Azərbaycan strateji nəqliyyat mərkəzinə çevrilir

Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində ötən il bir sıra mühüm tədbirlər həyata keçirilib. İqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı söhbətində dedi:

– 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti qitələri birləşdirən nəqliyyat dəhlizidir. Bu strateji layihə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək.

BTQ-nin istifadəyə verilməsi fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı da mühüm önəm daşıyır. Bütün bunlar isə iqtisadi şaxələndirmə siyasətinin həyata keçirilməsilə, xüsusilə də indiki dövrdə neftdən asılılığın aradan qaldırılmasının prioritet olduğunu bir daha təsdiqləyir.

Vüqar Bayramovun sözlərinə görə, post-neft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması da göstərir ki,  beynəlxalq yük daşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, əlavə valyutaların daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artması kimi də xarakterizə edilməlidir.

İqtisadçı ekspert, eyni zamanda, vurğuladı ki, hazırda ölkəmiz bir sıra qlobal nəqliyyat layihələri həyata keçirir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir.

Vüqar Bayramov daha sonra dedi ki, 2016-cı ildə qeyri-neft sektorunda beynəlxalq yükdaşımaların həcmi 65 faiz artıb, ötən il isə artım tempini qoruyub saxlamaq daha asan olub. Bununla yanaşı, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsulları beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılacaq. Nəqliyyat dəhlizləri imkan verir ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında