Vaqif Qələndər: Hər bir uğurumu Azərbaycanın uğuru hesab edirəm...

Tanınmış rekonstruktiv və plastik cərrah, bu sahədə bir çox mürəkkəb, yaddaqalan əməliyyatların müəllifi olan tibb elmləri doktoru, professor Vaqif Qələndər Azərbaycan səhiyyəsinə başucalığı gətirən növbəti uğura imza atıb. Belə ki, ona məxsus olan cərrahiyyə üsulu ABŞ-ın nüfuzlu Florida Tibb Kolleci Universitetinin dərsliyinə daxil edilib. Universitetin dosenti, üz-çənə cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və beyin nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” tədris vəsaitinin 20-ci fəsli bütövlükdə V. Qələndərin təklif etdiyi “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsuluna həsr olunmuşdur. Burada azərbaycanlı cərrahın yaratdığı və xeyli vaxtdır uğurla tətbiq etdiyi xüsusi metodikadan bəhs edilir.
Tibb elmimiz üçün böyük hadisə olan bu xəbərin izinə düşüb professorla görüşdük və bu uğurun yaratdığı təəssüratları bölüşməsini xahiş etdik.

– Doktor, öncə sizə məxsus olan və bütün dünyada məşhurlaşan bu əməliyyat üsulunun necə yarandığı və böyük uğur qazanmasının səbəbini oxucularımıza açıqlamağınızı istərdik.

– Sinə və baş-boyun nahiyəsinin toxuma defektlərinin rekonstruksiyası üçün dünyada bir çox əməliyyat metodları mövcuddur. Bunlar hər il inkişaf etdirilir, təkmilləşdirilir. Zaman-zaman yeni üsullar meydana çıxır. Bu, elmi biliklə yanaşı, böyük əzm və zəhmət tələb edən işdir. Əvvəlcə ölmüş insanlar üzərində uzun zaman təcrübələr aparmaq gərəkdir. Mən də 1999-cu ildə Azərbaycan Səhiyyə Nazirliyi və Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının morqunda meyitlər üzərində araşdırmalar apardım və bu sahədə öz metodumu yaratdım. Araşdırmalar öz təsdiqini tapdıqdan sonra artıq pasiyentlər üzərində bu metodu tətbiq etməyə başladıq və çox böyük nailiyyətlər əldə etdik. 1999-cu ildə Türkiyədə gerçəkləşən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresində bu üsul 360 ixtira içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görüldü. Bundan başqa mənim bu araşdırmam barədə dünyanın bir çox nüfuzlu elmi jurnallarında, o cümlədən ABŞ-da nəşr olunan jurnallarda məqalələr dərc olundu. Və bildiyiniz kimi, müəllifi olduğum cərrahiyyə üsulu ABŞ-ın Florida Universitetinin dərsliyinə ayrıca fəsil kimi salındı. Bu kitab tələbə və rezidentlər üçün dərs vəsaiti olmaqla yanaşı, dünya plastik və rekonstruktiv cərrahlarının stolüstü kitabıdır.

– Bu üsul nədən ibarətdir?

– Sinə altından toxumanı alıb yanıq və digər fiziki travmalardan sonra baş-sinə nahiyəsində meydana gələn defektləri bərpa etmək üçün yeni bir üsuldur. Bu üsul asan və praktik olduğu üçün artıq dünyanın bir çox ölkələrində qırtlağın, boyunun, sinənin radionefroloji toxumalarının bərpasında geniş istifadə olunur. Qələndərov metodikası adlanan bu metodla Florida Universitetində yüzlərlə əməliyyat həyata keçirilib.

– Sizə məxsus olan cərrahiyyə metodunun ABŞ kimi səhiyyə baxımından çox inkişaf etmiş bir ölkədə universitet dərsliyinə salınması sizdə hansı hissləri doğurdu?

– Mən yaratdığım metodun dünyanın bir çox yerində müsbət qarşılandığını, bu metodla əməliyyatlar aparıldığını və bunun alternativi olmadığını bilirdim. Amma eşidəndə ki, Amerika kimi böyük bir dövlətdə mənim metodum universitet dərsliyinə salınıb, bu mənim üçün böyük sürpriz oldu. Çox sevindim, əlbəttə ki. Təkcə öz adıma deyil, Azərbaycanın adına sevindim. Çünki mən hər bir uğurumu həm də Vətənimin uğuru hesab edirəm. Mən bütün titullarımdan öncə azərbaycanlıyam. Və hesab edirəm ki, azərbaycanlı bir həkimin imzasıyla yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin nailiyyəti, uğurudur.

– Müəllifi olduğunuz ixtira ABŞ- dan başqa hansı ölkələrdə tanınır?

– Fransada, Böyük Britaniyada, İtaliyada bir çox tanınmış elmi jurnallarda mənim metodumla bağlı məqalələr dərc olunub. Bu üç ölkədə, bundan başqa Braziliyada, Çilidə, Yaponiyada, Koreyada, Türkiyədə, Misirdə mənim yaratdığım üsulla əməliyyatlar həyata keçirilir. Bütün dünyada elmi işlərdə bu üsula istinad edilir. Bu mənim üçün çox qürurverici haldır.

– Bu uğurunuz Azərbaycanda necə qarşılandı?

– Əlbəttə ki, böyük sevinclə qarşılandı. Azərbaycan Elmlər Akademiyasının prezidenti Akif Əlizadə məni qəbul etdi və bu uğurumu Azərbaycan elmi üçün böyük hadisə adlandırdı. Tibb Universitetinin rəhbərliyinin iştirakıyla müzakirə keçirildi. Məni təbrik etdilər, qazandığım uğuru Azərbaycan təbabətinin uğuru hesab etdiklərini bildirdilər. Bu xəbərə hər kəs mənimlə birlikdə sevindi. Onların da qeyd etdiyi kimi, belə nailiyyətlər ölkəmiz üçün çox önəmlidir. Azərbaycan ərazi cəhətdən kiçik dövlət olsa da, dünya miqyasında çox böyük işlər görür. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, forumlar keçirilir ki, bu da bizi fəal bir ölkə kimi tanıdır. 10 il əvvəl xaricdə Azərbaycan deyəndə xəritəni açıb baxırdılar. İndi isə xəritəsiz də Azərbaycanı tanıyırlar. Bu baxımdan, elmimizin, səhiyyəmizin də beynəlxalq arenada tanınması qürurvericidir və bunda mənim də xidmətim varsa, mənim üçün ikiqat sevincdir.

– Söylədiniz ki, ABŞ-ın Florida Universitetində sizin metodla cərrahiyyə əməliyyatları aparılır. Siz özünüz necə, o əməliyyatlarda iştirak etmisinizmi?

– Metodumun daxil edildiyi kitabın müəllifi Rui Fernandes məni universitetə dəvət edib. Orada tələbə və müəllim heyəti qarşısında mən öz üsulumu özüm bir daha nümayiş etdirəcəm. Bu görüş təxminən iki ay sonra gerçəkləşəcək.

– Siz həm də Plastik və Rekonstruktiv Cərrahiyyə sahəsində Tibb Universitetində tədris olunan bir çox dərsliyin müəllifisiniz. Rui Fernandesin kitabını tərcümə edib Azərbaycan Tibb Universitetinə dərslik kimi təqdim etməyi düşünürsünüzmü?

– Bu barədə universitetin rəhbərliyi ilə danışmışıq. Kitab tərcümə olunub bizim tələbə və rezidentlərə təqdim ediləcək. Bu kitabda mənim metodikamdan başqa 24 önəmli cərrahiyyə metodu var və bizim həkimlərimiz üçün qiymətli dərs vəsaitidir.

– Yeni bir cərrahiyyə üsulu üzərində necə, işləyirsinizmi?

– Sözügedən metodikadan da önəmli və böyük səs-küy yaradacaq üsul üzərində işləyirəm. Bu əməliyyat təqdim olunduqdan sonra hazırda dünyada bu sahədə istifadə edilən iki əməliyyat üsulu avtomotik olaraq ləğv olunacaq. Bu həm vaxta qənaət, həm praktiklik, həm də daha az travma vermək baxımından çox fərqli ixtiradır. Bu metodun əvvəlkindən daha böyük rezonans yaradacağına inanıram. Artıq bunu xəstələr üzərində tətbiq edib müsbət nəticə əldə etmişik. Noyabr ayında ABŞ-ın Mayami ştatında keçiriləcək elmi konfransda bu metodikanı təqdim edəcəm və çox uğurlu nəticələr gözləyirəm.

– Biz də sizə uğurlar arzu edirik.

Aida AYSA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında