Azərbaycanın şöhrəti getdikcə artır, dünyadakı reytinqi ildən-ilə yüksəlir. Mən xarici ölkələrə səfərlərim zamanı da bunun şahidi oluram. Sövet hakimiyyəti dövründə xarici ölkələrə səfərlərim zamanı görürdüm ki, respublikamızı bir o qədər də yaxından tanımırlar. Ancaq çox ölkələrdə ulu öndərimiz Heydər Əliyevi tanıyırdılar. Mən bununla fəxr edirdim. Qürur duyurdum ki, ümummilli liderimizi dünyanın hər yerində tanıyırlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra artıq ölkəmizin sədası dünyanın müxtəlif yerlərindən eşidildi.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başlayan gündən demokratik islahatlara geniş yer verdi. Böyük şəxsiyyətin dövlət idarəçiliyində zəngin təcrübəsi var idi. Yaxşı bilirdi ki, demokratiyanın inkişafı Azərbaycanın əlaqələrini genişləndirəcək və dünyada tanıdacaq. Mən 1993-cü ildə keçirilən prezident seçkilərini xatırlayıram. Azərbaycan cəmi 2 il idi ki, müstəqillik yolunda idi. Qısa müddətdə demokratik, azad seçki keçirmək çox çətin idi. Ancaq ulu öndər buna nail oldu. Dünya ictimaiyyəti də şahidi oldu ki, cəmi 2 illik müstəqillik tarixi olan Azərbaycan demokartik seçkilər keçirməyə böyük maraq göstərir. Bundan sonra ölkəmizə olan maraq daha da artdı. Sonrakı illərdə keçirilən prezident seçkilərində namizədlərin sayı daha çox oldu. Onların hamısı da həm rayonlarda, həm də Bakıda seçicilərlə görüş keçirir, platformaları barədə məlumat verirdilər.
Prezidentliyə namizədlərə belə şəraitin yaradılmasının özü demokratiyanın təntənəsi idi. Artıq respublikamızın seçki təcrübəsi artmışdı, şəffaflığın təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirilmiş, qanunlar qəbul olunmuşdu. Beləliklə, ulu öndərin rəhbərliyi ilə Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Ölkəmiz müstəqillik yolunda irəlilədikcə seçki praktikasını da inkişaf etdirdi və bu sahədə dünya təcrübəsinə daha da yaxınlaşdı. Parlament, prezident və bələdiyyə seçkilərinin yekunları barədə beynəlxalq müşahidəçilərin, həmçinin mötəbər qurumların nümayəndələrinin rəylərinə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanın seçki sistemi demokratikliyinə görə yüksək qiymətləndirilir.
Son illər keçirilən seçkilər daha şəffaf, daha demokratikdir. Ölkəmizdə insanların iradəsinin azad ifadə edilməsi və seçki hüququnun tam demokratikləşdirilməsi üçün hər cür şərait yaradılıb. Bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılmış qanunvericilik aktlarının qəbul edilməsi, dövrün, zamanın inkişafına uyğun olaraq həmin sənədlərə əlavələr və dəyişikliklər edilməsi seçki təcrübəsini daha da zənginləşdirmiş. insanların seçmək və seçilmək hüququ istiqamətində qarşıya çıxan hər cür maneələri aradan qaldırmışdır.
2003-cü ilin iyun ayında təsdiqlənmiş Seçki Məcəlləsi ilə Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin – referendumun təşkili və keçirilməsi qaydaları müəyyənləşdirildi. O vaxt Milli Məclisdə keçirilən müzakirələrdə mən də iştirak edirdim. Seçki Məcəlləsinə dünyanın nüfuzlu təşkilatları, həmçinin tanınmış ekspertləri müsbət rəy vermişdi. O vaxtdan bu günə qədər Seçki Məcəlləsi daha da təkmilləşdirilərək, dünya standartlarına uyğunlaşdırılıb. Ona görə də tam cəsarətlə deyə bilərəm ki, bu il aprelin 11-də daha bir şəffaf seçkinin şahidi olacağıq.
Artıq beynəlxalq müşahidəçilər prezident seçkilərini müşahidə etmək üçün müraciətlər edirlər. Onların sayı getdikcə artır. Bir qədər əvvəl işğalçı Ermənistanda da prezident seçkiləri keçirildi. Bütün dünya şahidi oldu ki, bu ölkədə prezident seçkiləri qondarma əsaslarla və gözə kül üfürmək üçün keçirildi. Bir nəfər də olsun beynəlxalq müşahidəçinin iştirak etmədiyi seçkidə, təbii ki, obyektivlikdən söhbət gedə bilməzdi. Azərbaycanda namizədlərdən 7 nəfərin namizədliyi artıq qeydə alınıb. Yerli və beynəlxalq müşahidəçilər üçün qapılar açıqdır. Onlara seçkinin gedişini izləmək üçün hər cür şərait yaradılıb. Bütün bunlar seçkilərin şəffaf və ədalətli keçiriləcəyindən xəbər verir.
Zeynəb XANLAROVA,
SSRİ Xalq artisti,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.