Azərbaycanın şəhər, qəsəbə və kəndləri öz görkəmini dəyişir

Bu yaxınlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunmuş  konfransda  vurğulandığı kimi, bölgələrdəki yaşayış məntəqələrinin  müasir tələblərə uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Ümumiyyətlə, regionlarımızda şəhərsalma prosesi necə gedir, bu sahədə hansı problemlər mövcuddur? Bu və ya digər sualları cavablandırmaq üçün regionlarda şəhərsalma üzrə bir sıra layihələrin rəhbəri Cahid  Həsənovla görüşdük.

 O bildirdi ki, son illər istər respublikamızın paytaxtında, istərsə  də regionlarımızın şəhər və qəsəbələrində şəhərsalmanın müasir üsul və metodlarından məharətlə istifadə olunur. Səhər və qəsəbələrdə yeni tipli məktəblər, uşaq bağçaları, inzibati binalar tikilir, yollar abadlaşdırılır, parklar və xiyabanlar salınır,  müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır.

Əvvəllər yerli icra orqanlarına yeni tikintilərin aparılmasına icazə verilirdi. Ona görə də primitiv, müasir şəhərsalma tələblərinə cavab verməyən tikintilər inşa edilirdi. Lakin son illər bu sahədə ciddi dəyişikliklər baş vermiş, indi şəhərin memarlıq ənənələrinə uyğun müasir tipli layihələr tələb olunur. Bu da müasir şəhərsalmada çox vacib məsələdir. Bunun nəticəsidir ki, bu gün regionlarımızın şəhər və qəsəbələri yeni görkəm alır, ildən-ilə gözəlləşir.

– Konkret  olaraq   regionlarda həyata keçirilən  hansı  layihələrinizin adlarını   çəkərdiniz?

– Biz Lənkəranda şəhərsalma ilə bağlı bir neçə layihəni reallaşdırmışıq və bu gün onlar şəhərin görkəminə xüsusi estetik yaraşıq verir. Ağstafada da  bir layihəmiz  reallaşdırılıb. Bu,  musiqi məktəbinin ud formasında  olan  binasıdır.

Sumqayıt bulvarının Bakı Dənizkənarı Milli Parkı səviyyəsində yenidən qurulması da möhtəşəm layihələr sırasındadır. Burada  bizim  də layihəmiz  var  və artıq  bu layihəni qismən  reallaşdırmışıq.  80 hektar əraziyə malik olan bu guşə  unikal  istirahət yerlərindən birinə  çevrilmişdir. Sumqayıtda Bayraq Muzeyin də, YAP-ın şəhər təşkilatı üçün inzibati binanın ətrafında   da işlər aparmışıq.

Gəncə bulvar kompleksində Azərbaycanda ilk dəfə olaraq  modern üslubda “Əli və Nino”  heykəli ucaldılmışdır. Biz  bu  layihəni reallaşdırmaq üçün yer seçərkən  qərara aldıq  ki, “Əli və Nino”  abidəsi  əsərin  qəhrəmanının  öldürüldüyü Gəncə körpüsünün  yaxınlığında qoyulsun. Belə də oldu. “Əli və Nino” heykəli Şərq koloriti nəzərə alınmaqla modern üslubda yaradılıb.

– Regionlarda  şəhərsalmanın hansı spesifik  xüsusiyyətləri var?

– Biz hər bölgənin öz memarlıq xüsusiyyətlərini öyrənməli  və  bu irsin qorunub saxlanması üçün tədbirlər görməliyik. Hər regionun tarixi memarlıq nümunələrinin atributları yeni inşa edilən binalarda da istifadə olunmalıdır. Yerli tikinti materiallarından daha çox istifadə olunması vacibdir.

– Son vaxtlar  mətbuatda  sizin “Sarı gəlin” abidə-kompleksinin layihəsini  hazırladığınız barədə məlumatlarla rastlaşırıq.  Bu layihənin ideyası necə yarandı?

– Xalq mahnılarımız  içərisində “Sarı gəlin”  artıq əbədiyaşarlıq qazanmışdır. Bu mahnı  bizim milli-mənəvi sərvətimizə çevrilmişdir. Son illər  düşmənlərimiz  həyasızcasına bu mahnını  öz adlarına çıxarmağa səy  göstərirlər. Əslində,  hər dəfə də öz layiqli cavablarını alırlar. Biz də  fikirləşdik ki,  belə bir abidə kompleksi yaratmaqla,  onu  tariximizin daş yaddaşında da əbədiləşdirək.

– Bu kompleksin layihəsi  haqqında  bir az ətraflı məlumat  verərdiniz.

–  Hazırladığım layihədə  heykəlin  hündürlüyü 5 metr olacaq, hər saatdan bir fırlandıqca məşhur  balabançı  Əlixan Məlikovun ifasında “Sarı gəlin”inin musiqisi ətrafa yayılacaq. Tanınmış modelyer Fəxriyyə Xələfova ilə də bu barədə məsləhətləşmişik, Fəxriyyə xanım heykəlin geyim eskizlərini hazırlamağa razılıq verib. Həmişə kreativ təklifləri dəstəkləyən istedadlı  modelyer bu heykəlin siması kimi “Sarı gəlin” rəqsinin ifaçısı Röya Əliyevanı gördüyünü də bildirib.

–  Bir memar kimi “Sarı gəlin” heykəlinin yerini harada görürsünüz?

 –  Bu barədə   çox  götür- qoy  etmişik,  Gəncə  şəhər  rəhbərliyi ilə bu barədə danışıqlar   aparmışıq.  İlkin razılıq  əldə olunmuşdur. Mənə belə  gəlir ki,“Sarı  gəlin” abidə kompleksi  Gəncənin  gözəlliyinə yeni bir çalar gətirəcək.Belə qərara gəlmişik ki, abidənin qoyulmasından sonra hər il “Sarı gəlin” musiqi festivalı keçirilsin.

– Siz  həm də  reklam sahəsinin mütəxəssisi kimi tanınmısınız.  Bir neçə ay əvvəl  Dövlət Reklam Agentliyi yaradıldı. Bu qurumun fəaliyyətə başlamasını necə dəyərləndirirsiz?

–  Dövlət Reklam Agentliyinin yaradılması təkcə biz mütəxəssislərin deyil, həm də reklamverici şirkətlərin ürəyincə olan bir addımdır. Çünki uzun illər idi istər Bakıda, istərsə də ayrı-ayrı bölgələrimizdə açıq hava reklamlarının yerləşdirilməsində pərakəndəlik, hərc-mərclik hökm sürürdü. Şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələr, nə qədər qəribə olsa da, hətta “Azəravtoyol” da reklam məsələsi ilə məşğul olurdu, hər qurum öz diktəsini  yeritməyə, qayda-qanun tətbiq etməyə çalışırdı. Bu sahədə özbaşınalıq və şəffaflığın olmaması daxil olan vəsaitlərin dövlət büdcəsindən yayınmasına yol açırdı, ayrı-ayrı sahibkarlara, reklamverici şirkətlərə süni maneələr yaradılırdı. Regionlarda durum daha acınacaqlı idi. Təsəvvür edin ki, rayonların bəzilərində əvvəllər 7-8 reklam şirkəti normal fəaliyyət göstərdiyi halda,  son vaxtlar həmin şirkətlər iflasa uğramışdı.

Agentliyin fəaliyyətə başlaması ilə təkcə paytaxtımızda deyil, regionlarda  çalışan reklamçıların da işi vahid mərkəzdən əlaqələndiriləcək. Şəxsən mənim və həmsöhbət olduğum həmkarlarımın Dövlət Reklam Agentliyinə ümidlərimiz böyükdür. Zənnimizə, qarşıdakı 6 ayda bu sahədə dirçəlişin şahidi ola biləcəyik. Prezidentin sərəncamı ilə Aydın İbadovun yeni yaradılan quruma direktor təyin olunması ümidlərimizi bir qədər də artırır. Çünki Aydın müəllim bu sahəni  mükəmməl bilən, ABŞ, Rusiya və digər qabaqcıl ölkələrin təcrübəsini mənimsəmiş, zəngin erudisiyaya malik mütəxəssislərdən biri sayılır.

–  Agentliyin işini gücləndirmək üçün hansı təklifləriniz var?

–  Təbii ki  var, agentliyin direktoru Aydın İbadovla və onun formalaşdırdığı peşəkar komandanın üzvləri ilə bir neçə dəfə görüşmüşəm. Təqdim etdiyim konsepsiya əsasında faydalı müzakirə aparmışıq. Onu da qeyd edim ki, Dövlət Reklam Agentliyi təklif və müzakirələrə açıq olan qurumdur.

–Gələcək işləriniz barədə  nələri demək istərdiniz?

– Bir layihəmiz  Sumqayıtda   görkəmli ictimai xadim Əziz Əliyevin adını  daşıyan  parkın   salınması ilə bağlıdır. Bu layihə də Sumqayıt  Şəhər İcra  Hakimiyyəti ilə razılaşdırılıb.   Park Sumqayıt Dram Teatrı binasının arxasında  yaradılacaq. Artıq   Əziz Əliyevin büstü hazırdır.  Parkın layihəsi  isə  tamamlanmışdır.  Bu   layihənin  reallaşması ilə   Sumqayıtın  yeni bir istirahət  guşəsi  yaradılacaq.

Görüləsi işlər  çoxdur.  Regionlarımızdakı   şəhər  və qəsəbələrin daha da  gözəlləşməsi üçün  yeni layihələrin  hazırlanması işlərini davam etdiririk.

Müsahibəni qələmə aldı:
M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında