Azərbaycan seçkidən-seçkiyə təcrübəsini zənginləşdirir

Müsahibimiz Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım Kazımovdur

–Mirkazım müəllim, bu il aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin qaynar vaxtıdır. Həmin hazırlıq işləri ilə bağlı sizin də münasibətinizi bilmək istərdik.

–2018-ci il ilk növbədə prezident seçkiləri ili kimi yaddaşlarda qalacaq. Xalqımız üçün böyük əhəmiyyət kəsb edən bu hadisə bir daha təsdiqləyəcək ki, Azərbaycan dövləti demokratik prinsiplərin inkişafına böyük önəm verir. Bu seçkilərin də mütəşəkkil, azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Demokratik, ədalətli seçkilərin keçirilməsi üçün zənqin hüquqi bazanın, beynəlxalq təşkilatların da yüksək qiymətləndirdiyi Seçki Məcəlləsinin və əlverişli mühitin yaradılması ölkə rəhbərinin siyasi iradə nümayiş etdirməsinin nəticəsidir. Təbii ki, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm hadisə, demokratiyanın təzahürü və göstəricisidir. Demokratik prinsiplərin inkişafına xüsusi önəm verilən respublikamızda da seçkilərin şəffaf keçirilməsi ilə bağlı kifayət qədər təcrübə qazanılıb. Bu fakt beynəlxalq birlik tərəfindən də etiraf olunub.

– Seçkilərin demokratik keçirilməsi üçün əsas amillərdən biri də davamlı ictimai-siyasi sabitlikdir. Bu məsələni siz neçə qiymətləndirirsiniz?

– Ölkəmizdə davamlı ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin mövcudluğu, sivil, intellektual cəmiyyətin formalaşdırılması istiqamətində qətiyyətli addımların atılması növbəti prezident seçkiləri ərəfəsində seçicilərdə yüksək əhval-ruhiyyə yaradıb. Biz 1993-cü ildən indiyədək keçirilən seçkilərdə bunun şahidiyik. Həmin vaxtdan başlayaraq, Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri ölkə ictimaiyyətinin düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib. Biz aprelin 11-də keçiriləcək prezident seçkilərində bunun bir daha şahidi olacağıq. Ölkəmizdə vətəndaşların iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verilir.

Azərbaycanda bütün seçkilər beynəlxalq standartlara tam cavab verən Seçki Məcəlləsi ilə tənzimlənir. 2003-cü ildən başlayaraq, bu vaxta qədər Seçki Məcəlləsində 16 dəfə əlavə və dəyişikliklərin edilməsi seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsindən, müasir standartlara uyğunlaşdırılmasından xəbər verir. Bundan əlavə, seçicilərin yüksək fəallığı, xarici müşahidəçilərin çoxluğu və bütün dünyanı əhatə etməsi, "exit-poll"ların nəticələrinin bir-biri ilə və onların da nəticələrinin MSK-nın elan etdiyi nəticələrlə, demək olar ki, üst-üstə düşməsi, beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkinin azad və ədalətli keçdiyini bəyan etməsi ölkəmizdə seçkilərin ədalətli keçirildiyinin konkret göstəricisidir.

–Ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin olunması beynəlxalq aləmdə də müsbət dəyərləndirilir. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

–Azərbaycanda keçirilən seçkilərdə ən mühüm məsələlərdən biri etimad məsələsidir. 125 dairəni əhatə edən seçki məntəqələrində mindən çox veb-kameraların quraşdırılması şəffaflığın təmin edilməsinin mühüm amillərindən biridir. Bu kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən həmin məntəqələrdə səsvermənin gedişini izləmək mümkündür. Bu isə bütün məntəqələrin təqribən 20 faizi deməkdir. Beynəlxalq müşahidəçilərin sayının çox olması, yerli müşahidəcilərin fəaliyyəti və seçicilərin barmaqlarının şəffaf mürəkkəblə rənglənməsi Azərbaycanda seçkilərin şəffaf keçirilməsində ölkə rəhbərliyinin maraqlı olmasının nəticəsidir. Digər mühüm amil isə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən beynəlxalq müşahidəçilərin coğrafiyasıdır. Sonuncu prezident seçkiləri də təsdiqlədi ki, beynəlxalq müşahidəçilər, demək olar ki, bütün ölkələri əhatə edirdi. Bu sırada Avropanın- Şərqi, Mərkəzi və Qərbi Avropa qruplarının təmsilçiləri, Amerika, Asiya və Afrika qitələrindən olan dövlətlərin müşahidəçiləri var idi.

Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunmasına böyük maraq göstərilməsini təsdiqləyən amillərdən biri də yerli və xarici kütləvi informasiya vasitələrinə seçkinin gedişini izləmək və işıqlandırmaq üçün əlverişli şəraitin yaradılmasıdır. Ötən seçkilərə bir daha nəzər yetirməklə bunu aydın görmək olar. Sonuncu seçkidə 35 xarici KİV-i təmsil edən 102 jurnalistin seçkinin gedişini işıqlandırması üçün akkreditasiyadan keçməsi bu kampaniyanın beynəlxalq birlik tərəfindən diqqətlə izləndiyindən xəbər verirdi. Xarici kütləvi informasiya vasitələri sırasında TRT, Bloomberg News, BBC, Reutres, Associated Press, Almaniyanın ARD kanalı və digərlərinin olması şəffaflığın təmin edilməsi üçün siyasi iradənin və özünə arxayınlığın göstəricisidir. Barmaqların rənglənməsi və yoxlanması isə karusel adlanan mexanizmi yəni bir nəfərin iki və daha artıq dəfə səs verməsini istisna edən amildir.

Azərbaycan seçkidən-seçkiyə öz təcrübəsini artırır, qanunvericilik bazasını daha da zənginləşdirir, demokratik, şəffaf seçki keçirməyə qadir olduğunu nümayiş etdirir. Aprelin 11-də keçiriləcək prezident seçkilərində dünya birliyi bir daha bunun şahidi olacaq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında