Ölkəmizdə bütün seçki dairələri və məntəqələri müasir standartlara cavab verən binalarla təmin olunub

Dünya təcrübəsi sübut edir ki, seçkilərin mükəmməl  hazırlanıb, uğurla başa çatdırılması üçün lazım olan çoxsaylı şərtlərdən dördü daha mühümdür:  Mükəmməl seçki qanunvericiliyi, dövlətin siyasi iradəsi, xalqın seçki mədəniyyəti və nəhayət, seçkini təşkil edən qurumların maddi-texniki bazası. Müasir Azərbaycan həqiqətlərinə bu dörd şərt prizmasından baxmalı olsaq, onda görərik ki, biz 11 aprel seçkilərinə tamamilə hazırıq.

Fikrimizi sübut etmək üçün qeyd edək ki,  Seçki Məcəlləmizin dünya standartlarına cavab verdiyini beynəlxalq təşkilatların təmsilçiləri çoxdan bəyan ediblər, dövlətimizin siyasi iradəsi bütün dünyanın gözü qabağındadır, xalqımızın seçki mədəniyyəti isə hələ 100 il qabaq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşdırılmış, son dövrlərdə isə kifayət qədər təkmilləşmişdir. O ki qaldı, seçkini təşkil edən qurumların maddi-texniki bazasının müasirliyinə, deyə bilərik ki, ölkəmizdə bütün seçki məntəqələri müasir standartlara cavab verən binalarla təmin olunub.

Yəni ölkəmizdə növbəti prezident seçkilərinin uğurla keçirilməsinə bu sahədəki  qanunvericilik bazamız və ötən illərdə qazandığımız seçki təcrübəsi də imkan verir. Yeri gəlmişkən, gənc müstəqil Azərbaycan Respublikası  1993-cü ilin yayından sonra demokratiyanı özünün əsas siyasi xətti elan edib. Ona görə də həmin ildən günümüzədək atılan bütün addımlar demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəlib. Şübhəsiz, bu sistemin əsas meyarlarından biri də azad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Çünki seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflığı, seçicilərin seçkilərdə fəal iştirakı, vətəndaşların sərbəst seçim etməsi demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Bu baxımdan ölkəmizdə keçirilən hər seçkini, o cümlədən qarşıdan gələn prezident seçkilərini də demokratik dəyərlərə verdiyimiz töhfə kimi qəbul edə biləcəyik.

Bizim seçki təcrübəmiz və seçici mədəniyyətimiz dərin köklərə əsaslansa da, dövlətimiz bu sahədə aparılan islahat və müasirləşdirilməni daim davam etdirir. Azərbaycan rəhbərliyi qabaqcıl təcrübədən faydalanmaq,  hər şeyin ən yaxşısını əldə etmək naminə qanunların hazırlanmasında nüfuzlu beynəlxalq təşkilatların hazırlıqlı kadrlarının iştirak etməsini təmin edib. Bunun bir nümunəsi də 2003-cü ilin mayında qəbul edilən Azərbaycan Respublikasının Seçki Məcəlləsidir. Məcəllə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlıqda hazırlanmış və həmin dövrdəki hesabatlarda da bu sənədin əsasında demokratik seçkilərin keçirilməsinin mümkünlüyü xüsusi qeyd olunmuşdur.

Ancaq Seçki Məcəlləmiz  nə qədər müasir olsa da, beynəlxalq təşkilatlardakı tərəfdaşlarımızın iştirakı ilə onun  daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. Belə ki, seçkilərdə demokratikiyin təmin edilməsi məqsədilə 28 iyun 2005-ci il tarixdə "Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Təbii ki, bu, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edirdi. Bundan əvvəl isə 2005-ci il mayın 11-də  dövlətimizin başçısı  "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncam imzalamışdı. Nüfuzlu beynəlxalq təşkilatlar yekdilliklə qeyd etmişdilər ki, bu sərəncam Azərbaycanın milli seçki təcrübəsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına yol açan önəmli addımlardan biridir.

Seçkilərdə çoxsaylı beynəlxalq müşahidəçilərin və əcnəbi mətbuat təmsilçilərinin iştirak etməsi üçün yaradılan maksimum şərait də dünya mütəxəssislərinin diqqətindən yayınmır. Yeni əsrdə keçirilmiş elə bir seçki və ya referendum yoxdur ki, orada özündən əvvəlkinə nisbətən daha çox beynəlxalq müşahidəçi və əcnəbi jurnalistlər iştirak etməsinlər. Onların ölkəmiz haqqında səsləndirdiyi müsbət fikirlər də ildən-ilə, seçkidən-seçkiyə artır.

Eləcə də, seçki komissiyalarının fəaliyyət göstərmələri üçün artıq hərtərəfli şərait yaradılıb. Bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin olunub, onların maddi-texniki bazası möhkəmləndirilib. Aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirilir.

Yəni Azərbaycan dövləti də, xalqımız da, seçicilər də 11 aprel prezident seçkilərinin uğurla başa çatdırılmasına tamamilə hazırdır.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında