Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun APA-ya müsahibəsi.
– Bir müddət əvvəl Yunanıstanda iqtisadi böhran baş verdi. O zamanlar bu iqtisadi böhran Yunanıstanın Avropa İttifaqına üzvlüyü və avrozonaya daxil olması ilə əlaqələndirilirdi, hətta Yunanıstanın Avropa İttifaqından çıxması da təklif edilirdi. Hazırda ölkənizdə durum necədir? “Brexit”in Yunanıstan versiyası gözlənilirmi?
– Uzun müddət davam edən tənəzzüldən sonra Yunanıstan iqtisadiyyatı ixrac və turizm sayəsində dirçəlir. Ötən il Yunanıstana 30 milyon adam səyahət edib. 2017-ci ildə ÜDM-in müsbət artım tempinə nail olmuşuq, 2018-ci il üçün daha yaxşı perspektivlər gözləyirik. Yunanıstanda işsizliyin səviyyəsi 2014-cü ildən 2017-ci ilə qədər 6 faizə enib və Yunanıstan hökuməti maliyyə hədəflərini aşaraq büdcə profisitinə nail olub. Bu makroiqtisadi, maliyyə nailiyyətləri “Brexit”in mümkünlüyünü tamamilə aradan qaldırır. Bunlar yunan hökumətinin 2018-ci ilin avqust ayına qədər maliyyə yardımı proqramını tərk etmək üçün göstərdiyi böyük səylərin nəticəsidir.
– Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Ötən il ölkələr arasında ticarət dövriyyəsi nə qədər təşkil edib? Əlaqələrin daha da inkişaf etməsi üçün hansı addımları atmaq mümkündür?
– 2017-ci il üçün ikitərəfli ticarət haqqında məlumatlar hələ də gözlənilir, hazır deyil. 2016-cı ilin ticarət dövriyyəsi isə xeyli az - 16 milyon dollar təşkil edərək, demək olar ki, tamamilə Yunanıstandan idxal olunan mallardan ibarət olub. (Azərbaycandan Yunanıstana neft ixracı demək olar ki, aradan qalxaraq yarım milyon ABŞ dolları təşkil edib.) Öz qaydalarına uyğun olaraq satılan, xüsusi bir əmtəə olan neft istisna olmaqla, hər iki ölkə daha az və ya daha çox, oxşar məhsullar istehsal edir. Buna görə, ticarət dövriyyəsini artırmaq asan deyil, lakin bu, Azərbaycan hökuməti ilə yaxın gələcəkdə ortaq işimizdir.
– Yunanıstan şirkətləri Azərbaycanın yeni neft və qaz yataqları ilə maraqlanırmı? Azərbaycan öz tərəfdaşları ilə TANAP-TAP layihəsini həyata keçirir. Yunanıstanın bu layihələrə dair gözləntiləri nədir?
– Yunanıstan şirkətləri bu günə qədər Azərbaycanın “upstream” sektoruna maraq göstərməyiblər, çünki onlar əsasən Yunanıstan ərazisində karbohidrogenlərin kəşf edilməsi və istismarına diqqət yetirirlər. Əlbəttə ki, TAP 2016-cı ildə infrastruktur başlayandan Yunanıstan üçün “inkişaf mühərriki”dir və ölkəmizin tarixində ən böyük xarici sərmayə yatırımıdır. Yunanıstan ərazisində layihənin 65 faizi artıq başa çatıb və Yunanıstan şirkətləri ilə müqavilələrin (məsələn, polad borular) birbaşa miqdarı təxminən 1 milyard ABŞ dolları təşkil edir. Bu, hələ son deyil, Yunanıstan-Türkiyə sərhədində TAP-ı TANAP ilə birləşdirmək iki ölkə arasında dostluq və əməkdaşlığın körpüsü olacaq.
– Keçən il rəsmi Afina Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyasının iclasına ev sahibliyi edib. Növbəti iclasın Bakıda keçiriləcəyi gözlənilir. Tarix bəllidirmi?
– Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyasının sonuncu iclası 2016-cı ildə Afinada keçirilib və çox uğurlu baş tutub. Növbəti iclas isə Bakıda keçirilməlidir və Azərbaycan tərəfindən təklifi gözləyirik.
– İki ölkə arasında bu il üçün yüksək səviyyəli rəsmi səfərlər gözlənilirmi? Hansı sahələrlə bağlı yeni sazişlər imzalanacaq?
– Yunanıstan Respublikasının enerji və ətraf mühit naziri, Nazirlər Kabinetinin rəhbəri Kotsonopoulos Loudovikos, Yunanıstan Respublikasının Enerji və Ətraf Mühit Nazirliyinin Enerji və Mineral Resurslar üzrə baş katibi Verriopoulos Michail fevralın 15-də Bakıda baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək. Bundan başqa, yunan millət vəkilləri VI Qlobal Bakı Forumu çərçivəsində Bakıya gələcəklər. Nazirlik səviyyəsində səfərlərin hazırlanması prosesi gedir. Bundan əlavə, təhsil, mədəniyyət, idman, Avropa İttifaqı çərçivəsində işlər üzrə ikitərəfli sazişlərin imzalanması, hərbi məsələlərdə, məhkəmə işində və daha çox ikitərəfli əməkdaşlıq üzrə danışıqlar davam edir.
– Bildiyiniz kimi, uzun illərdir Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yunanıstanın münaqişə ilə bağlı mövqeyi nədir?
– Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və müvafiq qətnamələrə əsasən sülh yolu ilə həllini dəstəkləyir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.