Xalqımızın aydın zəkası və siyasi mədəniyyəti demokratik seçkilər üçün yetərlidir

Prezident seçkisi hər bir dövlətin həyatında mühüm əhəmiyyət daşıyan siyasi hadisədir. Bu baxımdan qarşıdan gələn prezident seçkisinin Azərbaycan dövlətinin inkişafı, ölkəmizin regional və qlobal siyasi-iqtisadi proseslərdəki mövqelərinin möhkəmləndirilməsi, xalqımızın rifahı və təhlükəsiz həyatının təmin edilməsi baxımından müstəsna əhəmiyyəti var. Publisist-politoloq Elçin Mirzəbəyli bu həqiqətə münasibətini açıqlayaraq bildirdi:

--Seçki sivil, demokratik dövlətlərdə hakimiyyətin davamlılığının təmin edilməsi üçün yeganə leqal vasitə olmaqla yanaşı, həm də xalqın siyasi və mədəni səviyyəsini nümayiş etdirən bir prosesdir. Cəmiyyətin sağlam düşüncəli kəsimi bəri başdan şübhə etmir ki, aprelin 11-də keçiriləcək seçkilərdə də Azərbaycan vətəndaşları yüksək mütəşəkillik və siyasi iradə nümayiş etdirəcəklər.

Azərbaycanda seçkilərin şəffaf, ədalətli keçirilməsi üçün ötən illərdə ciddi hüquqi baza formalaşdırılıb. Xalqımızın potensialı, siyasi mədəniyyət səviyyəsi seçkilərin sabit bir şəraidə baş tutmasına imkan verir. Bu günə qədər keçirilən seçkilər də sübuta yetirir ki, Azərbaycanda yüksək seçki mədəniyyəti qərarlaşıb. Bunun üçün həm siyasi iradə, həm də sağlam mövqenin gerçəkləşməsi üçün ciddi potensial var.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müvafiq sərəncam və qərarlara münasibətdə bəzi radikal və inkarçı siyasi qrupların ənənəvi cığal davranışlarını isə, düşünürəm ki, təbii qəbul etmək lazımdır. Çünki prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasını daha da intensivləşdirmək niyyəti güdən dairələri qıcıqlandırıb. Uğurla davam edən seçki marafonu onların təkrar istifadəyə yararlı olduqlarını sübuta yetirməyə çalışan nüfuzlu müvəkkillərini çıxılmaz vəziyyətə salıb.

Belə qarayaxma kampaniyalarından ölkəmizə qarşı təsir və təzyiq aləti kimi istifadə edən düşmən dairələrin növbəti canfəşanlığının səbəblərini açıqlayan tanınmış yazar dedi: “Öncə qeyd edim ki, Azərbaycanda ölkə prezidenti seçkilərinin keçirilməsi ilə bağlı qərar dövlət rəhbərinin müstəsna səlahiyyətlərinə aid olan məsələdir. Digər tərəfdən, 2016-cı ildə keçirilən ümumxalq səsverməsində ölkə başçısının səlahiyyət müddəti, vitse-prezidentlik institutu, bütövlükdə, icra hakimiyyəti ilə bağlı Konstitisiyaya müvafiq əlavə və dəyişikliklərin edilməsi növbəti prezident seçkisinin keçirilməsini zəruri edən bir amil kimi qiymətləndirilməlidir. Bütün bunlar isə növbəti prezident seçkisinin bir neçə ay əvvəl keçirilməsini anlamaq istəməyən dairələrin hüquqi cəhətdən tamamailə əsassız iddialarla çıxış etdiklərini sübuta yetirir.

Respublikamızda növbəti prezident seçkisinin elan olunması siyasi cəhətdən də ozünü doğruldan bir addımdır. Azərbaycan olduqca həssas bir regionda yerləşir. Müstəqil dövlətimizin təşəbbüsü və iştirakı ilə bu vaxtadək gerçəkləşdirilmiş və həyata keçirilməkdə olan enerji, nəqliyyat layihələri ölkəmizə olan diqqəti daha da artırıb. Belə bir şəraitdə siyasi sabitliyin qorunub saxlanılması, ictimai təhlükəsizliyin təmin edilməsi təkcə Azərbaycanın daxili məsələsi deyil, həm də regional və qlobal sabitliyin, təhlükəsizliyin mühüm komponentlərindən biri kimi böyük önəm kəsb edir.

Təbii ki, ortalıqda növbəti seçkinin irəli çəkilməsi üçün heç bir hüquqi və siyasi ziddiyyətin olmadığı halda bəzi radikal və inkarçı qrupların heç bir ölçüyə, siyasi mədəniyyət normalarına, elementar əxlaqa sığmayan aşırı davranışları sual doğurur. Səbəb nədir? Səbəblərdən biri, öncə qeyd etdiyim kimi, Azərbaycanda prezident seçkilərinin payızda keçiriləcəyini düşünən və bu zaman kəsiyinə görə də çoxsaylı qrant layihələri hazırlayan, antiazərbaycan kampaniyasından əldə edəcəkləri vəsaitlərin hesabını aparan, xəyanətdən çıxan “çörək”lərini artırmağa çalışanların ümidlərinin puça çıxmasıdır.

İndi seytnot vəziyyətinə düşüblər və gediş etmək üçün vaxt qalmayıb. Ötən illərdən fərqli və əsəbi reaksiyaların ortaya çıxmasının əsas səbəbi də budur. Radikal-inkarçı qrupların, guya, seçkinin növbədənkənar keçirilməsinin onların bu siyasi kampaniyada iştirak etmələrinə maneə yaratdığını iddia etmələri də cəfəng yanaşmadı. Əslində, belə iddialar ilk növbədə gücsüzlükdən, həm də Konstitusiyaya və ölkə qanunvericiliyinə zidd niyyətlərdən xəbər verir.”

Politoloq daha sonra  söylədi ki, Azərbaycanda və dünyanın bütün sivil ölkələrində hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir. Bu baxımdan istənilən siyasi partiyanın fəaliyyətinin prioritetləri seçkilərlə bağlı olmalıdır. Yəni siyasi partiya fasiləsiz olaraq seçkilərə hazırlaşmalı və bu istiqamətdə qanunvericiliyin imkan verdiyi fəaliyyətlə məşğul olmalıdır. Siyasi fəaliyyətin ana xəttini seçkilərdə iştirak təşkil edir. Radikal-inkarçı qrupların iddialarından isə bəlli olur ki, onların fəaliyyəti seçkilərə  hazırlıqla bağlı olmayıb. Yəni bu qruplar leqal yolla hakimiyyətə gələ bilməyəcəklərini, xalqın dəstəyini qazanmayacaqlarını bilirlər. Ona görə də öz niyyətlərinə çatmaq üçün isə xaricdə dəstək axtarırlar. Yaxud onlar üçün siyasi fəaliyyət, sadəcə, siyasi korrupsiya vasitəsidir.

Elçin Mirzəbəyli fikrini bu sözlərlə tamamladı: “Azərbaycan vətəndaşları dünyada və regionda baş verən prosesləri diqqətlə izləyir, inkişafın və təhlükəsizliyin yalnız siyasi sabitliklə bağlı olduğunu yaxşı başa düşür və qiymətləndirirlər. Bu günədək dünyanın müxtəlif ölkələrində həyata keçirilən xaos ssenarilərinin Azərbaycanın sərhədlərindən içəri daxil ola bilməməsinin də başlıca səbəbi xalqımızın aydın dünyagörüşü, siyasi hakimiyyətin qətiyyəti, dövlətimizin gücü ilə bağlıdır. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkisi xalqımızın yüksək siyasi mədəniyyətinin, dünyagörüşünün növbəti qələbəsi olacaq.”

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında