Azərbaycan sürətli inkişaf yolundadır

Azərbaycan xalqı artıq iyirmi yeddi ildir ki, ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü--müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən amillər hesab edilir.

 Qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticəsidir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının dövlətimizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, seçdiyimiz yol düzgündür və bu yol bizi daha işıqlı gələcəyə aparır. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin edilməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib.

Ölkəmizdə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.

Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiqləyir.

Ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan regionun liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər. Bu dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür. Ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri gətirilmiş, makroiqtisadi konsepsiya reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı böhran meyillərinə, demək olar ki, məruz qalmayıb. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarır.

Mən inanıram ki,Azərbaycan xalqı aprel ayının 11-də haqqa, ədalətə söykənərək öz layiqli namizədinə səs verəcək.

Ömər ELDAROV,
Xalq rəssamı, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında