Xalqın rifah halının yaxşılaşdırılması dövlətin bir nömrəli vəzifəsinə çevrilib

Bu fikir “Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dəfələrlə səsləndirildi. Prezident İlham Əliyev konfransdakı nitqində qeyd etdi ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çox uğurla gedir.

Dövlət başçımız xatırlatdı ki, son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.

Təbii ki, konfransda səsləndirilən bütün fikirlər dövlətimizin uğurlarının göstəricisi olduğuna görə, istənilən fakt bizim üçün maraqlı idi. Ancaq xalqın səs verib seçdiyi deputat və iqtidar partiyasının təmsilçisi olaraq, mənim üçün daha maraqlı olan məqamlar bilavasitə xalqın sosial-rifah halının yaxşılaşdırıldığı barədə deyilən fikirlər idi. Cənab Prezident xatırlatdı ki,  gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir”.

Təbii ki, dövlət başçımız konfrans tribunasından səsləndirdiyi  faktların adi statistik məlumat funksiyasını yerinə yetirməsi ilə kifayətlənmirdi. O, həmin faktları həm də ölkə əhalisinin əminliyini təmin etmək və beynəlxalq aləmdəki bədxahlarımıza Azərbaycan həqiqətlərini növbəti dəfə çatdırmaq məqsədilə dilə gətirirdi:  “Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq”.

Fikrimizcə, bu, o qədər də adi göstərici deyildi. Çünki,  əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda,
elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə, əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə -- Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur”.

Əhaliyə göstərilən başqa bir xidmətin – təbii qaz təminatının  yaxşılaşdırıldığını da  söyləyən dövlət başçımız dedi ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda isə: “Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib...

Təkcə SSRİ dövründə deyil,  həmin dövlətin  çökdüyü illərdə də Azərbaycanda içməli su və kanalizasiya problemləri insanları narahat edən çox ciddi problemlər idi. Düzdür, bu sahənin bilavasitə iqtisadi və sənaye inkişafımıza o qədər də böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir. Ona görə də dövlətimiz  bu məsələ ilə də ciddi məşğul olmağa başlamış, kifayət qədər uğurlu nəticələr əldə edilmişdir.

Dövlət başçımız demişdir: “2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə bu il və gələcək illərdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri–bu da tarixi hadisədir– inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir”.

 Yəni dövlətin bütün addımları ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu isə o deməkdir ki, hələ  2003-cü ilin payızındakı çıxışlarının birində “Mən prezident seçilərəmsə, ölkənin bütün vətəndaşlarının və bütün azərbaycanlıların prezidenti olacağam”, – deyən İlham Əliyevin həmin tezisləri 14 ildir ki, gündəlik həyatımızda öz təsdiqini tapır.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
YAP Nizami rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında