır. Qətnamənin müəllifi yazır: “...Qırğından sonra Xocalıda tapılmış bir çox insanların meyitləri eybəcər hala salınmış və təhqir olunmuşdu. Bu hadisə müharibənin vəhşicəsinə törədilmiş ən dəhşətli qırğını idi”. Sənəddə, həmçinin qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamələr qəbul etdiyinə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Nyu-Meksiko ştatı Senatının Xocalı qırğınının təsdiqinə dair qətnaməsi 35 senator tərəfindən yekdilliklə qəbul olunub. Qeyd edək ki, Xocalı soyqırımı digər ölkələr tərəfindən də tanınıb. Meksika Senatının 2012-ci il fevralın 2-də qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırımı adlandırılıb.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib.

2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.

Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət nəticəsində artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barəsində tam məlumatlıdır. Bu işdə dövlətimizin başçısının gərgin fəaliyyəti ilə yanaşı Heydər Əliyev Fondunun, xüsusulə fondun prezidenti Mehriban xanım Əliyevanın da əməyi qeyd olunmalıdır. Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirmişdir.Bu layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçirilmiş, Avropa Parlamentinin binasında anım mərasimi təşkil olunmuşdur.

Xarici ölkələrdə keçirilən anma mərasimləri Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı “Xocalı soyqırımı” filminin nümayişi ilə başlanıb. Mərasimlərə dəvət olunanlar erməni şovinistlərinin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillərlə və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallarla tanış olublar.

 Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın da Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında böyük rolu olmuşdur. 2009-cu ildə L.Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Dünyanın əksər ölkələrində keçirilən bu kampaniyaya həmin ölkələrin gəncləri də qoşulmuşlar. Son vaxtlar Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los Ancelesdə də bu istiqamətdə tədbirlər keçirilmişdir.

Xocalı faciəsinin 19-cu və Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması konvensiyasının 60 illiyi ilə əlaqədar olaraq həm onlayn, həm də kütləvi aksiyalarda Xocalı həqiqətləri haqqında geniş məlumat verilmiş, dünyanın 30-a yaxın universitetində keçirilmiş “flash-move” aksiyasında isə azərbaycanlı tələbələrlə yanaşı əcnəbilər də iştirak etmiş, bu soyqırımını əks etdirən bukletlər paylanmışdır.

Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Faciənin baş vermə səbəblərindən danışarkən o zaman Azərbaycana rəhbərlik edən şəxslərin və rəhbərliyə iddialı olan qüvvələrin siyasi və mənəvi məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Vətəndaşların asayişini və təhlükəsizliyini qorumaq Azərbaycan hökümətinin ən başlıca vəzifəsi idi. Lakin dövlət orqanları gözləmə mövqeyində dayanaraq şəhərin müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş və əhalini taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirə şəraitində qalan, ən müasir silahlarla silahlanmış düşmənlə mərdliklə vuruşan şəhərin müdafiəçilərinə heç bir kömək göstərilməmişdir. Respublikanın rəhbərliyi baş vermiş ağır cinayət və soyqırımı aktı haqqında dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumat vermək, həqiqəti çatdırmaq əvəzinə, real vəziyyəti gizlətmiş və xalqın taleyinə biganəlik nümayiş etdirmişdir. Sonradan da Xocalı soyqırımının mahiyyətini açmaq, onun təşkilatçılarını və iştirakçılarını ifşa etmək üçün heç bir iş görülməmişdir. Xalqımızın faciəsi, yüzlərlə insanın məhv olmuş həyatı o zamankı hakimiyyət və müxalifət tərəfindən yalnız siyasi mübarizədə qarşılıqlı ittihamlar üçün vasitə rolunu oynamışdır. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciənin siyasi - hüquqi qiymət alması istiqamətində qətiyyətli addımlar atılmışdır.

 

1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlaqmentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti yeritmişdir. Bu siyasi xətt Xocalı qətliamının beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına yönəlmişdir.

Xocalı faciəsinin dünya birliyndə soyqırımı kimi tanınması istiqamətində aparılan işlər artıq öz nəticələrini verməkdədir. Dünyanın əksər dövlətləri, həmçinin mötəbər beynəlxalq təşkilatlar bu qətliamın Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu təsdiqləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir”.

 Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Bakıda Prezident İlham Əliyevin də ön sırasında olduğu ümumxalq yürüşü keçirilmişdir. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Bu izdihamlı yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının günahsız qurbanlarının — xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış transporantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və s. sözlər yazılmış plakatlar tutan gənclər düzülmüşdü. İnsanların hüznlü çöhrələrinə baxanda açıq-aydın görünürdü ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silməmişdir.

 Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin diqqətçəkən bir nümunəsi adlandırmaq olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların bu vaxta qədər hələ də cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərin xatirəsinə ehtiramını, işğal altındakı torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

 Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında