ZAHİD ORUC: Növbədənkənar seçkiləri Azərbaycan dövlətinin və xalqının mənafeyi tələb edir

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq  növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi qərara alınır. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc redaksiyamıza fikirlərini bildirdi:

– Əvvəlcə onu qeyd edim ki, hər bir dövlət hansısa bir addımı atırsa, bu, hüquq müstəvisində olmalıdır. Hüquq müstəvisində bütün məsələlərin izahı mümkündür.  Ümumiyyətlə, verilmiş sərəncam Konstitusiyamızın norma və prinsipləri ilə necə uzlaşır?  Tam məsuiliyyətlə deyirəm ki, Azərbaycan Prezidentinin məlum sərəncamı Konstitusiyamızın hüquq normalarına tamamilə uyğundur.  Bu yöndə araşdırmalar, təhlillər aparan qüvvələr, hətta hakimiyyətə fərqli və müxalif mövqedə duran ekspertlər də qeyd etdiyimiz məqamı yaxşı dərk edirlər.

İkinci tərəfdən onu qeyd edim ki, burada  insanlarımızın  çoxunun düşüncələrində qeyri-iradi olaraq onillər ərzində qəlibləşmiş sindromdan danışmalıyıq.  Yəni ümumi qaydalara hamı uyğunlaşır, lakin müəyyən bir dövrdə dövlət və vətəndaş münasibətləri üçün hər hansı bir fərqli, prinsipial qərar verildikdə, dərhal 90-cı illər xatırlanır. Bəzən elə hesab edilir ki, bu cür qərarlar yalnız fövqəladə vəziyyətlər, vətəndaş qarşıdurması və s. hallar üçündür.  Yəni bir fors-major situasiyası yaranmalıdır ki, fövqəladə seçkilər keçirilsin. 

Bir daha bu məsələyə qayıdaq ki, dünya praktikasında çox fərqli nümunələr mövcuddur. Elə onu götürək ki, İkinci dünya müharibəsindən sonra Fransada, Almaniyada, İngiltərədə dəfələrlə müxtəlif vaxtlarda növbədənkənar seçkilər keçirilmişdir. Ona görə də bu məsələyə əlahiddə yanaşmaq, onu ölkənin daxili həyatında hər hansı bir böhranlı vəziyyətlə əlaqələndirmək doğru deyil.

Üçüncü önəmli məsələ ondan ibarətdir ki, seçkidə iştirak etmək üçün bütün qüvvələrə bərabər şərait yaradılsın, rəqabətli formada öz ideyalarını, platformalarını ortaya qoysunlar. Belə olan təqdirdə seçkilərin legitimliyinə hər hansı hüquqi və yaxud da siyasi arqumentdən çıxış edərək, onun əksinə getmək də qeyri-mümkün olacaq.

Dördüncüsü, hesab edirəm ki, ötən onillər ərzində, Azərbaycanda keçirilən seçkilərə baxdıqda,  görürük ki, hakimiyyət orqanlarının formalaşması qanunlarla yanaşı, həm də bir zaman ardıcıllığına malikdir. Prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi və xalqın iştirakının baş tutması sistemli xarakter daşıyır. İki il əvvəl Konstitusiyada dəyişiklik edilərkən, bildiyimiz kimi, prezidentlik müddəti 7 ilə çatdırıldı. Biz o zaman da demişdik ki, hər hansı müddəalardan çıxış edəndə 2025-ci il parlament seçkiləri bir ayın zolağında, bir ayın zaman çərçivəsinə düşmüş olacaq.  Bu bizim praktikamızda görünməsə də, Qərb ölkələrinin siyasi həyatında dəfələrlə müşahidə olunub. Məsələn, ABŞ-da Konqres və Prezidentlik uğrunda mübarizənin eyni nöqtədən başlaması və finişə eyni vaxtda çatmasını görə bilərik. Qeyd etdiyimiz kimi, 2025-ci ildə Prezident və parlament seçkilərinin keçirilməsi prespektivi meydana çıxmışdı və biz də bildirmişdik ki, onlardan hansınınsa vaxtının ertələnməsi haqqında danışdığımız reallığı ortadan qaldırar.

Hər kəsə bəllidir ki, seçkilər müxtəlif maraqların toqquşduğu bir prosesdir. Bu halın bu cür davam etməsi ölkədaxili siyasi dayanıqlığa mənfi təsir göstərən amillərlə nəticələnə bilər. O ki qaldı bəzi qüvvələrin, hər hansı  şəxslərin “qəfil yaxalanması” və seçki prosesinin elan olunması iradlarına  –  bunun da elə bir əsası yoxdur. Bəziləri  25 ildir ki, özlərini müxalif bir durumda saxlasalar da, nə  hər hansı güclü komandası var, nə  arxalarında sosial-elektorat bazası, nə də büdcələri var. İnsanlarımızı düşündürən ən önəmli məsələ isə odur ki, Azərbaycanda ilk növbədə sabitlik qorunub saxlanılsın. Qarabağ siyasətində qətiyyətlilik, ölkədə iqtisadi islahatlar, vətəndaşların imkanlarının artırılması, ən ümdə problemlərin həllində irəli getmək  və s. Bütün bunlar hakimiyyətin göstəriciləridir.  Bu baxımdan hesab edirəm ki, millətimiz bütövlükdə bu kampaniyada öz iştirakını təmin edəcək və növbədənkənar seçkilər həmişəki qaydada Azərbaycan dövlətinin, xalqının gələcəyini müəyyən edəcək.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında