Azərbaycan azad, şəffaf və demokratik seçkilər keçirmək barədə öhdəliyini layiqincə yerinə yetirəcək

Azərbaycanda keçiriləcək prezident seçkilərinə təxminən bir ay vaxt qalır. Aprelin 11-də xalqımız növbəti dəfə seçki məntəqələrinə gələrək özünün prezidentini seçəcək. Azərbaycanın Mərkəzi Seçki Komissiyası isə ölkəmizin demokratiya yolunda daha bir addım irəlilədiyini elan edəcək.

Əslində bütün dünyada belədir: özünün gələcək inkişafı üçün demokratiya yolunu seçmiş hər bir dövlət istər-istəməz üzərinə azad, şəffaf və demokratik seçkilər keçirmək öhdəliyi götürmüş olur. Bu cür seçkilərin keçirilməsi üçün isə həmin dövlət güclü hüquqi baza yaradır. Azərbaycan da uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini lazımi şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır.

Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Dövlətimiz mükəmməl Konstitusiyaya və qanunvericiliyə malikdir. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.

Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Artıq ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işləri aparır. İctimaiyyətimizin ayrı-ayrı təbəqələrinin nümayəndələri, eləcə də ziyalılar, müəllimlər, başqa sahələrdə çalışan soydaşlarımız seçkidə fəal iştirak edəcəklərini, ölkəmizin işıqlı gələcəyinə səs verəcəklərini bəyan edirlər. Ölkəmizin müəllim ordusu inanır ki, həmişə olduğu kimi, bu dəfəki seçkilərdə də demokratiklik və şəffaflıq təmin ediləcək, seçkilərin nəticələri xalqımız üçün xeyirli olacaq.

Əminliklə deyə bilərik ki, bizim son illərdə topladığımız seçki təcrübəsi artıq bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alır, təqdir olunur. Bir vaxt məntəqələrdə saxtalaşdırmaya nəzarət üçün müşahidə kameralarının quraşdırılması məsələsi qaldırılmışdı. Dövlət səviyyəsində bu məsələnin reallaşdırılması təmin edildi. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Bu məsələnin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırıldı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. Bütün bu şəraiti göz önünə gətirərək inanırıq ki, qarşıdakı 11 aprel seçkiləri də geniş ictimai fəallıq və demokratik prinsiplər əsasında keçiriləcək və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndiriləcək.

Səhər ORUCOVA,
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında