Əflatun AMAŞOV: Azərbaycan demokratik seçkilər keçirmək sahəsində böyük təcrübə toplamışdır

Artıq ictimaiyyətə yaxşı məlum olduğu kimi, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin sərəncamı var və bu sənədlə Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Mətbuatdan aldığımız məlumatlara görə, ölkəmizin mərkəzi seçki orqanı artıq Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində geniş fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan ziyalıları qarşıdakı seçkilərlə bağlı öz fikirlərini ictimaiyyətlə bölüşürlər.

– İnanıram ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə qazanılmış böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. – Bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov söylədi. O, daha sonra bildirdi:

– Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük səyləri hesabına yaradılmış sabitlik, ictimai təhlükəsizlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Yerlərdə bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün də hər cür şərait mövcuddur. Azərbaycan uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini lazımi şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır.

İndiyədək keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrinə əsasən demək olar ki, ölkənin milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycan azad və demokratik seçkilər keçirmək sahəsində zəngin təcrübə toplamışdır. Bizim seçki təcrübəmiz son illərdə bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alıb, təqdir olunub. Şübhəsiz, bu dəfə də çalışmalıyıq ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yüksək qiymətini alsın, demokratik seçkilər kimi qiymətləndirilsin.

Biz, ölkə ziyalıları bilirik ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində dövlətin siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı həmişə mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında seçkilərdə şəffaflığın təmin edilməsi, demokratik prinsiplərin maksimum dərəcədə qorunması ilə bağlı çox ciddi vəzifələr qoyub. Ölkəmizdə ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bərqərar olmuş, hazırkı hakimiyyət tərəfindən cəsarətlə qorunub saxlanan sabitlik, təhlükəsiz mühit də seçkilərin demokratik prinsiplər əsasında keçirilməsini şərtləndirən mühüm amillərdəndir. Bundan əlavə, ölkədə vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi təmin edilib. Azərbaycanda demokratik prinsiplərin, sabitliyin bərqərar olması, qazanılan sosial-iqtisadi nailiyyətlər, aparılan köklü islahatlar seçkidən-seçkiyə seçicilərin fəallığının artmasına səbəb olub. Seçicilərimiz də inanırlar ki, indiyə qədərki seçkilərin təcrübəsi qarşıdakı prezident seçkilərinin ən yüksək demokratik meyarlara uyğun şəkildə keçirilməsinə imkan verəcək və həmişə olduğu kimi, beynəlxalq və yerli müşahidəçilər seçkilərin nəticələri ilə bağlı müsbət rəylər söyləyəcəklər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında