“Jomard publihsing” Azərbaycan elmini beynəlxalq aləmə təqdim edir

Müasir dünyada intellektual nüfuzu müəyyən edən amillərdən biri  elmin inkişaf səviyyəsidir. Adətən, son yeniliklərin ilk təqdim olunduğu elmi nəşrlər beynəlxalq aləmdə həmişə böyük maraq doğurur. AMEA institutlarında, universitetlərdə, digər elmi qurumlarda buraxılan müvafiq jurnallar  milli elmi axtarışların son durumunu əks etdirir. Azərbaycanda və bölgədə ilk və yeni onlayn elmi nəşr olan “Jomard publihsing” ölkəmizə beynəlxalq elmi nüfuz qazandırır.

Həmin nəşriyyatın təsiscisi və ideya müəllifi, Azərbaycan Dövlət Universitetinin məzunu, riyaziyyat elmləri doktoru, “Azərbaycan” Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov ötən illərdə bir sıra xarici ölkələrdə elmi ezamiyyətdə olmuş, Fransanın Nant Universitetində elmi tədqiqatlar aparmış, professor adı almışdır.

Yenilikçi alim Azərbaycana döndükdən sonra yeni beynəlxalq elmi jurnalların təsis edilməsi ideyası ilə çıxış etmişdir. Həmyerlimiz bildirdi:

–Azərbaycanda müxtəlif sahələr üzrə yeni elmi jurnalların təsis edilməsi və onların dünya elmi mühitinə inteqrasiyası hələ xaricdə olarkən düşündüyüm məsələlərdən idi. Layihəm İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun da diqqətindən kənarda qalmadı. 2016-cı ildə irəli sürdüyüm ideya əsasında “Müasir texnologiyalar və mühəndislik” (Modern Technology and Engineering), “Qabaqcıl riyazi modellər və tətbiqləri” (Advanced Mathematical Models & Applications), “Biologiya və yer elmlərində nailiyyətlər” (Advances in Biology & Earth Sciences), “Kənd təsərrüfatı və baytarlıq elmlərində tədqiqatlar” (Research in: Agricultural & Veterinary Sciences), “Kardioloq” (The Cardiologist), “Yeni dizayn ideyaları” (New Design Ideas), “Yeni materiallar, birləşmələr və tətbiqləri” (New Materials, Compounds and Applications) adlanan sırf elmi jurnallar təsis edildi. Qeyd
edim ki, sonuncu jurnal Bakı Dövlət
Universiteti ilə birgə təsis edilmişdir.

Jurnalların elmi istiqamətlərini seçərkən  bir neçə  mühüm amilə diqqət etdik:  bu elm sahələrinin Azərbaycanda ənənəvi bazalarının olması, elmi istiqamətlərin aktuallığı və ölkəmizdə bu sahələrdə çap məhsullarının az olması və ya heç olmaması əsas götürüldü.  Bu məsələnin başqa bir önəmli tərəfi də var. Alimlərimizə çap olunduqları jurnalların səviyyəsi ilə bağlı qoyulan tələblər artdıqca, onlar məqalələrini xarici, nüfuzlu, mötəbər bazalarda indekslənən jurnallarda çap etdirməyə can atırlar. Bu zaman soydaşlarımız müəlliflik hüquqları ilə bağlı müəyyən sənədlərə imza atmalı olurlar. Bu isə ölkəmizdə istehsal olunan əqli məhsulun kənara axmasına səbəb olur. Belə jurnalları özümüz nəşr etməklə, nəinki bu prosesin qarşısını ala bilərik, həm də başqa ölkələrin elmi nəticələrini, innovativ həllini ölkəmizə cəlb edə, onları sənayemizin inkişafına yönəldə bilərik.

– Qeydiyyat, dünya arenasına çıxmaq kimi məsələləri necə  həlledirsiniz?

– Hər bir jurnal Fransada İSSN mərkəzində qeydiyyatdan keçirilir. Jurnalların tərtibatı, dövrülüyü, redaksiya heyəti, əhatə etdiyi sahələr və başqa məsələlər bu mərkəzin ciddi tələblərini ödəməlidir. Bundan sonra uyğun sahə üzrə dünyanın müxtəlif ölkələrini təmsil edən  tanınmış alimlərdən ibarət redaksiya heyəti, rəyçilər bazası formalaşdırılır. Bu alimlərin arasında Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Gürcüstan və s. kimi ölkələrin akademikləri, digər ölkələrin uyğun profilli elmi müəssisələrinin rəhbərləri, dünyada tanınmış alimlər vardır. Daha sonra jurnalı elmi mühitə təqdim edir və alimləri öz məqalələrini çap üçün təqdim etməyə dəvət edirik.

Jurnalın sonrakı uğuru, onun elmi aləmdə qəbul edilməsi, tanınmış alimlərin elmi məqalələrinin çap edilməsi üçün bir platformaya çevrilməsi kimi məsələlər redaksiya heyətinin apardığı siyasətdən, daxil olan məqalələrin rəy prosesinin şəffaf və obyektiv təşkili siyasətindən asılıdır. Bu proseslər, əslində, hər bir elmi jurnalın taleyini müəyyən edir. Biz beynəlxalq COPE (Çap Etikası Komitəsi) təşkilatının üzvüyük və çap siyasətimizi formalaşdırarkən onun prinsiplərini əsas götürürük. Bu təşkilatın sənədlərində müəlliflərin, redaktorların və rəyçilərin fəaliyyəti üçün etik prinsiplər öz əksini tapmışdır.

– Xarici mütəxəssislərin jurnallarınıza  marağı necədir?

– Sualınızın ən yaxşı cavabını jurnalların çap edilmiş saylarında görmək olar: burada Yaponiyadan tutmuş Peruya qədər ən müxtəlif ölkələrdən olan alimlərin məqalələrini görmək mümkündür. Bundan başqa, saytımıza- http://jomardpublishing.com/ diqqət etməklə dünya xəritəsində bizə müraciət edən ölkələrin siyahısı var: sayta bağlanmış sayma sistemi həftəlik qeydiyyatı aparır. Jurnallarımız gənc olmasına baxmayaraq  artıq 20-yə qədər beynəlxalq indeksləmə sisteminə daxil olmuşdur. Bunlar ABŞ, Almaniya, Avstraliya, Hindistan, Yaponiya, Rusiya, İspaniya və s. ölkələrin bazalarıdır. Bu yaxınlarda Rusiya Elmi İstinad İndeksi təşkilatı ilə bağlanmış müqavilə əsasında artıq ilk 3 jurnalımız bu bazada indekslənməkdədir. İlin sonunda bəzi jurnallarımızı PubMed bazasına təqdim edəcəyik. Təbii ki, son məqsədimiz Thomson Reuters Agentliyi, Scopus kimi bazalarına daxil olmaqdır. Əminik ki, son nəticədə buna da nail olacağıq.

– Bəs azərbaycanlı alimlərin jurnallarınıza marağı və əməkdaşlığınız haqqında nə deyərdiniz?

– Maraq kifayət qədərdir. Müəyyən maneələr var və bunlar  jurnalların ingilis dilində olması və alimlərimizin bəzən texniki xarakterli vərdişlərinin çatışmazlığı ilə bağlıdır. Buna baxmayaraq hər sayımızda yerli alimlərin də məqalələri çap olunur. Baş redaktorlardan Almaniyanı, Türkiyəni təmsil edənlər olsa da, əksər jurnallarımızın baş redaktorları azərbaycanlı alimlərdir. Əməkdaşlarımız elmi fəaliyyətlə məşğul olan, çap siyasətini və texnologiyasını yaxşı bilən, xarici dillərdə danışan və müasir texnologiyalarla işləməyi bacaran yüksək səviyyəli mütəxəssislərdir.

– Gələcək planlarınız haqda nə deyərdiniz?

– Jurnallarımızı ən ciddi elmi indeksləmə bazalarına daxil etməyi, ehtiyac duyulduqca yeni sahələr üzrə də jurnallar təsis etməyi düşünürük. Bu istiqamətdə bütün təklifləri müzakirə etməyə hazırıq. Məqsədimiz Azərbaycan elmini dünyada layiqincə təmsil etmək, ölkəmizin elmi nüfuzunu yüksəltməkdir.

Namiq QƏDİMOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında