Xocalı faciəsinin şahidi: Atamın və qardaşlarımın erməni qəbiristanlığında qətlə yetirilməsini yalnız 2007-ci ildə öyrəndik

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistanın quldur hərbi birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı dinc azərbaycanlılara qarşı kütləvi qətliam törətmişlər. Bu, XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında baş vermiş vandalizm aktı, soyqırımı olaraq qiymətləndirilmişdir. Bu gün xocalıların təsadüf nəticəsində sağ qalmış ailə üzvləri bu faciəni unuda bilmirlər. Müsahibimiz Xocalı sakini, hazırda Qobustan rayonunda məskunlaşmış, həmin soyqırımı zamanı ailə üzvlərindən atasını, üç qardaşını itirmiş və digər qardaşı yaralanmış, o məşum gün ailəlikcə əsir düşmüş və sonradan erməni əsir və meyitləri ilə dəyişdirilmiş Mürvət Məmmədovdur:

– Mürvət, faciənin üstündən 26 il keçmişdir. Həmin gecəni, soyqırımını necə xatırlayırsan?

– Bu 25-30 ildə iki dəfə qaçqınlıq həyatı yaşadıq. Biz Məmmədovlar ailəsi Göyçə mahalından 1988-ci ildə erməni quldurlarının təzyiqi ilə qaçqın düşdük. Oradan qaçqın düşəndə böyük qardaşım Sərvəri itirdik, qaçhaqaçda erməni gülləsinə tuş gəldi.  Xocalıya yerləşdirildik. Burada yenidən yuva qurduq. Lakin 1992-ci ildə Xocalının  taleyi Göyçənin taleyindən dəhşətli oldu, soyqırımına məruz qaldıq, ailə üzvlərimizi itirdik. Mənim o zaman 14 yaşım var idi. Uşaqlığımız, yeniyetməliyimiz necə keçdi, bilmədik. Ağlım kəsəndən çətin günlərimizi gözlərimlə görmüşəm və yaddaşıma həkk olunub. Ona görə də bu ağrı-acılar, ailəmizin itkiləri, atamın və qardaşlarımın bir dəstə gül qoymaq üçün məzarının belə olmaması bizi daxilən yandırır, qəlbimizi parçalayır. Şəxsən, mənim üçün, bizim ailə üçün və belə desək, Xocalı faciəsini yaşayan bütün məcburi köçkünlər üçün 26 il elə bil 26 gün kimidir.

– Hadisənin təfərrüatları necə, yadındadırmı ?

– Xocalı 1990-cı ildən blokada şəraitindəydi. Şəhərə giriş-çıxış yox idi. Sonuncu dəfə ora vertolyot dekabr ayında  gəldi. Ermənilər qazımızı, işığımızı kəsdilər. Lakin biz dözüb orada qalırdıq. Fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücuma keçdilər. Əslində, bizim üçün onların hücumu adi hal almışdı. Çünki onlar hər gün bizi atəşə tuturdular. Lakin dinc sakinlərə bu qədər amansız, bu qədər vəhşiliklə divan tutacaqlarına inanmırdıq. Keçmiş SSRİ-nin 366-cı alayı da onlarla birgə hücuma keçmişdi. Sonuncu gün böyük qardaşlarım və atam digər mərd xocalılılarla birgə postları qoruyurdular. Bir də gördüm ki, qardaşım həyəcanla gələrək ermənilərin yaxınlıqda olduğunu, artıq şəhərə girdiyini bildirdi.  Bizim silahlarımız adi ov tüfəngləri idi və bu tüfənglərlə son gülləmizə qədər atışdıq. Şəhər sakinlərinin böyük əksəriyyətinin heç bir silahı yox idi, əliyalın qalmışdıq.  Yadımdadır ki, ermənilər evimizi mühasirəyə aldılar və evə əl qumbarası atdılar. Qumbaranın qəlpəsinin biri ayağımı yaraladı. Biri anamın kürəyinə dəydi. Qonşumuz var idi –Sara xala. Üç yaşlı uşağı ilə birlikdə həlak oldu. Təslim olmurduq, yaralarımız, qanımız bir-birinə qarışmışdı. Həlak olanların cəsədləri yanımızdaydı. Ermənilər qaz borusunu açaraq içəri qaz buraxdılar ki, bizi boğsunlar. Qapını qıraraq içəri girdilər. Yeddi nəfərlik ailə üzvlərimiz bu dəhşəti yaşadı. Bizi yerə uzatdılar, avtomatları başımıza dirədilər. Atamgil, qardaşımgil ermənilərə müqavimət göstərdiyi üçün onlara qarşı xüsusilə amansız davranırdılar və bir an belə nəzarətdən qoymurdular.

Sonra  hamımızı bir otağa yığdılar ki, bizi yandırsınlar. Üç yaşlı qardaşım var idi, çox çətin danışırdı. Amma Xocalı faciəsindən sonra dil açdı. O, erməni-rus zabitlərinə yaxınlaşaraq:  “Noolar, məni yandırmayın, məni yandırmayın,” – deyib ağlamağa başladı. Bu anda bir rus zabiti müdaxilə edərək ermənilərə göstəriş verdi ki, lazım deyil, dayanın. Bizi döyə-döyə “Təcili yardım” maşınına doldurub Əsgərana gətirdilər. Xocalıda ən çox itki Qara qaya deyilən yerdə oldu. İndi ona “Qanlı qaya” deyirəm.

– Bəs Xocalı özünümüdafiə dəstələrinin taleyi necə oldu ?

– Xocalıda az sayda özünümüdafiə dəstəsinin üzvü  var idi. Milli Qəhrəman Əlif Hacıyev Xocalı aeroportunun rəisi idi. Ondan əlavə, Bakıdan 21 nəfər köməyə gəlmişdi. Onların da çoxu Əlif Hacıyev kimi qəhrəmanlıq göstərərək şəhid oldu. Milli qəhrəmanımız Tofiq  Hüseynov var idi, Xocalı könüllü batalyonunun komandiri, ona “Mixaylo” ləqəbini vermişdilər. Çox cəsur adam idi. Hamısı bugünkü kimi gözümün qabağındadır.  Hər tərəfdən mühasirədə qalmışdıq. Allah şəhidlərimizə rəhmət eləsin. Tofiq Hüseynov nə qədər dinc sakini xilas etmişdi, sonda görür ki, ələ keçəcək, meşənin sıx yerinə qaçaraq erməni silahlılarını özünə sarı çəkib, qumbaranı  özünə sıxaraq həlak olmuşdu. Yanındakı düşmən əsgərlərini də məhv etmişdi.

– Necə oldu ki, əsirlikdən xilas oldunuz ?

–  Hər gün erməni quldurları narkotikdən, içkidən istifadə edərək bizə ağır işgəncə verirdilər. Yalandan bizə “Ağdamı aldıq, Bakını da alacağıq” – deyərək, ruhumuzu öldürməyə çalışırdılar. Hətta yadımdadır ki, əsirlərimizə məcburən torpaq yedizdirirdilər və deyirdilər ki, yeyin, yeyin, Qarabağ torpağımızdır, yeyin! Sonra bir gün bizim hamımızı doldurdular bir avtobusa və gətirdilər Ağdamın ərazisinə. Biz heç nə bilmirdik. Bizə heç nə demirdilər. Sonra öyrəndik ki,  Milli Qəhrəman, mərhum Allahverdi Bağırovun sayəsində azad edilmişik. Allah ona qəni-qəni rəhmət eləsin. Bağırov bizi erməni meyiti ilə dəyişmişdi.

– Atan və qardaşlarının aqibəti necə oldu?

– Atam Məmməd Məmmədov, qardaşlarım Söhbət və Möhlət hələ əsir düşməmişdən öncə ermənilərə ciddi müqavimət göstərdiklərindən onları öldürmək üçün çox tələsirdilər.  Əsgərana gətirildikdən sonra onları erməni qəbiristanlığına apararaq erməni qəbirlərinin üstündə qətlə yetirmişdilər. Onların gedişi bizi yandırıb yaxdı, amma neyləmək olardı, əl-qolumuz bağlı idi. Atamın və qardaşlarımın erməni qəbiristanlığında qətlə yetirilməsini yalnız 2007-ci ildə öyrəndik

2007-ci ildə ATV telekanalında gedən veriliş vasitəsilə biz sağ qalan şahid ifadələrinə əsasən öyrəndik ki, sən demə, atam və qardaşlarım erməni zülmlərinə etiraz etmişlər, mərdliklə işgəncələrə sinə gərmişlər. Onların mətin duruşu erməniləri çox qəzəbləndirib. Atamı və qardaşlarımı göz dağı kimi aparıb erməni qəbirlərinin üstündə qətlə yetirmişdilər. 2007-ci ilə qədər itkin düşdüklərini, əsirlikdə olduqlarını hesab edirdik. Əsirlərin hamısının ailəsindən ən azı bir nəfərin taleyi belə oldu. Bu gün doğmalarımızın məzarlarının olmaması bizi təsəvvür etməzsiniz ki, necə yandırır. İndi 39 yaşım olsa da, üstündən 26 il keçsə də, o günləri, onların vəhşicəsinə öldürülməsini, nakam həyatlarını düşünüb ağlamaya bilmirəm.  Onların bizim üçün qalan şəkilləri də yoxdur ki,  baxaq, təsəlli alaq. Hətta erməni vəhşiliyi o həddə çatmışdı ki, onlar uşaqlara belə rəhm etmirdilər.

Balaca qardaşım 8 yaşlı Əhmədin ad günüydü.  Ermənilərə yaxınlaşıb dedi ki, məni vurmayın, bu gün mənim ad günümdür. Onlar gözümüzün qabağında uşağa gəl sənə ad günü sürprizi edək, -- deyib yanlarına çağırdılar. Ona avtomatlarını verdilər. Sonra -- bizi vurarsanmı, deyə, soruşanda qardaşım dedi ki, hə vuraram. Onlar həmin dəqiqə avtomatı uşağın əlindən alaraq atəş açdılar. Qardaşımın yaralı əlini tutaraq ağlaması hətta Xocalıyla bağlı sənədli filmlərdə var. Ermənlər bu vəhşiliyi də etməkdən çəkinmədilər. Həmin vaxt hamı öz canının hayındaydı. Yalnız anam irəli atılaraq uşağı ağlaya-ağlaya, qışqıraraq qucaqladı, yaylığı ilə əlini sarıdı. Hamımız ağlayırdıq, bilmirdik ki, bu vəziyyətdən necə çıxaq. Ancaq anam artıqlaması ilə zülm çəkdi. Çünki, ömür-gün yoldaşı, övladları öldürüldü. Səkkiz yaşlı oğlunu belə bu hala saldılar. Ana ürəyinin yaşadığı dəhşətləri təsvir etməkdə acizəm.

– Bu gün Xocalı dəhşətlərini artıq dünyanın bir sıra ölkələri parlament səviyyəsində, bəziləri isə tam olaraq soyqırımı kimi tanıyır. Bu, dövlətimizin və diasporumuzun böyük zəhmətinin nəticəsidir. Səncə, daha çox ölkənin tam olaraq tanıması üçün təbliğatımız necə qurulmalıdır?

– Bilirsiniz, insanın əvvəlcə özü öz ağrısını dərk etməyənə kimi, başqaları onun vəziyyətini  təsəvvür edə bilmir. Əvvəllər biz Xocalı faciəsinin ağırlığını bilsək də, bu işin xaricdə təbliğ olunmasında o qədər də fəal deyildik. Bütün təbliğat resurslarında ermənilərə uduzurduq. Lakin son illər Xocalı soyqırımı barədə həqiqətlər, demək olar ki, bütün ölkələrdə dövlətimizin dəstəyi ilə həm səfirliklərimiz, həm də diaspor təşkilatlarımız tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılır. Bu işdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatlar da öz töhfələrini verirlər. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını aparır. Bu gün cəmiyyət olaraq, əvvəlkindən daha artıq şəkildə başımıza gələn bu müsibəti dərk etməyə və sıx birləşməyə başlamışıq. Leyla xanımın bu təşəbbüsü erməni lobbisinə böyük zərbədir. Qarabağ torpaqlarının hələ də düşmən tapdağında olması, Xocalı soyqırımı, erməni vandalizmi gənclərimiz arasında daha çox təbliğ olunmalıdır ki, tariximizi öyrənsinlər. Dünyanın bu dəhşətləri eşitməsi, tanıması lazımdır. Qonşu dövlətlərin, qardaş dövlətlərin hər zaman bu məsələdə bizim haqq işimizin yanında olmaları vacibdir. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına görə erməniləri ağır şəkildə cəzalandırmalıdır.

Məlum aprel döyüşlərində erməni hərbi birləşmələrinə ağır zərbələr vurduq. Biz də şəhidlər verdik, Allah hamısına qəni-qəni rəhmət eləsin, onların sayəsində bir sıra strateji ərazilərimiz yenidən azad olundu.  Bu gün Xocalının təbliğatının məsuliyyəti biz canlı şahidlərin üzərindədir. Hər bir canlı şahid fəal olmalı, başına gələn  dəhşətləri deməkdən, yaymaqdan çəkinməməlidir. Bizim kimi canlı şahidlərdən yararlanmaq lazımdır. Nə qədər ki, varıq, sağıq, xarici media orqanlarına bizi kimi ailələri, taleləri, uşaqlıqları məhv edilmiş insanları tanıtmaq lazımdır.

1992-ci ildən məskunlaşdığımız Qobustan rayonunda da Şəhidlər xiyabanı var və  dövlətimizin, icra hakimiyyətinin sayəsində mənim atamın, qardaşlarımın da adı əbədiləşdirilib, adları həkk edilib, şəkillər böyük çətinliklə tapılaraq  lövhələrə vurulmuşdur. Heç olmasa, kiçik də olsa, bizim üçün təsəllidir. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova da təşəkkürümü bildirirəm ki,  bizim üçün lazımi şəraitin yaradılmasında öz köməyini əsirgəməmişdir.

Hər zaman dövlətimizdən qayğı, diqqət görürük. Bu, təbii ki, dövlətimizin başçısı Prezident İlham Əliyevin bizə xüsusi qayğısının nümunəsidir.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

 


(Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir)

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında