“Freedom House” “sözə baxmayan” dövlətlərə təsir alətidir

Bu əsrin ilk illərində Böyük Britaniyanın Özbəkistanda Kreyg Mörri adlı bir səfiri var idi. Fəaliyyətini yaxından izlədiyim diplomat idi. İnsan haqları, media azadlığı məsələlərində onun söylədikləri maraqlı idi.

Həmin səfir ölkəsinə sıx bağlı olan məşhur “Freedom House” haqqında deyirdi: “Freedom House” ABŞ və koalisiya qüvvələrinə tam dəstək verməsi səbəbindən geniş anlamda azadlıqları dəstəkləmək məsələsində tam qüsurlu davranır”. Bunun izahı o idi ki, “Freedom House” həmin dönəmdə Əfqanıstana yürüşü gerçəkləşdirən NATO (həm də ABŞ) silahlı qüvvələri Daşkəndin dəstəyinə ciddi ehtiyac duyduğu üçün Özbəkistanda insan haqları pozuntularına göz yumurdu. Bu qurum, özünün iddia etdiyi kimi, dünyada insan haqları və demokratiyanın dəstəkçisi deyil. Bu, mümkün də deyil. Çünki elə qurulduğu ilk gündən ABŞ dövlətinin “əl quzusu” olub, pulunu da bu günə qədər oradan alır.

Tarixə baxsaq görərik ki, “Freedom House” 1941-ci ildə qurulub. İlk fəxri rəhbəri ABŞ-ın o vaxtkı birinci xanımı Eleonor Ruzvelt olub. Bununla hər şey bəlli olmurmu? Yəni bu qurum, iddia etdiyi kimi, vətəndaş təşkilatı deyil, “dövlət QHT-si” anlamına uyğun gəlir. İndi kimsə çıxıb deyə bilər ki, aradan bu qədər zaman keçib, münasibətlər sistemi dəyişib. Elədir. Amma dəyişməyən bir şey qalmaqdadır: bu təşkilata həmişə ABŞ dövlət qurumlarında çox önəmli vəzifə tutmuş keçmiş vəzifəlilər başçılıq edirlər. Hələ idarə heyəti, bütün önəmli vəzifələri də məhz belə adamlara etibar edilir. Üstəlik, maliyyəsi də ABŞ dövlətindən gəlir. Təkcə 2016-cı ilin hesabatında “Freedom House”un maliyyəsinin 86 faizi ABŞ dövlətinin payına düşür.

Ümumiyyətlə, bu qurum haqqında aydın zəkalı insanların dəyərləndirməsi belədir: “Freedom House” xoşuna gəlməyən dövlətləri cəzalandırmaq, gözümçıxdıya salmaq, nəzarətə tabe etmək üçün ABŞ dövlətinin əlində bir zopa rolunu oynayır. Sübuta ehtiyacı olmayan dəyərləndirmədir. Günü sabah Azərbaycan dövləti sərhədlərini NATO, yaxud da elə birbaşa ABŞ hərbi qüvvələrinə açsa, “Freedom House” onu dünyanın ən demokratik dövləti elan edəcək. Yəni onların yanaşmasına görə, əl əli yuyar, əl də üzü. Yaxud da, sən mənim üçün, mən də sənin üçün.

Təbii ki, Azərbaycan belə bir alverə açıq ölkə deyil. Olması da mümkün deyil. Çünki Prezident İlham Əliyevin dediyi və göstərdiyi kimi, Azərbaycan təcavüzkar, ələbaxımlığa öyrəncəli Ermənistandan fərqli olaraq, ləyaqətli dövlətdir. Elə “Freedom House” kimi təşkilatların xoşuna gəlməyən də budur. “Freedom House” məhz buna görə Azərbaycanı gözümçıxdıya salmağa çalışır, hətta bunun üçün Ermənistandan istifadə edir, işğal altındakı Dağlıq Qarabağı da işə qatır. Necə? Çox sadə bir yolla. Hər yönüylə bərbad gündə olan, insan azadlıqlarının nəinki addımbaşı pozulduğu, hətta dinc nümayişlərdə vətəndaşlarını güllələyən Ermənistanı “yarımazad” elan etməklə. Bu azmış kimi, Dağlıq Qarabağdakı qondarma rejimi də eyni dərəcədə “yarımazad” kimi qələmə verməklə.

İndi gəl bunlara sual vermə ki, heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan Dağlıq Qarabağ rejimi necə yarımazad ola bilər? Büsbütün işğal altında olan torpağın yarımazad olmasını necə anlamaq olar? Təbii ki, bu sualların cavabları “Freedom House”un başbilənlərinə bizdən də yaxşı aydındır. Əlbəttə, Azərbaycan dövləti onların ölkəsinin hər istəyinə ləbbeyk demədiyinə görə belə edirlər.

2002-ci ildə Dakarda (Seneqal) bir tədbirdə iştirak edirdim. Orada “Freedom House”un Şərqi Avropaya məsul nümayəndəsi Karin Karlekarla tanış oldum. İşində yeni idi. Onda da Ermənistan yarımazad, Azərbaycan isə azad olmayan ölkə kimi dəyərləndirilirdi. Xanım Karlekara Ermənistandakı gerçək durum haqqında bilgi verib müqayisə apardım və soruşdum: necə olur ki, jurnalistləri parlamentdə terror törədən, media təmsilçilərinin maşınlarına qumbara atılan, həftə səkkiz mən doqquz qələm əhli döyülən bir ölkə yarımazad elan edilir? Azərbaycan kimi medianın fəaliyyətinə hər cür şəraitin yaradılmasına çalışan ölkə isə azad olmayan sayılır? Bu söhbətin sonucu o oldu ki, 2003-cü ildə dərc edilmiş 2002-ci ilin hesabatında Azərbaycan ilk və son dəfə yarımzad ölkə kimi göstərildi.

Fikrimi onunla yekunlaşdırmaq istərdim ki, “Freedom House” və ona bənzər təşkilatların hesabat və dəyərləndirmələri, iddia edildiyi kimi, obyektiv ölçülərə söykənmir. Belə qurumlar böyük dövlətlərin əlində “sözə baxmayan”, “ipə-sapa yatmayan” dövlətləri basqı altında saxlamaq üçün vasitədir. Bunlar həmişə öz gözlərində tiri görməyib, bizim kimilərin gözündə çöp axtarılar. Ona görə də onların dəyərləndirmələrinin mahiyyətini anlayıb, öz yolumuza davam etməliyik.

Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında