Azərbaycanda prezident seçkilərinin obyektiv, ədalətli, şəffaf keçirilməsi üçün etibarlı zəmin vardır

Dövlət müstəqilliyinin bərpasından keçən qısa müddət ərzində aparılan uğurlu islahatlar nəticəsində respublikamız dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasına çıxmışdır. Ölkəmizdə əhalinin rifahı  daha da yaxşılaşmaqdadır, işsizlik aradan qaldırılır və yoxsulluq həddi aşağı düşməkdə davam edir.

Demokratik idarəetmənin ən mühüm şərtlərindən biri kimi qəbul edilən bazar iqtisadiyyatı həmişə fərdin muxtariyyətini təmin edir, bazar iqtisadiyyatının inkişafında demokratiya üçün zəruri olan azadlıq, məsuliyyət və sahibkarlığa marağı stimullaşdırır. Bu baxımdan ölkəmizin iqtisadi qüdrətinin artması və xalqımızın maddi həyat şəraitinin daim yüksəldilməsi qarşıya başlıca məqsəd kimi qoyulub.

Demokratiya üçün ən mühüm şərtlərdən biri cəmiyyətin çoxsaylı və nüfuzlu orta sinfə malik olmasıdır. Orta sinif təhsil səviyyəsinin yüksəkliyinə, şəxsiyyətin mənlik şüurunun inkişafına, ləyaqət hissinə, siyasi mühakimələrin və fəallığın kompotentliyinə görə fərqlənir. Çünki orta sinif daha çox demokratiyanın marağındadır və onlar demokratiyanı daha çox qoruyub saxlamağa cəhd göstərirlər.

Ölkəmizdə orta sinfin formalaşması dövlətimizin xüsusi diqqət mərkəzindədir, bu istiqamətdə xüsusi proqramlar hazırlanaraq həyata keçirilir və orta sinfin formalaşması prosesi yüksələn xətlə inkişaf edir. Orta siniflə, yanaşı idarəetmənin demokratik formasının dayağı bazarla əlaqəsi olan sahibkarlardır. Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı xüsusi dövlət proqramı və layihələr həyata keçirilir, rayonlarda sənaye məhəllələri yaradılır.

Demokratiyanın daha mühüm şərtlərindən biri də kütləvi informasiya vasitələridir. KİV vətəndaşlara siyasət haqqında, xüsusilə də qəbul edilmiş siyasi qərarlar, partiyalar, seçkili vəzifələrə iddialar və başqa amillər haqqında mühakimə yürütməyə kömək edir. Böyük əraziyə və çoxmilyonlu əhaliyə malik olan ölkələrdə demokratiya KİV-siz praktiki cəhətdən qeyri-mümkündür.

Ölkəmizdə çoxpartiyalılıq, iqtisadiyyatın liberallaşdırılması, fikir və söz azadlığının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür. Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı qanunvericilik bazasını yaratdı, beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Söz, mətbuat azadlığının təmin edilməsinə mane olan və köhnə totalitar rejimə xas olan senzura ləğv edildi. Hazırda insan hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif institutlar, qurumlar və ictimai təşkilatlar fəaliyyət göstərir. Çoxlu sayda KİV – qəzetlər, jurnallar, telekanallar, radiolar, xəbər agentlikləri, müstəqil fəaliyyət göstərərək, istədikləri fikri deyə bilir, dövlət sirri təşkil etməyən istənilən faktları açıqlamaq üçün qeyri-məhdud imkanlara malikdir.

Demokratik idarəetmə sisteminin mühüm şərtlərindən biri də vətəndaşlarda siyasi əqidə və mədəniyyətin formalaşmasıdır. Siyasi mədəniyyət özündə mentaliteti, siyasətin qavranılması və dərk edilməsi üsullarını, insanların hakimiyyətə münasibətini əks etdirir. Respublikamızda söz və mətbuat azadlığının təmin edildiyi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin bərpa olunduğu şəraitdə insanlar cəmiyyətin və dövlətin siyasi həyatında fəal iştirak edir. Bu da vətəndaşların siyasi mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan demokratiya yalnız vətəndaşların siyasi mədəniyyətinin inkişafı əsasında möhkəmlənir. Artıq ölkəmizdə vətəndaşların siyasi mədəniyyəti  formalaşmış, onlar cəmiyyətin və dövlətin həyatında baş verən siyasi proseslərdə fəal iştirak edərək doğru-düzgün qərar qəbul edirlər, dövlətçiliyimiz üçün təhlükəli olan məsuliyyətsiz çağırışlara əhəmiyyət vermirlər.

Aparılan demokratik sosial, iqtisadi, siyasi və hüquqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlətin möhkəm bünövrəsi qoyulmuş və bu sahədə görülən işlər hazırda uğurla davam etdirilir. Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir.

Müstəqillik illərində keçirilən uğurlu parlament və prezident seçkiləri təcrübəsinin mövcudluğu qarşıdan gələn prezident seçkilərinin ədalətli və demokratik keçirilməsini şərtləndirən ən mühüm amillərdən biridir.

Demokratik idarəetmə sisteminin formalaşması və inkişafının mühüm şərtlərindən biri də əhalinin savadlı olmasıdır, bütövlükdə onun təhsilidir. Aydındır ki, təhsildən şəxsiyyətin siyasi mühakimələrinin səviyyəsi, onun intellektual inkişafı, təfəkkür azadlığı, ləyaqət hissi birbaşa asılıdır.

Təhsilsiz insan mahiyyətcə siyasətdən və demokratiyadan kənar olur, hakimiyyətin və yaxud başqa siyasi qüvvələrin inhisar obyektinə çevrilir. Ölkəmiz təhsil sahəsində aparılan islahatlar nəticəsində demokratiyanın yüksək inkişaf etdiyi Qərb ölkələrinin təhsil sisteminə inteqrasiya etmişdir. 2005-ci ildən ali təhsilin Qərb təhsil sisteminə –Boloniya prosesinə keçməsi gənclərimizin demokratik idarəetmə sisteminin tələblərinə cavab verə biləcək kadrlar kimi yetişməsində geniş imkanlar açmışdır. Bu gün tələbələrimiz dünyanın nüfuzlu universitetlərində təhsil alaraq, yüksək elmi biliklərə yiyələnir və demokratik idarəetmə təcrübəsi qazanırlar.

Demokratik idarəetmə sahəsində aparılan islahatlar ixtisaslı mütəxəssislərin hazırlanmasını aktual vəzifə kimi qarşıya qoyur. Sosial, iqtisadi və siyasi dəyişikliklər bu gün dövlət qulluqçularından demokratik idarəçiliyə uyğun yeni keyfiyyətlər və vərdişlər tələb edir. Onlar dövlət təşkilatlarında dəyişikliklər aparılmasının müasir metodlarını və vasitələrini mənimsəməli, innovasiya proseslərinin idarəedilməsi qabiliyyətinə malik olmalı, bürokratik strukturun sosial və təşkilati ətalətini aradan qaldırmağa qadir olmalıdırlar. Dövlət idarəçiliyində çalışan yeni nəsil özlərinin qulluq fəaliyyətində demokratik dəyərləri və mənəviyyat normalarını formalaşdırmalı, dövlət idarəçiliyinin bütün səviyyələrində, bütövlükdə cəmiyyətin maraqlarına uyğun olaraq işin səmərəliliyini artırmalıdırlar. Dünya təcrübəsi göstərir ki, demokratikləşmənin inkişaf sürəti, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, hüquqi dövlətin təşəkkül tapması, ümumiyyətlə, ölkənin sosial, iqtisadi, siyasi və mənəvi tərəqqisi yaradılmaqda olan yeni məmurlar ordusunun keyfiyyətindən, onların peşəkarlığından, öz işlərinə məsuliyyət və vicdanla yanaşmalarından, insanlara qayğılarından, ən başlıcası isə dövlətçiliyə, müstəqilliyə sədaqətlərindən, milli-mənəvi dəyərlərə hörmət və məhəbbətlərindən asılıdır. Ölkəmizdə bu sahədə görülən işlər yeni məmurlar ordusunun formalaşmasını təsdiq edir.

Demokratiyanın başlıca amillərindən biri də vətəndaşların gündəlik həyatlarında hakimiyyət strukturlarından məmnun qalmasıdır. Ölkəmizdə vətəndaş məmnunluğunu təmin edən və dünyanın inkişaf etmiş ölkələri üçün nümunə olan  – “ASAN xidmət” institutu uğurla fəaliyyət göstərir. “ASAN xidmət”in fəaliyyətindən vətəndaşların məmnunluğu 98 faiz təşkil edir.

Bütün qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkilərinin obyektiv, ədalətli, şəffaf keçirilməsi üçün demokratik zəmin və əlverişli mühit mövcuddur.

Sakit ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının elmi katibi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında