“Prezidentin əhalimizin 80 faizinin internet istifadəçisi olmasını vurğulaması əbəs deyildi”

Artıq beynəlxalq arenada ənənə halını almış dünya liderlərinin toplandığı  Davos İqtisadi Forumu kimi mötəbər bir tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak və çıxış etməsi ölkəmizin müstəqil xarici siyasət yürütdüyünün və təkcə bölgədə deyil, beynəlxalq aləmdə də nüfuzunun yüksək olmasının göstəricilərindən biridir. Prezident İlham Əliyevin sözügedən tədbirdə çıxışı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin təəssüratlarını öyrəndik:

– Ayaz bəy, Davos İqtisadi Forumunun işini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından necə qiymətləndirirsiniz?

– Son illər Azərbaycan
Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda, demək olar ki, hər il iştirak edir. Bir qayda olaraq, orada dünyanı narahat edən məsələlər müzakirə olunur. Bu il keçirilmiş tədbir isə daha aktual təsir bağışlayırdı. Bunun əsas səbəbi dünyanın çoxlu sayda qlobal problemlərlə üz-üzə qalması və onların həlli yollarının axtarışı ilə bağlıdır. Qlobal istiləşmədən tutmuş, beynəlxalq siyasi konfliktlərə, iqtisadi böhranlaradək.

Azərbaycan Prezidenti İlham Əliyev də forum çərçivəsində iştirak etdiyi sessiyalarda məntiqli çıxışları ilə diqqəti çəkir. Dövlət başçısının iştirak etdiyi iclaslarda iştirakçıların Azərbaycanda gedən proseslərə böyük maraq göstərdiyi açıq-aydın hiss olunur. Bu dəfə də Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq və daxili siyasətini, son dövrlər əldə edilmiş uğurları yığcam şəkildə qiymətləndirdi. Mən də belə düşünürəm ki, forum iştirakçılarına da gənc müstəqil dövlət kimi, açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətlər çox maraqlıdır. 

Prezident Azərbaycanın timsalında fərqli, amma uğurlu bir təcrübəni sessiya iştirakçılara çatdırdı. Çıxışda Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi tarixi nailiyyətlər qısa məzmunda ifadə olundu. Söhbət, sadəcə dəyişikliklərdən deyil, bütövlükdə sistemi yeniləşdirən və ardıcıl olaraq reallaşdırılan proqramlardan gedirdi. Əlbəttə, mürəkkəb ictimai-siyasi proseslərin getdiyi regionda yaşayan, müharibənin ağrı-acısını hələ də üstündən ata bilməmiş bir xalqın müstəqil və güclü dövlətini qurmaq, onu təhlükəli təhdidlərdən qorumaq böyük ustalıq tələb edir.

Dövlət başçısı qeyd edib ki, həm daxili siyasətdə sosial-iqtisadi inkişafı təmin edən tədbirlər həyata keçirilir, həm də xarici ölkələrlə əlaqələr yeni səviyyəyə qaldırılır. İri enerji və nəqliyyat layihələrinin reallaşdırılması prinsipial əhəmiyyət kəsb edir. Burada əhəmiyyətli məqam odur ki, müstəqilliyini əldə etmiş bir dövlət xarici siyasətdə yalnız qarşılıqlı faydalı əməkdaşlıq əsasında proqnozlaşdırıla bilən mühit yaratmaq kursu götürüb. Azərbaycan həyata keçirdiyi nəqliyyat və enerji layihələri ilə müxtəlif regionlar arasında əlaqə yaradır. Bu da ancaq böyük və qüdrətli dövlətlərə xas olan davranışdır.

Bunlarla yanaşı, ölkə başçısı iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində görülən işlərdən də danışıb və Azərbaycanın artıq yeni texnologiyalar, innovasiyalar və kreativ layihələrə meydan verdiyini diqqətə çatdırıb. Bir sözlə, Azərbaycan gələcək inkişafını neft amilindən asılı olmayaraq, məhz intellektual insan potensialı və qeyri-neft sektorunun inkişafında görür.

Mən hesab edirəm ki, Azərbaycan Prezidentinin Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı şirkətləri ilə keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox əlamətdardır və ümumilikdə, Azərbaycanın belə mötəbər tədbirdə ən yüksək səviyyədə təmsil olunması bizim ölkənin beynəlxalq imicini də yüksəldir.

– Forumda, həmçinin ölkəmizdə media azadlığı məsələsi də gündəmdə oldu...

– Bəli, Azərbaycanda medianın vəziyyəti ilə bağlı Prezidentə ünvanlanan suala, məncə, cənab İlham Əliyev dəqiq cavab verdi. Ölkəmizdə media tamamilə azaddır. Ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan əhalisinin təxminən 80 faizinin internet istifadəçisi olduğunu vurğulaması əbəs yerə deyildi. Çünki bütün dünyada qəbul edilən bir qayda var: əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, onda medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq məntiqə uyğun deyil. Təəssüf ki, bəzi siyasi dairələr hələ də Azərbaycanda söz və mətbuat azadlığının olmaması barədə iddiaları əllərində bayrağa çevirib hər dəfə ölkəmizə qara yaxmaq istəyirlər. Həqiqətən, Azərbaycana qarşı hücumların əsas səbəblərindən biri məhz ölkəmizin qətiyyətli və müstəqil siyasət yürütməsidir. Ona görə də bu iddialara qarşı təkcə dövlət başçısı yox, hamımız mübarizə aparmalıyıq.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında